İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ölkəsi uğrunda döyüşən Zelenski Trampın cavabını verməli idi, əks təqdirdə... "

"Nəticəsi ürəkaçan olmasa belə, müharibə aparan, ölkəsi uğrunda döyüşən Zelenski Trampın cavabını verməli idi, əks təqdirdə, təkcə özünün yox, bütün Ukrayna xalqının mübarizəsinin üzərindən xətt çəkməli və diktə edilənlərlə razılaşmalı olacaqdı".

Musavat.com bildirir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib.

O, qeyd edib ki, ABŞ artıq ilkin addımlara start verib:

"Bəlkə də günün sonunda Ukrayna məğlub tərəf olacaq, ağrılı reallığı qəbul edəcək, amma mübarizə aparmaq seçimi varkən, Zelenski təslim olmadı və olmayacağını göstərdi.

ABŞ artıq ilkin addımlara start verib: Dövlət Departamenti Ukraynanın enerji infrastrukturunun bərpasına dəstəyi dayandırıb, bu, Rusiyanın hava hücumlarının önünü açır.

Ağ Evdən “qapının aralı saxlanıldığı”na dair də məlumatlar gəlir. “Röyters” Ağ Ev rəsmisinə istinadən yazır ki, “Tramp Ukrayna ilə faydalı qazıntılar sazişini imzalamaq imkanının qaldığını düşünür”. Və danışıqlarda Ukraynanı başqa nümayəndənin təmsil etməsi məsələsi də irəli sürülüb. Bu mümkün variantlardandır, çünki Zelenski Ağ Evdə Ukraynanın mövqeyinin nəzərə alınmasının vacibliyini praktiki şəkildə nümayiş etdirdi, Vaşinqton sazişin imzalanması üçün müəyyən qədər də olsa, bunu qəbul edə bilər. Lakin danışıqlarda Kiyevi fərqli şəxsin təmsil etməsi gözləntisi də aktualdır. Bu, Zelenskiyə mübahisədən sonra “geri çəkilmədiyini” göstərmək imkanı verir. Eyni zamanda, Tramp üçün də sərfəlidir: ABŞ prezidenti Ukraynanın mövqeyini nəzərə alarsa, Zelenski qarşısında "güzəştə getdiyini" arxa planda saxlamağa çalışacaq".

Asif Nərimanlının fikrincə, Tramp nəticə əldə etmək üçün təzyiqini davam etdirəcək:

"Lakin Zelenskinin təslim olmaması Ukraynanın mövqeyinin müəyyən qədər də olsa, qəbul edilməsinə dair optimist gözləntiləri də önə çıxarır".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR