İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə sürətlə artan maşınlar -dünyada və bizdə statistika

Azərbaycanda maşın əhali nisbətinə görə çox deyil; dərs və iş saatları müxtəlif olarsa, sıxlığa ciddi təsir edər

Azərbaycanda rəsmi qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 1 milyon 864 minə çatır. Yola saldığımız ildə avtomobilləşmə son 10 ilin rekordlarını təzələyib. İl ərzində ölkəyə gətirilən nəqliyyat vasitələrinin sayı 100 min civarındadır. 

Bunun da 80 faizə yaxını minik avtomobilidir. İndiyədək cəmi 1600 nəqliyyat vasitəsi çıxdaş edilərək istismardan çıxarılıb. Bunu nəqliyyat eksperti Elməddin Muradlı bildirib. O qeyd edib ki, qeydiyyatda olan nəqliyyat vasitələrinin təxminən 70 faizi texniki baxışdan keçirsə, deməli, 30 faizi ya istismara yararsız halda haradasa çürüyür, ya da müəyyən bir hissəsi qarajlarda-salonlardadır. Bu o deməkdir ki, 1 milyondan çox nəqliyyat vasitəsi faktiki istismar olunur. Onların da 700 mini Bakıdadırsa bu halda vəziyyət yaxşı deyil.

Azərbaycana axır vaxtlar daha çox hansı avtomobillər sürətlə gətirilir? Elektromobillərin sayında artım ciddi müşahidə olunur. Bəs dünyada nəqliyyat statistikası necədir? Hər 10 nəfərə neçə maşın düşür? Bizdə maşın həqiqətənmi çoxdur, yoxsa problem yol infrastrukturundadır?

Ötən ilin yanvar-dekabr aylarında Azərbaycana 386 milyon 295 min dollar dəyərində 14 min 98 ədəd hibrid avtomobil idxal olunub.

2022-ci ilin eyni dövrü ilə müqayisədə minik avtomobilləri dəyər ifadəsi ilə 230 milyon 907 min dollar və ya 2,5 dəfə artıb. Bir ədəd hibrid avtomobilin orta hesabla idxal qiyməti 2023-cü ilin sonunda milli valyuta ilə təxminən 46 581 manat, 2022-ci ilin sonunda isə 23 296 manat olub.

Rəqəmlər son bir ildə hibrid avtomobillərin 23 285 manat bahalaşdığını göstərir. 

2024-cü ildə dünyada “Tesla Model Y” elektrik krossoveri ən populyar avtomobil olub. Amerikalı iş adamı İlon Maskın brendi 162 ölkədə modelin 581 min nüsxəsini satıb ki, bu da “Tesla Model Y”nin ilk dəfə bestseller olduğu keçən illə müqayisədə, demək olar ki, 2% çoxdur. Reytinqdə ikinci yeri 544 min ədəd göstərici ilə “Toyota Corolla” tutub (+5,7%). Üçüncü yerdə “Toyota RAV4" (498 min ədəd, +23,2%) qərarlaşıb. Reytinqdə növbəti yerlər ”Ford F-Series" (411 min ədəd) və “KIA K5" (373 min ədəd) tutub. Sonrakı yerdə ”Honda CR-V" (362 min ədəd), yeddinci yerdə “Chevrolet Silverado” (328 min ədəd), 8-ci yerdə isə “Hyundai Tucson” (296 min ədəd) qərarlaşıb.

Azərbaycanda dünyada tələbat olan markalara böyük maraq olsa da, daha ucuz, Çin istehsalı olan elektrikli maşınlar alınır. Hökumət Azərbaycanda elektrikli avtomobillərin satışını stimullaşdırmaq üçün enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddətini uzadıb. Bu, Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha 2 il müddətinə uzadılacaq. İndiyədək elektrik enerji doldurucularının idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3  il müddətinə ƏDV-dən azad edilmişdi. 

Vüqar Bayramov — Vikipediya

Vüqar Bayramov

Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, yeni dəyişikliyə əsasən, 2027-ci il yanvarın 1-dək enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən azad olması nəzərdə tutulur: “Yeni dəyişikliyin elektrikli avtomobil sahibləri üçün vacib olan enerji doldurucularının sayının artmasına səbəb olacağı gözlənilir. Belə ki, hazırda elektrik avtomobillərinin sayının sürətlə artması enerji doldurucularına tələbi yüksəldib. Bu kontekstdən yeni qaydalar, sahibkarlar tərəfindən elektrik enerji doldurucularının idxalına və satışına marağı daha da artıracaq”.

“Güzəştin əvvəlki illərdə də qüvvədə olmasına baxmayaraq, elektrik avtomobillərinə tələbin 2024-cü ildən sürətlə artması müşahidə olunur. Gözlənilir ki, güzəşt müddətinin uzadılması ölkəyə idxal edilən elektrik avtomobillərinin də sayını artıracaq. Bu isə avtomobil bazarının bu seqmetində canlanmaya səbəb ola bilər” - deputat əlavə edib.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının bu ilin iyununda keçirilən iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib. Şuranın məlumatına əsasən, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib:

“Qiymət dəyişikliyi enerji təhlükəsizliyinin dayanıqlılığını təmin etməklə yanaşı, yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz (CNG) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. Statistikaya əsasən, son illərdə Azərbaycana avtomobil idxalında elektrik mühərrikli avtomobillərin sayı artır. Əksər ölkələrdə artıq Aİ-92 markalı benzin istehsal olunmur və satılmır, dizelin daha yüksək ekoloji zərərinə görə istehlakının azaldılması məqsədilə qiyməti bahalaşdırılır. Dünya səviyyəsində böyük istehsalçıların elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçidi sürətlə davam edir. Dayanıqlı inkişafı hədəf götürmüş Azərbaycanda nəqliyyatın strukturu bu istiqamətə uyğunlaşdırılır. Aidiyyəti beynəlxalq qurumlar və ictimaiyyət tərəfindən ekoloji mühitin qorunması, nəqliyyat emissiyalarının azaldılması və daha təmiz nəqliyyat növlərinin təşviqi ilə bağlı çağırışlar artır”.

Faiq Mütəllimov: Ekoloji fəlakətlə üzləşməmək üçün ətraf mühitin hər bir  komponentinin qorunmasına diqqət yetirməliyik - AZƏRTAC

Faiq Mütəllimov 

Bundan öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib ki, iqlim dəyişikliyi ilə mübarizə tədbirlərindən biri də ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istifadəsinin artırılmasıdır:

“Hazırda dünyada elektrik avtomobillərə keçid prosesi sürətlə gedir. Azərbaycanda da bir neçə ildir ki, mərhələlərlə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması istiqamətində tədbirlər görülür, elektrik və hibrid mühərrikli avtomobillərə, eyni zamanda, onlar üçün enerji doldurucularına vergi və gömrük sahəsində güzəştlər tətbiq olunur. Bu stimullaşdırıcı tədbirlər nəticəsində ölkəyə idxal olunan elektromobillərin sayı ildən-ilə artmaqdadır”.

İnsanların həyat və sağlamlığının və ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi keçən ildən məhdudlaşdırılıb.

Onu da qeyd edək ki, dünya ölkələri ilə müqayisədə əhali sayına görə Azərbaycanda maşınlar çox sayılmır. Orta hesabla təxminən 7 adama bir maşın düşür. Avropa ölkələrində isə bu nisbət ortalama 3 adama bir avtomobildir. Azərbaycanda yol infrastrukturu zəifdir və hərəkətin tənzimlənməsi üsulları mütərəqqi, effektiv deyil. Məsələn, illərdir təklif edilir ki, məktəblərdə, iş yerlərində dərs və iş saatlarının vaxtı müxtəlif olsun. Məsələn, məktəblərin yarısında dərs, dövlət və özəl müəssisələrdə, böyük ticarət mərkəzlərində iş saat 8, 8:30-da, digərlərində 9-da, 9:30-da başlasın. Bu zaman nəqliyyat sıxlığı əhəmiyyətli şəkildə azala bilər.  

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR