Onlayn ictimai-siyasi qəzet
“Ermənistan hakimiyyəti strateji müttəfiqi Rusiya ilə münasibətlərinin pisləşməsi səbəbindən silah tədarükünü diversifikasiya edir”.
Musavat.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu “Hayastan” blokunun parlament fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan Milli Assambleyada keçirdiyi brifinqdə deyib. Eks nazir bildirib ki, ölkə rəhbərliyi əvvəllər Rusiya Federasiyasından əsas təchizatla yanaşı, başqa ölkələrdən müəyyən miqdarda silah-sursat da alıb: “Əməkdaşlığın qurulması zamanı nəqliyyat və logistika çətinlikləri həmişə nəzərə alınıb. Bu illər ərzində daşımalar Gürcüstan ərazisindən, qismən də İrandan keçməklə həyata keçirilirdi. Ermənistanın başqa ölkələrdən silah almasını heç kim qadağan etməyib. Amma hazırda ölkə rəhbərliyinin etdiyi kimi, bu Rusiya Federasiyası ilə münasibətlərin pisləşməsi fonunda həyata keçirilməməlidir. Ermənistanın silah arsenalında ən böyük pay Rusiya mənşəli silah-sursatdır. Buna uyğun olaraq qurulmuş nəzarət sistemi də bu silahlara əsaslanır”.
Ohanyan onu da bildirib ki, əvvəllər Rusiyadan silah tədarükü müntəzəm olub. Ohanyanın nazir olduğu dövrdə, 2008-2016-cı illərdə Rusiyadan Ermənistana göyərtəsində silahlarla 1500-ə yaxın təyyarə uçub.
Nigar,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ