İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölüm halları çox olan klinikalar bağlanacaq? - reaksiyalar

“Dünyanın elə bir klinikası yoxdur ki, orada ölüm halı baş verməsin, amma...”

Gürcüstanda ölüm göstəricisi 6%-dən yuxarı olan klinikalar dövlət maliyyəsindən məhrum ola bilər.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə “Sputnik- Gürcüstan” xəbər verib.

Bildirilir ki, müvafiq sənəd artıq Gürcüstan Milli Səhiyyə Agentliyi tərəfindən bir sıra tibb müəssisələrinə göndərilib. O da qeyd olunur ki, Gürcüstan Səhiyyə Nazirliyi hələlik bu məsələ ilə bağlı hər hansı açıqlama verməyib.

Bəs Azərbaycanın özəl tibb sahəsində vəziyyət necədir? Ölüm faktları neçə faiz təşkil edir? Eyni cəza üsulunun bizim ölkədə də tətbiqi mümkünmü, əgər nəzərə alsaq ki, ölüm halları Azərbaycanın özəl tibb ocaqlarında da vaxtaşırı qeydə alınır, xüsusən də plastik cərrahi əməliyyatların aparıldığı tibb müəssisələrində. Belə halların statistikası varmı?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin rəyini almağa çalışsaq da, qurumdan qısaca olaraq bildirildi ki, bu barədə yalnız Dövlət Statistika Komitəsi məlumat verə bilər.

Dövlət Statistika Komitəsinin isə saytında qeyd olunub ki, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda ölümün əmsalı 6,5 olub. Bu, hər 1000 nəfər əhaliyə 6,5 nəfər ölüm halının düşdüyü deməkdir. Ölümün əsas səbəbi isə ürək və qan-damar xəstəlikləri olub. Bu xəstəliklər ölümlə nəticələnən xəstəliklərin 54,4 faizini təşkil edir.

Azərbaycan səhiyyəsində ölüm faktlarının sayı həmçinin koronavirus pandemiyasından da təsirlənmişdir.  Bu günədək ölkədə koronavirusdan ölüm faktının sayı 10400-dür.

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb. Professor qeyd edib ki, əslində klinikalarda ölüm faktları nisbi göstəricidir: “Məsələn, pandemiya vaxtı ölüm göstəricisi çox yüksək idi və bu pandemiya, ağırlaşmalar və bundan qaynaqlanan problemlər idi. Bu baxımdan hesab edirəm ki, bu məsələ situasiya ilə bağlı olaraq dəyərləndirilməlidir.

Adil Qeybulla təcridxanada Bəxtiyar Hacıyevlə görüşdü

Adil Qeybulla

Əgər doğrudan da xəstəxananın, hansısa tibbi səhlənkarlıqların, səhvlərin, bu kimi digər məsələlər ucbatından ölüm halı 6 faizdən yuxarıdırsa, yəni bu faktlar peşəkarlığa və təşkilatçılğa bağlıdırsa, bəli, bununla bağlı xəstəxana haqqında ölçü götürülə, məsələyə yenidən baxıla, hansısa cəza tədbiri görülə bilər. Bütün bunlar araşdırılmalıdır, yoxsa düzgün və ədalətli olmaz. Çünki xəstəxanaya eyni anda situasiya ilə, o cümlədən zəhərlənmə, yaralanma halları ilə xəstələr daxil ola və ölüm halı 6 faizdən yuxarı qalxa bilər. Bu, obyektiv səbəblərdir. Yox, əgər subyektiv səbəblər, qeyd etdiyim kimi, həkim peşəkarlığı və xəstəxana təşkilatçılığı, digər peşə yarıtmazlığı ilə bağlı ölüm halları artıbsa, mütləq şəkildə xəstəxananın işinə yenidən baxılsın, dəyərlədirilsin".

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov isə qeyd edib: “Burada iki məsələ var. Birincisi, özəl klinikalara dövlət maliyyəsi nədən ibarətdir, ikincisi, faiz kriteriyası nəyə əsasən götürülüb? Əlbəttə ki, 6 faiz ölüm göstəricisi baxımından böyük rəqəmdir.

Zülfüqar Yusifov: “Koronavirus pandemiyası getdikcə aradan qalxacaq”

 Zülfüqar Yusifov

Bundan əlavə, özəl klinika dedikdə, bu, geniş bir məfhumdur. Çünki özəl klinikalar müxtəlif sahələr üzrə fəaliyyət göstərə bilir və ayrı-ayrı istiqamətlərin özündə baş verən ölüm riskləri və faizləri müxtəlif olur. Bu baxımdan bu məsələnin 6 faiz şəklində dəyərləndirilməsi doğru deyil.

Dünyanın elə bir klinikası yoxdur ki, orada ölüm halı baş verməsin. Hətta ən aparıcı klinikalarda belə ölüm halı olur. Bu da məlumdur ki, əksər insanlar kritik vəziyyətdə olanda xəstəxanalara müraciət edir və ölüm riski yaranır. 

Lakin həkim səhvinə, tibbi personalın səhlənkarlığına bağlı ölüm halları da olur ki, bunun da həm hüquqi, həm də tibbi baxımdan araşdırılması vacibdir. Azərbaycanda bununla məşğul olan qurumlar, o cümlədən məhkəmə-tibbi ekspertiza var. Bu cür ölüm halları araşdırılandan sonra həmin klinikalara müvafiq tənbeh və digər cəza tədbirləri görülməsi lazım gəlir.

Qeyd etdiyim kimi, bu, bizim ölkədə lazımi şəkildə həyata keçirilməkdədir.

O ki qaldı bu məsələyə görə maliyyə yardımının kəsilməsinə, hesab edirəm ki, bu, problemin həll olunması anlamına gəlmir və klinika öz işlərinə davam edə bilər. Bu baxımdan tibbi personalın protokollara uyğun çalışmasına, sanitar-gigiyenik qaydalara əməl olunmasına nəzarət edilməlidir. Hesab edirəm ki, bütün bunlar olarsa, ölüm halları minimum səviyyəyə endirilə bilər".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR