Onlayn ictimai-siyasi qəzet
Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, ölkə ərazisində isti hava şəraiti yaxın günlər ərzində davam edəcək, temperatur bəzi yerlərdə 42-44°-dək artacaq.
Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Müraciətdə bildirilir ki, belə hava şəraitində yanğın təhlükəsizliyi ilə bağlı kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir. Həmçinin, kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır.
Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırıb. Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün yüksək temperaturlu günlərdə açıq havada çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur. Müvafiq dövlət qurumları da kəskin isti hava şəraiti ilə bağlı işəgötürənlərə müraciət edib. Belə ki, qanunla 41 dərəcədən artıq istidə açıq havada və bir çox qapalı müəssisələrdə iş prosesi dayanmalıdır.
Məlumdur ki, bəzi sahələrin işçiləri məcburən açıq havada çalışırlar - tikintidə çalışanlar, təmir işləri ilə məşğul olanlar, təmizlik işçiləri və b. Qanunvericiliyə görə, istilik ən yüksək həddə çatdıqda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görmək işəgötürənin əsas vəzifələrindən biridir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bildirir ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu 41 dərəcədən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. İşçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.
Məcəlləyə əsasən, bu fasilələr iş vaxtına daxil edilir və fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
Əmək şəraiti şərtləri imkan verdiyi hallarda günün isti vaxtında iş dayandırılaraq (uzun fasilə verərək) iş günü hissələrə bölünməklə iş rejimi tənzimlənə bilər.
“Yeni Müsavat”ın əməkdaşı paytaxt ərazisində qanunlara əməl olunub-olunmadığı ilə maraqlanıb. Xətai rayonunda müşahidəmiz zamanı Ukrayna dairəsində Heydər Əliyev parkının önündə yolda təmir işlərinin aparıldığını gördük. Bir neçə fəhlə boruların dəyişdirilməsi ilə məşğul idi. Məlumat lövhəsi olmadığı üçün işlərin hansı qurum və ya təşkilat tərəfindən aparıldığı bəlli deyil. Xətai RİH-dən “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirildi ki, ərazidə təmir işləri “Azəristiliktəchizat” ASC tərəfindən aparılır. “Azəristiliktəchizat” ASC-dən isə sorğumuza cavabda deyildi ki, xarici temperatur 40 dərəcəni keçdiyi halda işlər dayandırıla bilər. Qurumun mətbuat katibi Elvin Basqallı qeyd etdi ki, günorta saatlarına qədər temperatur 40 dərəcəni keçməyib.
Məhəmməd Hadi küçəsində yeni tikilməkdə olan binada biz orada olduğumuz müddətdə iş getmirdi. Lakin küçə boyu bir neçə təmizlik işçisi ilə qarşılaşdıq. Gün ərzində küçələri təmiz saxlamaq üçün əziyyət çəkən süpürgəçilərlə də həmsöhbət olduq. Adının açıqlanmasını istəməyən təmizlikçi xanım bildirdi ki, isti hava ilə bağlı edilən xəbərdarlıqları nəzərə alaraq günorta saatlarında açıq havada olmamağa çalışıblar: “Səhər saat 7-dən iş başındayam. Fasilələrlə işləyirik. Bizim işimiz növbəli işdir. Günün çox isti saatlarında günəşin altında dayanmırıq”.
Xalqlar Dostluğu, Neftçilər metro stansiyaların ətrafında da təmir işlərinin getdiyinin və yaxud tikinti aparıldığının şahidi olmadıq.
O ki qaldı gün ərzində qanunvericiliyin tələblərinə riayət olunmasına, Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov “Yeni Müsavat”a bildirdi ki, isti havada açıq sahədə işləməklə bağlı qanunamüvafiq olaraq bütün normalar gözlənilir: “Süpürgəçilər ehtiyac olduqda kölgəlikdə oturur, sərinləyirlər. Anomal istilər müşahidə olunarsa, yəni temperatur 41 dərəcədən artıq olarsa, küçədə işləyənlərin işi dayandırılacaq”.
Yeri gəlmişkən, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 20 nömrəli Şəhər Poliklinikasının həkim-terapevti Günel Fətəliyeva günvurmadan qorunmaq üçün görüləcək profilaktik tədbirlər barədə tövsiyə verib. O bildirib ki, günvurma və ya istivurma uzun müddət günəş altında qaldıqda bədəndə temperaturu tənzimləyən mexanizmlərin pozulması nəticəsində meydana çıxan kliniki haldır: “Yay aylarında hava temperaturunun çox yüksək olduğu günlərdə günvurma hallarının artması gözləniləndir. Ancaq hər il baş verən bu tendensiyanı müəyyən qədər azaltmaq, qabaqlayıcı tədbirlər görmək mümkündür. Küləksiz günlərdə, günorta saatlarında günəş şüaları düz düşdüyündən təhlükə artır. Günvurmanın əlamətləri sırasında yüksək hərarət, şiddətli baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma, ürəkdöyünmə, əzələ qıcolmaları, yuxululuq, huşun pozulması kimi halları qeyd etmək olar”.
Həkim-terapevt arterial hipertenziyadan əziyyət çəkən, ürək-damar, şəkərli diabet, xroniki böyrək çatışmazlığı olan, onkoloji xəstələrin, artıq çəkisi, kaxeksiya (bədən çəkisi çox az olanlar), psixiki pozuntusu olanların, epilepsiya xəstələrinin, hamilələrin, yaşı 65-dən yuxarı yaşlıların və yaşı 5-dən aşağı uşaqların risk qrupuna daxil olduğunu da bildirib. Bəs günvurma zamanı xəstəyə ilkin yardım necə olmalıdır? Həmsöbətimiz bu suala da aydınlıq gətirib: “Günvuran şəxsi dərhal sərin yerə aparıb, ayaqları hündür vəziyyətdə, başı yana çevirib uzatmaq, onun isti geyimlərini soyundurmaq, alın, sinə, qoltuqaltına soyuq suda isladılmış parça qoymaq, qol və baldırlarını masaj etmək, huşu aydındırsa, həmin şəxsə sərin su içirtmək, xəstəni ən yaxın tibb mərkəzinə çatdırmaq lazımdır. Çalışın məcbur olmadıqca günorta saatlarında günəş altında çox qalmayın; bədəni tərlətməyən, gen, nazik və açıq rəngli paltarlar geyinin; günəşdən qorunmaq üçün eynək, şlyapa, çətir istifadə edin; günəşə çıxmazdan 30 dəqiqə əvvəl qoruyucu krem çəkin; gün ərzində 2,5-3 litr maye (su, ayran, mineral su) için; asan həzm olunan yüngül qidalardan istifadə edin; uzunmüddətli və çox ağır fiziki iş və idmandan uzaq olun; imkan olduqca tez-tez ilıq duş alın”.
Nigar HƏSƏNLİ,
"Yeni Müsavat"
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ