Onlayn ictimai-siyasi qəzet
Avqustun 23-də Azərbaycanın dövlət başçısı İlham Əliyev Özbəkistanda rəsmi səfərdə olduğu vaxtda Daşkənddə keçirilən beynəlxalq konfransda iştirak edən əməkdaşımız xəbər verir ki, ali qonağa iltifatlı münasibət ali dərəcədə olub.
Əməkdaşımız bildirir ki, həmin gün şəhərin bütün küçə və prospektləri Özbəkistanın və Azərbaycanın milli bayraqları ilə bəzədilib, prospektlərdə elektron tablolara Şavkat Mirziyoyevlə İlham Əliyevin qoşa şəkilləri yerləşdirilib. “Ölkədə, demək olar ki, hər kəsin bu səfərdən xəbəri vardı və Azərbaycan rəhbərinin Özbəkistanda olması günün əsas hadisəsiydi. Bütün media qurumları – telekanallar, xəbər agentlikləri, saytlar və qəzetlər bu səfəri baş xəbər kimi verirdilər”, - əməkdaşımız xəbər verir.
Onun sözlərinə görə, hətta ən adi adamlar da onunla ünsiyyət zamanı Azərbaycan-Özbəkistan dostluğundan, bu münasibətlərin perspektivindən danışıblar.
Dövlət başçısı da səfərdə olduğu zaman öz növbəsində Özbəkistan-Azərbaycan dostluğundan danışıb və bildirib ki, bu, etibarlı münasibətlərin göstəricisidir. Bu, dostluğun, müttəfiqliyin göstəricilərindən biri də İlham Əliyevin son iki ildə Özbəkistanda beş dəfə səfərdə olmasıdır.
Dövlət başçısı iki ölkə arasında imzalanan müttəfiqlik münasibətləri haqqında müqavilənin iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəd olduğunu qeyd edib və deyib ki, bu sənədi imzalamaqla iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. “Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”.
Bunun əsas zəminlərindən biri Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada lider dövlətlər olmasıdır. Prezidentin sözlərinə görə, güclərin birləşdirilməsinin nəticəsində bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır.
İlham Əliyev özbək xalqının həmişə - istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi zamanı və sonra xalqımıza qardaş dəstəyi verdiyini qeyd edərək deyib ki, Şavkat Mirziyoyevin təşəbbüsü ilə işğaldan azad olunmuş ərazilərin bərpasında kömək edən ilk ölkə Özbəkistan olub. “Bir il əvvəl, avqustun 23-də biz Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbin açılışı oldu”.
Artıq irəliyə baxmağın, bundan sonrakı inkişafa, yardımlaşmağa diqqət yetirməyin vaxtıdır. Azərbaycan Prezidenti bu məsələyə dair bildirib ki, Daşkənddə keçirilən biznes-forum layihələrlə çox zəngin olub, 20 istiqamət üzrə irəli sürülmüş yeni təşəbbüslər əməkdaşlıq əlaqələrini daha da zəngin edəcək.
Prezident deyib ki, biznes strukturları siyasi konyunkturaya çox həssas reaksiya verirlər. “İndi Özbəkistanla Azərbaycan arasında mövcud olan ən yaxşı siyasi konyunktura heç bir yerdə mövcud deyil. Ona görə də bu, iş adamlarımızı birlikdə işləməyə və o cümlədən, birgə investisiya qoymağa sövq edən ən vacib amillərdən biridir”.
Gerçəkdən də heç bir biznesmen öz ölkəsi ilə arası pozulmuş və ya pozulmaqda olan ölkəyə nəinki investisiya qoymaz, hətta biznesini o ölkədən çıxarmaq istəyər. Azərbaycan və Özbəkistan arasındakı münasibətlər, eləcə də hər ikisi yeni seçilmiş prezidentlərin - Şavkat Mirziyoyevlə İlham Əliyevin şəxsi dostluğu o səviyyədədir ki, bu, iki ölkənin biznesmenləri üçün eyni səviyyədə etibarlı uğur zəmanəti ola bilər.
Prezidentin şəxsən “özbək investorları üçün Azərbaycanda işləmək, sərmayə qoymaq da əlverişli və faydalı olacaq” deməsi artıq uğurun yarısı deməkdir.
İnvestisiya proqramları üçün əlverişli sahələr mövcuddur. Bunlar sənaye (ağır, avtomobil, yüngül), kənd təsərrüfatı (pambıqçılıq, ipəkçilik, bağçılıq), turizm və mehmanxana biznesidir.
Bu baxımdan avqustun 23-də Daşkənddə prezidentlərin imzaladığı Azərbaycan-Özbəkistan sənədləri çox mühümdür və onlara müttəfiqlik münasibətləri haqqında müqavilə, 2024-2026-cı illər üzrə turizm sahəsində fəaliyyət planı, 2024-2026-cı illər üçün mədəni-humanitar əməkdaşlıq üzrə yol xəritəsi, məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlıq haqqında protokol, peşə təhsili, orta ixtisas, ali təhsil və elm sahəsində əməkdaşlıq haqqında protokol, 2024-2026-cı illər üzrə əməkdaşlıq proqramı, hüquqşünasların ixtisasının artırılmasına üzrə əməkdaşlıq haqqında protokol, məhkəmə ekspertizası üzrə əməkdaşlıq haqqında protokol, milli qvardiyalar arasında əməkdaşlıq haqqında saziş, hər iki ölkədə müvəqqəti işləyən əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında saziş, ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024-2025-ci illər üçün praktiki fəaliyyət planı və bir çox sənədlər imzalanıb.
Bu, Özbəkistan və Azərbaycanın müttəfiqliyinə və gələcək əməkdaşlığına dair nikbinlik yaradır.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ