İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə milyonlarla insanı narahat edən mülk problemi - yeni təcrübə

Gürcüstan əmlak amnistiyasına gedir, 1 milyon ev sənədləşəcək; Azərbaycanda da sərəncam və müvafiq komissiya var, məsələnin real həlli isə...

Gürcüstan hökuməti qanunsuz tikililər problemini birdəfəlik həll etmək qərarına gəlib. Belə ki, hökumət Gürcüstanda “tikinti amnistiyası” elan edəcək. Gürcüstan hökumətinin mətbuat xidmətinin yaydığı açıqlamaya görə, baş nazir İrakli Qaribaşvili amnistiyanın hazırlanması barədə göstəriş verib.

İlkin məlumatlara görə, amnistiya şəhərlərdə və kənd yerlərində əvvəlki illərdə tikilmiş bir milyona qədər evə şamil edilə bilər: “Gələcəkdə (2024-cü il yanvarın 1-dən) qeyri-qanuni ev tikintisi praktikasına son qoyulacaq. Digər tərəfdən, kənd yerlərində və ya şəhərlərdə tikinti sənədləri verilməyən fərdi yaşayış evləri olan vətəndaşlardan bundan sonra mürəkkəb və bahalı leqallaşdırma prosedurundan keçmək tələb olunmayacaq”.

Qeyd edək ki, 2022-ci ildə Gürcüstanda sənədləri olmadığına görə istismara qəbul olunmayan yaşayış binalarına münasibətdə amnistiya elan edilib. Tiflis başda olmaqla, ölkənin bütün şəhər və bölgələrində 2022-ci ilin yanvarına qədər tikilmiş və artıq məskunlaşmış olan bütün tikintilərə müvafiq reyestr sənədi verilib. İndi isə eyni qayda fərdi evlərə münasibətdə tətbiq olunacaq.

Gürcüstanın daşınmaz əmlak sektorunda fəaliyyət göstərən “Aztürk Real Estate Consulting” Şirkətinin təsisçisi Arif  Lalayevin “Yeni Müsavat”a dediyinə görə, Gürcüstanda sənədsiz evlər uzun müddətdir davam edən problemdir: “Həmin evlər inkişaf planına uyğun tikilməyib və ya lazımi icazələri almayıb. Məsələn, evlər var ki, zonalaşdırma planına uyğun tikilməyib. Bu evlər rayonlaşdırma planında nəzərdə tutulmuş təyinatlı istifadəyə uyğun tikilmir.  Məsələn, torpaqda yaşayış icazəsi verilirsə, lakin ev ofis kimi istifadə olunursa, bu, evin tikinti planına uyğun tikilməməsi deməkdir.

Tələb olunan icazələri almayan evlər: bu evlər tikilməzdən əvvəl tələb olunan icazələri almayıb.  Məsələn, ev tikmək üçün bələdiyyədən icazə tələb olunursa, lakin ev icazəsiz tikilibsə, bu o deməkdir ki, ev lazımi icazələri almayıb. Bundan əlavə, qaz, işıq, su, dəmir yolu və avtomobil yollarının mühafizə zonasında çox vaxt sənədsiz evlər tikilir. Bu, ev sahiblərinin təhlükəsizlik və sağlamlıq riskləri ilə üzləşməsinə səbəb ola bilər".

A.Lalayevin sözlərinə görə, 1 milyon ev Gürcüstandakı mənzillərin ümumi sayının yarısına bərabərdir: “Bu rəqəmin nə qədər real olduğunu demək mümkün deyil. Amma hökumət belə rəqəm açıqlayırsa, demək ki, hansısa hesablamalar aparılıb. Bir neçə il əvvəl yaşayış binaları ilə bağlı amnistiya elan olundu, sənədsiz binaların çoxu sənədləşdirildi. İndiki amnistiyanın sənədsiz fərdi evlərin nə qədərini əhatə edəcəyini dəqiq söyləmək olmaz. Çünki detallar tam açıqlanmayıb. Bir o məlumdur ki, 2023-cü ilin yanvarına qədər tikilən evlərə şamil olunacaq. Lakin mən hesab edirəm ki, amnistiyanın 1 milyon evin hamısını əhatə etməsi qeyri-realdır.  Çünki zona planına uyğun tikilməyən və ya mühafizə zolağında tikilən mənzillərin əmlak amnistiyasına məruz qalmayacağı aydındır”.

Şirkət rəhbərinin dediyinə görə, Gürcüstanda evləri sənədləşdirmək çox asan və rahat bir prosesdir: “Əmlakı öz adına keçirmək, yaxud ilkin qeydiyyatını aparmaq çox qısa müddətə və asan yolla mümkündür. Burada bu sahədə çox şəffaf bir mexanizm qurulub”.

Qeyd edək ki, Azərbaycan da uzun illərdir sürətlə çoxalan sənədsiz evlər problemi yaşayır. Bu problem müstəqillik dövründə həmişə aktual olaraq qalıb, çünki həllini tapmayıb. Sovet dövründən torpaqların  və fərdi evlərin sənədləşməsi sahəsində mövcud olan çətinliklər müstəqillik dövründə daha da dərinləşərək, böyük problemə çevrilib. Xüsusilə  Bakı və Abşeron yarımadasında uzun illərdir nizamsız şəkildə tikilən yüz minlərlə fərdi ev hazırda heç bir qeydiyyatı olmadan qalır. Hər il belə evlərin sayında 10 minlərlə artım qeydə alınsa da, hökumət son 15 ilə yaxın dövrdə nə qanunsuz tikintilərin qarısını ala bilib, nə də sənədsiz evləri sənədləşdirə. 2011-ci ildən bəri Prezidentin belə evlərin sənədləşdirilməsi prosesini asanlaşdırmağa xidmət edən bir neçə fərman və sərəncamı olsa da, onların icrası sahəsində ciddi fəallıq müşahidə olunmur.

Bəzi hesablamalara əsasən  hazırda təkcə Bakı və ətraf qəsəbələrdə sənədsiz evlərin sayı 450-600 min arasındadır. Bir neçə il əvvəl xüsusi komissiya tərəfindən qanunsuz, yəni icazəsiz tikilmiş evlərin inventarizasiyasının aparıldığı, tikintiyə icazə verilməyən ərazilərdə 400 min belə evin qeydə alındığına dair məlumatlar yayılıb. Bu evlərin  kənd təsərrüfatı təyinatlı, yaxud sənaye əhəmiyyətli, habelə mühüm kommunal, avtomobil və dəmiryol xətlərinin mühafizə zonalarında tikildiyi bildirilirdi. Bundan əlavə, bir sıra evlər bələdiyyələr tərəfindən dövlət mülkiyyətindəki torpaq sahələrinin qanunsuz satdığı ərazilərdə inşa olunub.  Başqa bir qrup evlər sovet dövründən Bakıətrafı kəndlərdə vətəndaşlara ayrılan, lakin müvafiq sənədləşmə aparılmayan ərazilərdə tikilib. Ümumilikdə, ekspertlərin qənaətinə görə, hazırda təkcə Bakı şəhəri və Abşeronda təxminən 600 minə yaxın,  regionlarda isə 200 min mənzilin sənədləşdirilməsinə ehtiyac var. Bu hesablamalar əsasən kommunal xidmətlərdə qeydiyyatda olan abunəçi sayı əsasında müəyyənləşdirilir. Belə ki, məsələn, ölkədə elektrik enerjisi ilə təmin olunan əhali abonentlərinin sayının 3 milyona yaxın olduğu bildirilir. Bu, respublikada qanuni sənədlər əsasında tikilməsinə baxmayaraq, mülkiyyət sənədi verilməyən mənzilləri, habelə qanunsuz tikililəri əhatə edir. Qanuni qeydiyyatı olan evlərin sayını bu göstəricidən çıxmaqla, rəsmiləşməsi hələ də aparılmayan ev sayını müəyyən etmək olur.

Mülk Yönetimi - Anahtar Emlak

Qeyd edək ki, 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı fərmanla çoxmənzilli yaşayış binalarının istismara qəbulu prosesi asanlaşdırılıb və onlarda olan bir neçə min mənzil qeydiyyata alınıb. Ondan sonra açıqlanan rəsmi məlumatlarda fərdi evlərin də sənədləşdirilməsinə dair yeni qanunvericilik aktı hazırlanacağı, Əmlak Məsələləri Dövlət Xidmətinin isə qeydiyyatsız evlərin siyahıya salınması haqda təkliflərini ölkə Prezidentinə təqdim edəcəyi, problemin vahid yanaşma əsasında həll olunacağı bildirilsə də, indiyədək konkret addımlar atılmayıb.

Dövlət Əmlak Xidmətindən verilən məlumata görə, ölkə Prezidentinin problemə müdaxiləsi, eyni zamanda, imzaladığı 13 yanvar 2015-ci il tarixli fərmana əsasən, 2015-2021-ci illər ərzində 100 mindən çox ev sənədləşdirilib, keçən il isə 49 min 371 fərdi yaşayış evi, 94 min 510 mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. Aydın məsələdir ki, bu, mövcud və yeni tikilən evlərin sayı ilə müqayisədə çox kiçik rəqəmdir.

Yüz minlərlə yaşayış evinin sənədləşməməsi insanların bir çox hüquqlarını məhdudlaşdırmaqla yanaşı, dövləti irihəcmli gəlirlərdən də məhrum edir. Belə ki, müstəqil ekspertlərin hesablamalarına görə, qeydiyyat problemi həll olunarsa, sənədsiz evlərin üzərində aparılan əməliyyatlar nəticəsində il ərzində büdcəyə bu və ya digər şəkildə təqribən 100 milyon manatadək vəsait daxil ola bilər.

Azərbaycan hökumətinin 2021-ci ildəki fəaliyyətinə dair hesabatında ölkədə bütün sənədsiz evlərin inventarlaşdırılmasının həyata keçirildiyi, proses başa çatdıqdan sonra onların sənədləşməsi üçün konkret addımlar atılacağı bildirilsə də, hələ də ortaya hər hansı iş qoyulmayıb. Bu ilin əvvəlində Azərbaycanda “Maliyyə və əmlak amnistiyası haqqında” qanun layihəsi hazırlanmasına dair məlumatlar yayılıb. Bildirilib ki, qanun çərçivəsində digər məsələlərlə yanaşı, vaxtilə qanunsuz tikilən və indiyədək sənədləşdirilməmiş tikililərin taleyi də həll olunacaq. Bu qanun çərçivəsində həmin tikililərin sənədləşdirilməsi gözlənilir: “2019-cu ildən başlayan proses çərçivəsində qanunsuz tikililərin inventarizasiyası aparılıb. Məlumata görə, qanun çərçivəsində qanunsuz obyektlərin sənədləşdirilməsi ilə bağlı nəzərdən keçirilən üsullardan biri də həmin obyektlərin kiçik məbləğ - tikilinin qiymətinin cüzi hissəsini ödəməklə sənədləşdirilməsidir”.

Qeyd edək ki, əmlak amnistiyası məsələsi 2018-ci ildən bəri bir neçə dəfə gündəmə gətirilsə də, onunla bağlı hər hansı real addım qeydə alınmayıb.

Bu yay Tikinti Məcəlləsinə edilən dəyişikliyə əsasən, cari ilin oktyabr ayının 1-dən sonra tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq. Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır.

Gözləntilərə əsasən məcəllənin bu tələbinə əməl olunarsa, yenilik sənədsiz evlərin sayının artmasının qarşısını əhəmiyyətli şəkildə alacaq. Lakin bu, mövcud sənədsiz evlərin qeydiyyata alınması, qanuni sənədlərlə təmin olunması demək deyil. Bu problem hələ də yüz minlərlə insan üçün ciddi çətinliklər yaratmağa davam edir.

Ümid edirik ki, Azərbaycanda da hökumət əmlak amnistiyası, yaxud digər yolla milyonlarla insanın problemini həll etmək üçün real addımlar atacaq.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR