İnsanlara hürriyət, millətlərə istiqlal!

"Oğrular, kriminallar kafir elan olunmalıdır" - Gürcüstanda yaşayan soydaşlarımıza müraciət edildi

Gürcüstanda yaşayan soydaşlarımıza müraciət yayımlanıb.

Musavat.com xəbər verir ki, müraciətdə bunlar qeyd olunur:

“Əziz və sevimli soydaşlarımız! Son dövrlərdə Gürcüstanda azərbaycanlılar yaşayan bölgələrimizdən çox xoşagəlməz və həyəcanlı xəbərlər gəlməkdədir. Kriminal ayaq açıb yeriyir. İş adamlarımızın, az çox əli çörək tutan vətəndaşlarımızın evləri atəşə tutulur, maşınları yandırılır, təhdid və şantajlarla pul tələb edilir.”

Musavat.com-un məlumatına görə, müraciətdə, yalnız hüquq-mühafizə orqanlarının deyil, həm də vətəndaş cəmiyyətinin, ziyalılıq, fəhləlik, kəndlilik və bütün yaş qruplarının kriminala qarşı birgə mübarizədə iştirakının vacibliyi vurğulanır. Xüsusilə, müəllimlər və din adamları üzərinə düşən məsuliyyətə diqqət çəkilir:

“Xüsusi ilə gənclərlə çox işləyən müəllimlərimiz və din adamlarımızın üzərinə böyük məsuliyyət düşür. Kəndlərimizdə, rayonlarımızda təbliğat aparmaq lazımdır ki, eloğlularımızdan hədə-qorxu ilə pul tələb edən kriminal elementlər ‘xalq düşməni’ elan edilməli, onların haqqında hüquq-mühafizə orqanlarına rəsmi şikayətlər verilməlidir.”

Müraciətdə soyuqqanlı cinayətkarların yaxın qohumlarına belə xəbərdarlıq edilir:

“Atası, qardaşı toya, yasa buraxılmayan ‘yalançı toyuq’ oğruları başa düşməlidirlər ki, onların hərəkətləri süni şəkildə ideallaşdırılan ‘qanuni oğruluq’ deyil, öz xalqına, vətəninə, el-obasına xəyanətdir.”

Daha da diqqətəlayiq olan isə dini liderlərə qarşı yönəldilən çağırışdır:

“Axundlarımız onları məscid minbərlərindən rəsmi şəkildə ‘kafir’ elan etməlidirlər.”

Müraciət müəllifləri bütün cəmiyyətin kriminala qarşı mübarizədə dövlətə dəstək olmasının və birgə hərəkət etməsinin vacibliyini bir daha vurğulayaraq, son sözlərini belə yekunlaşdırırlar:

“Hamımız kriminala qarşı mübarizədə birləşməli, dövlətə də dəstək olmalıyıq! Allah xalqımızı və hamımızın sevdiyi Azərbaycan, Gürcüstan, Türkiyə dövlətlərini qorusun!!!!!”

Musavat.com xəbər verir ki, bu müraciəti iş adamı, Borçalıda yaşayan soydaşlarımızın təmsilçisi Natiq Hümbətov paylaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR