İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölən qardaşının maaşının əvəzinə qoyun oğurladı - İLGİNC səbəblə tutuldu

Ucar rayonu, Lək kəndində ilginc oğurluq hadisəsi baş verib. Oğurluğun törədilmə səbəbi də, oğurluğu edən şəxsin özünü ələ vermə səbəbi də maraqlıdır.

Musavat.com xəbər verir ki, 28 yaşlı Rasim (ad şərtidir) fermadan iki qoyun oğurlayıb.

Məqsədi ölən qardaşının haqqını almaq olub.

Belə ki, onun qardaşı həmin fermada çoban olaraq aylıq 600 manata çalışırmış. Qardaşı vəfat etsə də, ferma sahibi onun qardaşının bir aylıq maaşını verməyib. Rasim də bunun əvəzi olaraq fermadan iki qoyun oğurlamağa qərar verib.

Rasim oğurluğa gedən zaman başına iş gəlib. O, qoyunları oğurlayıb fermadan uzaqlaşan zaman mobil telefonunun cibində olmadığını görüb. Geri qayıtsa da, hava qaranlıq olduğu üçün telefonunu tapmayıb. Rasim gecəni qoyunlarla birlikdə yoldakı körpünün altında keçirib. Səhər hava işıqlananda telefonunu tapmaq istəyib. Yolda onu polis əməkdaşları saxlayıb.

Məlum olub ki, Rasimin belə tez tapılmasının səbəbi ferma sahibinin onun telefonunu tapması olub. Səhər qoyunları sayan ferma sahibi 150 qoyundan ikisinin əskik olduğunu görüb. Qapının arxasına qoyduğu daşların yerinin dəyişdiyini görəndə isə oğurluq hadisəsinin baş verdiyini başa düşüb.

O, yerdə olan ayaq izlərinin arxasınca gedən zaman Rasimin telefonunu tapıb. Elə həmin ərəfədə Rasimin telefonuna zəng gəlib. Zəng edən şəxs Rasimin həyat yoldaşı olub. O, ferma sahibinə telefonun Rasimə məxsus olduğunu, onunla danışmaq istədiyini deyib. Bundan sonra ferma sahibi polisə iki qoyunun kim tərəfindən aparılması barədə məlumat verib.

Rasim əməlindən peşman olub, qoyunlar qaytarılıb. Ferma sahibi də onu bağışlayıb.

Rasim barəsində 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

BÜTÜN XƏBƏRLƏR