İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkəmizə narkotiki onlayn necə gətirirlər - mübhəm iddia

İlham İsmayıl: “Narkotik maddələr skaner aparatları vasitəsilə aşkar edilir”

Son bir ildə hüquq-mühafizə orqanları narkotiklərə qarşı amansız bir mübarizə başlayıb. Hər gün bir neçə narkoticarətçi,  narkobandalar tutulur, İrandan gizli yollarla “ağ ölüm” gətirənlər ələ keçir.

Narkomaniya ölkəmizdə bir bəlaya çevrilib, bu danılmır. Ekspertlər bunun səbəbini həm coğrafi baxımdan tranzit ölkə olmağımızla, həm də sosial vəziyyətlə əlaqələndirirlər. Əksər ekspertlər cəzaların daha da sərtləşdirilməsini təklif edir.

Narkotiklərlə mübarizə zamanı ortaya maraqlı bir fakt da çıxır. Bəlli olur ki, Azərbaycana onlayn yolla da narkotik gətirənlər var.

Məsələn, iki gün öncə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərlərində qanunsuz odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib, silahlı narkokuryerlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, şöbəyə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Bərdə rayon sakinləri - Elvin Qaraşov və Rahib Babayev saxlanılıb. Rahib Babayevin üzərində olan sellofan torbaya baxış keçirilərkən 2 kiloqram 165 qram qurudulmuş marixuana, 1 kiloqrama yaxın tiryək, 325 qram heroin, 97 qram metamfetamin, 1000 ədəd psixotrop tərkibli həblər, eləcə də “Baretta” markalı tapança, həmin silaha məxsus sandıqça və 4 ədəd patron aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin narkotik vasitələri və odlu silahı “İnstagram” sosial şəbəkəsində tanış olduqları, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşından onlayn yolla aldıqları məlum olub. Belə ki, Elvin Qaraşova məxsus “Mercedes” markalı avtomobillə Bərdədən Göyçaya gələn tanışlar əvvəlcədən deyilən ərazidən narkotik vasitələri götürüb getmək istəyərkən polis əməkdaşları tərəfindən yaxalanıblar.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, Elvin Qaraşov və Rahib Babayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.

Maraqlıdır, onlayn yolla xaricdən Azərbaycana narkotik necə daşınır? Bunu hansı daşıma şirkəti edir? Yerli şirkətmi, yoxsa qlobal şəbəkələr? Və bu yüklər ölkəmizə girərkən nəzarətdən necə yayındırılır? Yoxlanılmırmı yüklər?

İlham İsmayıl koronavirusa yoluxdu — Xəstəxanadadır

İlham İsmayıl 

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a şərhində qeyd etdi ki, narkotik alverçiləri qəsdən diqqət yayındırmaq üçün belə ifadələr verirlər. O, bunu iz azdırmaq cəhdi kimi dəyərləndirib: “İstintaq zamanı da bəlli olacaq ki, bu yalandır. Hər hansı ölkənin nəzarətsiz mal qəbul etməsi mümkün deyil, ələlxüsus narkotik maddələr, kiçik və ya böyük həcmdə olmasında asılı olmayaraq skaner aparatları vasitəsilə aşkar edilir. Onlayn ticarətlə məşğul olan bütün şirkətlərin gətirdikləri mallar yoxlanılır. Hətta Azərbaycana gətirilmədən də onları yoxlayırlar. Ən azı iki ölkənin ərazisindən keçən malların tərkibində narkotik keçirmək mümkün deyil. Bütün prosesləri xarici şirkətlər həyata keçirir. Buna görə də hesab edirəm ki, saxlanılan şəxslərin ifadələrində yer alan açıqlamalar istintaqı yayındırmaq cəhdidir”.

 Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR