Onlayn ictimai-siyasi qəzet
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, 2023-cü il 1 iyul traixinə ölkədə 1 milyon 96 min nəfər pensiyaçı qeydiyyatda olub. Yəni ölkə əhalisinin 10.8 faizi pensiyaçılardır. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Ötən ilin iyulun 1-i ilə müqayisədə qeydiyyatda olan pensiyaçıların sayı isə 5,4 faiz azalıb. Yəni ötən ilin iyul ayında Azərbaycanda pensiya alanların sayı daha çox idi.
Bəzi ekspertlərin fikrincə pensiyaçıların sayının azalmasının əsas səbəblərindən biri əlilliyə görə pensiya alanların sayında qeydə alınan iki rəqəmli düşüşdür. Belə ki, əlilliyə görə pensiya alanların sayı 16,4 faiz azalıb. Buna səbəb əlilliyin yenidən qiymətləndirilməsi zamanı imtinaların sayının əvvəlki dövrlərlə müqayisədə artması və meyarların dəyişdirilməsidir. Bu kateqoriya üzrə azalmaların ümumi pensiyaçıların sayına birbaşa təsir göstərdiyi bildirilir.
Bəs pensiyaçıların sayı niyə azalıb?
Natiq Cəfərli
İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, pensiya təqaüdü alanların sayının azalmasının bir neçə səbəbi var:
“Əsas səbəblərdən biri həqiqətən də əlilliyin təyinatı ilə bağlı yeni qaydaların təsdiqi ilə bağlıdır. Belə ki, əvvəl 1-ci, 2-ci, 3-cü qrup əlillik dərəcəsi var idisə, indi iş qabiliyyətinin hansı faiz nisbəti ilə itirilməsinə görə əlliliyin təyin edilməsi prosesinə başladılıb. Bu da həm müəyyən problemlər yaratdı, həm də bu cür şəxslərin sayının azalmasına səbəb oldu ki, bu da ümumi təqaüd alanların sayına təsir göstərdi.
Burada haqlı olaraq qeyri-qanuni yollarla təqaüd alanların təqaüdü də ləğv olundu. Amma bəzi narazılıqlar yaşandı, necə deyərlər, “qurunun oduna yaş da yandı”. Beləliklə, bu sahədə bu günə qədər də bəzi narazılıqlar var, bəzi insanlar qanunsuz olaraq təqaüddən məhrum olunublar və bununla bağlı araşdırmalar aparılmalıdır".
İqtisadçı qeyd edib ki, pensiyaçıların sayının azalmasına təsir göstərən digər amil son illərdə yaşanan koronavirus və digər problemlər olub: “Belə ki, 2021-22-ci illərdə xeyli sayda yaşlı insan bu problemlərdən həyatını itirdi. Bu tip amillər cəmləşəndə rəsmi statistikada pensiya təqaüdü alanların sayının azalmasına şahid oluruq”.
Vüqar Bayramov
İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, pensiyaçıların sayının azalmasının əsas səbəblərindən biri əlilliyə görə pensiya alanların sayında qeydə alınan iki rəqəmli düşüşdür: “Belə ki, əlilliyə görə pensiya alanların sayı 16,4 faiz azalıb. Buna səbəb əlilliyin yenidən qiymətləndirilməsi zamanı imtinaların sayının əvvəlki dövrlərlə müqayisədə artması və meyarların dəyişdirilməsidir. Bu kateqoriya üzrə azalmalar ümumi pensiyaçıların sayına birbaşa təsir göstərmişdir. Digər tərəfdən, ailə başçısını itirməyə görə pensiya alanların sayında da azalma qeydə alınıb: 9,7 faiz.
Bütün bunlarla yanaşı, DSMF-nin məlumatına görə, həmin dövrdə yaşa görə pensiya alanların sayı isə 0,4 faiz artıb. Bu, yaşa görə pensiya alanların sayında kiçik də olsa artımın qeydə alınması anlamına gəlir. Orta pensiya məbləği ötən ilin uyğun dövrü ilə müqayisədə 18,2 faiz artaraq 435,0 manat olub. Əmək pensiyasının minimum məbləği isə 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən edilib".
Millət vəkili hökumətə bir sıra təkliflər verdiklərini bildirib: “Qeyd edək ki, pensiya islahatları çərçivəsində pensiya kapitalından daha səmərəli istifadə, minimum kapital yığımı ilə yanaşı orta həddin müəyyənləşdirilərək kaptialın həcmindən asılı olaraq daha erkən pensiyaya çıxmaq hüququnun verilməsi, pensiya kapitalının bir hissəsinin vərəsəyə transfer olunması hallarının müəyyənləşdirilməsi, qadın pensiyaçıların pensiya kapitalının xüsusi əmsala vurularaq artırılması kimi təkliflərimizi təqdim etmişik”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ