İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkəmizdə ət yeyənlər niyə azalıb - vegetarianlar artıb, yoxsa?

Ekspert bunun səbəblərini açıqladı

60 il ərzində - 1961-2021-ci illərdə dünyada adambaşına düşən gündəlik ət istehlakı təxminən 2 dəfə artıb. Yeniavaz.com xəbər verir ki, bu məlumat Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən açıqlanan hesabatda yer alıb.

Bildirilir ki, 1961-ci ildə dünyada adambaşına düşən gündəlik ət istehlakı 62,8 qram olub. 60 ildən sonra bu göstərici 117,4 qrama yüksəlib.

Azərbaycanda isə ət istehlakı aşağı düşüb. FAO-nun hesabatında qeyd olunur ki, 1961-ci ildə keçmiş SSRİ-də adambaşına düşən gündəlik ət istehlakı 108,5 qram olub. 2021-ci ildə Azərbaycanda adambaşına düşən gündəlik ət istehlakı 101,8 qrama düşüb.

Keçmiş SSRİ ölkələri arasında ət istehlakının ən çox azaldığı ölkə Tacikistan və Azərbaycan olub.

1961-2021-ci illərdə adambaşına düşən gündəlik ət istehlakı keçmiş SSRİ ölkələrində aşağıdakı kimi olub:

Onu da bildirək ki, FAO-nun son hesabatına görə, dünyada adambaşına düşən gündəlik ət istehlakının ən aşağı səviyyədə olduğu 5 ölkə bunlar olub:

- Konqo - 8,3 qram

- Brundi - 9,6 qram

- Banqladeş - 11,8 qram

- Madaqasqar - 14,7 qram

- Hindistan - 15,6 qram.

Adambaşına düşən gündəlik ət istehlakının ən yuxarı səviyyədə olduğu 5 ölkə isə bunlar olub:

- Honq Konq - 402,4 qram

- ABŞ - 347,5 qram

- Nauru - 344,3 qram

- Monqolustan - 316,6 qram

- Argentina - 316,4 qram

Bundan başqa, Avropa Birliyində adambaşına düşən gündəlik ət istehlakı 219,6 qram təşkil edir. 60 il əvvəl Avropa Birliyində adambaşına düşən gündəlik ət istehlakı 134 qram olub. Avropa Birliyi ölkələri arasında ən çox ət istehlak edən ölkə isə İspaniya hesab olunur. İspaniyada adambaşına düşən gündəlik ət istehlakı 274,9 qram olub.

Bəs Azərbaycanda  ət yeyənlər niyə azalıb - vegeterianlar artıb, yoxsa?

Öncə onu qeyd edək ki, bir çox məşhur ekspertlər və yaxud tanınmışlar çox ət qəbul etməyin sağlamlığa zərərli olduğunu bildirir, hətta mümkün qədər qəbul olunmamasını tövsiyə edir. Məsələn, bir müddət bundan əvvəl dünya şöhrətli alim, kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər Bakıda olduğu zaman həddindən artıq yemək və çox ət qəbul etməyin sağlamlığa zərərli olduğunu demişdi. Onun bu fikri ilə razılaşanlar da, razılaşmayanlar da oldu. Bəzi qida ekspertləri isə qeyd edir ki, ət insan orqanizmi üçün çox önəmli qidadır, yeyilməsi vacibdir. Onların fikrincə, keyfiyyətli ət istifadə etməyən insanların əksəriyyəti qan azlığından əziyyət çəkir. Ətin tərkibində olan dəmir maddəsi qan azlığının qarşısını alır. Ona görə istifadə etmək lazımdır. Ancaq miqdarından artıq qəbul ediləcəksə, bu zaman daha çox zülal qəbul edildiyinə görə böyrəklərdə problemə gətirib çıxara bilər.

Ləman Süleymanova: "Arıqladıcı kokteyldən 15 yaşlı qız dünyasını dəyişib" -  MÜSAHİBƏ - 14.01.2018, Sputnik Azərbaycan

Ləman Süleymanova

Mövzu ilə bağlı həkim-dietoloq Ləman Süleymanova “Yeni Müsavat”a danışıb: “Hər qida məhsulunun fəslə görə orqanizmdə mənimsənilməsi prosesi gedir. Çünki orqanizmin qidalara tələbatı fəslə görə dəyişir, fərdi olur. Eləcə də ət məhsulları müxtəlif fəsillərdə orqanizm tərəfindən müxtəlif cür mənimsənilir. Ümumiyyətlə, ət məhsullarının özü müxtəlif olur - ağır ət məhsulları, bura daxildir əsasən dana, quzu əti və daha rahat həzm olunan ət məhsulları, bura daxildir balıq, dəniz məhsulları və quş ətləri, xüsusən də toyuq əti. Hər bir ət məhsullarının da özünə məxsus böyük faydası var.

Adətən ağır ət məhsulları payız-qış, yəni soyuq aylarda orqanizm tərəfindən daha rahat mənimsənilir. Çünki bu dövrdə immunitetin artmasına, ətraf mühitdə olan infeksiyalardan qorunmaq üçün orqanizmin proteinə çox böyük ehtiyacı yaranır. Ət isə enerji, protein mənbəyidir. Həmçinin orqanizmdə qan əməl gəlməsində, sinir sisteminin fəaliyyətinin möhkəmlənməsində ağır ət məhsulu böyük rol oynayır.

Ağır ət məhsullarının tərkibində çox mühüm, önəmli zülallar, o cümlədən ətə qırmızı rəng verən nitrad və nitridlər var. Bu zülallar insan əzələsində gedən fizioloji prosesləri sürətləndirir. Dəmir ən çox qırmızı ətdən mənimsənilir".

Həkim-dietoloq ət məhsullarından imtinanın fəsadlarından da danışıb: “Vegetarianların müxtəlif növləri var - ümumiyyətlə ətdən imtina edənlər və proteinlər, o cümlədən süd, yumurta yeyənlər. Süd və yumurta qəbul edənlərdə o qədər də fəsadlar olmur. Amma ümumiyyətlə, ət və buna bənzər məhsullardan imtina sonradan anemiya, qan azlığı xəstəlikləri yaradır. Bəzən görürsən ki, əvvəllər yüksək vəzifədə olanlar və yaxud böyük iş adamları sonradan vegetarian olub, ət məhsullarından imtina edib, nəticədə onlarda həyat keyfiyyəti aşağı düşüb, fəaliyyəti əvvəlki kimi deyil və sairə”.

Ləman Süleymanova son vaxtlar Azərbaycanda ət yeyənlərin sayının azalmasını bu cür əsaslandırıb:  “Son dövrlərdə ölkəmizdə ürək-damar, şəkər xəstəliklərindən əziyyət çəkən insanların sayı xeyli artıb. Çox təəssüf ki, bu xəstəlikləri yaşı da gəncləşib. Məsələn, əgər əvvəllər ürək-damar xəstəlikləri 35  yaşdan sonra müşahidə olunurdusa, indi artıq 28-30 yaşdan sonra başlayır. Bəzən görürük ki, 35 yaşlı gənc insanın ürəyinə  stend qoyulub. Bunların hamısı düzgün qidalanmamanın nəticəsidir.

Ət məhsulları insan orqanizmi üçün nə qədər zəruridirsə, ondan çox qəbul etmək bir o qədər zərərlidir.  Məlum olduğu kimi, yağlı ətlərin tərkibində  doymuş yağ və xolesterin çoxdur, ona görə də ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara bu cür ət pis təsir edə bilər. Yağlı ətdən çox istifadə edənlərin qanında xolesterin artır, qan  təzyiqi yüksəlir, qara ciyərdə piylənmə başlayır, mədəaltı vəzin fəaliyyətinə mənfi təsir edir, insulin çoxalır. Genetik olaraq ürək-damar xəstəliklərinə meylli olan insanlar ağır ət məhsullarından uzaqlaşmalıdır. İlk növbədə qoyun ətindən imtina edilməli, ara-sıra dana ətindən istifadə olunmalıdır.

Doğrudur, dana ətinin o qədər zərəri olmur, lakin dana əti də ağır ət növünə aiddir. Biz mütəxəssislər ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara daha çox dəniz və quş məhsullarından istifadə etməyi tövsiyə edirik.  Beləliklə, həkimlər ürək-damar, şəkər xəstəliyindən əziyyət çəkən insanlara ağır ət məhsullarından istifadəni dayandırmağı tövsiyə edir, bunun da nəticəsində dana, quzu ətlərindən istifadə edənlərin sayı azalır.  Bir mütəxəssis kimi tövsiyə edirəm ki, heç vaxt rasionunuzdan ət məhsullarını çıxartmayın, sadəcə, ağır ətlərdən uzun müddət istifadə etməyin. Çalışın, orqanizm tərəfində rahat həzm olunan qidalara daha çox üstünlük  verilsin. Həmçinin axşam saatlarında ağır ət məhsullarından istifadə məsləhət deyil. Həftədə 1-2 dəfə günorta saatlarında ağır ətlərdən istifadə etmək olar. Digər günlərdə isə daha rahat ətlərə üstünlük vermək məsləhətdir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR