Onlayn ictimai-siyasi qəzet
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 902.9 milyon AZN xərclənib.
İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,3% artıb.
Qeyd edək ki, cari ilin təkcə aprel ayında sözügedən göstərici 231.8 mln. manat təşkil edib.
Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 13,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi avtomobil benzini və dizel yanacağının, 4,3 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,2 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
İqtisadçı Xalid Kərimli musavat.com-a açıqlamasında bildirdi ki, artım çox böyük deyil:
“0,3 əhəmiyyət artım hesab olunmur. Bu, demək olar ki, keçən illə eyni səviyyəli artımdır. 2024-cü ilin statistikasında içkilərə xərclənən pul 2023-cü ilə görə 4,4 faiz artıb. Ötən ilin 4 aylıq göstəricilərində də heç bir artım yox idi. Görünən odur ki, bu ilin ilk dörd ayında əhalinin içki istehlakında ciddi artım yoxdur. İlin ikinci yarısından etibarən içkilərə daha çox pul xərclənir. Bu, həm spirtli, həm də spirtsiz içkilərə aiddir. Artım fiziki istehlakdan daha çox, qiymət artımında hiss olunacaq çünki iqtisadiyyatın bütün sahələrində olduğu kimi, içki istehsalı ilə məşğul olan sahələrdə xərclərin artımı müşahidə olunur. İqtisadi aktivlik artdıqca qiymətlər də tədricən artacaq”.
Sosioloq Üzeyir Şəfiyev mövzunu mövzunu şərh edərkən qeyd etdi ki, Azərbaycanda həm içki içən, həm də siqaret çəkənlərin cavanlaşması gedir.
Özəlliklə də qadınlar arasında siqaret çəkənlərin sayında artım var. Eyni zamanda yeniyetmə və gənclər arasında siqaretdən istifadə halları çoxalıb. Bu, daha çox təqlid xarakteri daşıyır. Bəzən dostlar mühiti, yoldaşlar əhatəsi insanları bu mühitə sürükləyir. Azərbaycanda heç vaxt olmayan qədər qadınlar arasında, qızlar arasında həm spirtli içkilərdən istifadə halları, həm siqaret və digər tütün məmulatlarından istifadə halları çoxalıb. Bu, artıq hesab edirəm ki, bir S.O.S siqnalı çalmağa əsas verir. Bu gün şəhər mərkəzlərindəki kafelər və restoranlarda siqaret çəkən və qəlyan içən qadınların sayı artıb. Bu, cəmiyyətin əvvəlki ənənəvi dəyərləri ilə ziddiyyət təşkil edir, çünki Azərbaycanda ictimai qınaq və bu cür vərdişlərə qarşı ikrah var idi. Lakin indi serialların və xarici filmlərin təsiri ilə bu vərdişlər daha açıq şəkildə qəbul edilir. Qızlar və yeniyetmələr arasında alkoqol və siqaret istifadəsinin artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Tütün məmulatları və alkoqol istifadəsi, yalnız şəxsi sağlamlıq üçün deyil, həm də gələcək nəsillərin sağlamlığı üçün təhlükə yaradır.
Çünki bu vərdişlərin gələcəkdə uşaq sahibi olmağa təsir etdiyi və ana olma qabiliyyətini zəiflətdiyi məlumdur. Tütün və alkoqol istifadə edən qadınların dünyaya gətirdikləri övladlarda psixoloji və fizioloji problemlər müşahidə olunmaqdadır. Bu məsələlərlə bağlı sahə mütəxəssisləri, xüsusilə də uşaq və gənclər sahəsində çalışan tibb işçiləri ilə əməkdaşlıq edilməlidir. Sosial çarxlar və təbliğat vasitəsilə bu problemlər barədə geniş ictimaiyyətə məlumat verilməlidir. Əfsuslar olsun ki, indi bu tendensiya daha da kütləviləşir. Açıqlanmış şəkildə, qadınlar və qızlar artıq siqaret və spirtli içkilərdən istifadə edirlər və bu cür vərdişlər daha az sosial qınağa məruz qalır. Seriallar və filmlər, bu davranışları normallaşdırmaqda və onlara cəmiyyət tərəfindən daha çox qəbul edilməsinə səbəb olur”.
Nigar HƏSƏNLİ,
Musavat.com
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ