İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğlanlar evlənmək istəmirlər - mühüm səbəblər nədir - tanınmış ekspert danışdı

Statistika onu göstərir ki, təkcə ölkəmizdə deyil, dünyada gənclər evliliyi gecikdirməyə, uşaq sahibi olmamağa və tək yaşamağa üstünlük verirlər

Əvvəlki illərə nisbətən gənc oğlanlar 23-24 yaşda deyil, daha gec yaşda evlənməyə üstünlük verirlər. Dövlət Statistika Komitəsinin sözçüsü Tünzalə Qarayeva bildirib ki, 61 939 qeydə alınmış nikahdan bəyin yaş qrupuna əsasən, 41 502-si 25-34 yaş aralığındadır.

Sosioloq Mail Yaqub isə əvvəlki illərə nisbətən xanımların və bəylərin həyatda olan gözləntilərin artmasının gec ailə qurmanın əsas səbəblərindən biri olduğunu bildirib. "Gec evlənən ailələrdə çox uşağa meyilliliyin az olması əhalinin artım tempinə ziyan vurur. Beynəlxalq təşkilatların birinin hesabatlarına əsasən, ölkəmizdə 2 100-cü ildə əhalinin sayı on milyondan, səkkiz milyona düşəcək", - deyə Mail Yaqub qeyd edib. 

Maraqlıdır, oğlanlar niyə evlənmək istəmirlər?

Ümumiyyətlə, statistika onu göstərir ki, təkcə ölkəmizdə deyil, qloballaşan bütün dünyada gənclər evliliyi gecikdirməyə, uşaq sahibi olmamağa və tək yaşamağa üstünlük verirlər. Əksər gənclər ailə qurmaq əvəzinə şəhərlərə köç edib, karyeralarına diqqət yetirib, sevdiyi ilə eyni evdə yaşamağa və eşq yaşamağa üstünlük verirlər. 

Evliliklərin azalması, nikah yaşının və boşanmaların artması ilə bağlı aparılan araşdırmalarda gənclərin evliliyə başlaya bilməməsinin səbəbləri arasında alimentlər, evliliklərdəki neqativ nümunələr, maddi sıxıntılar, işsizlik, dolanışığın baha olması göstərilir.

Birləşmiş Əhali Fondunun iqtisadçısı Mişel Herrman açıqlamasında insanların ailə qurmağa gec başlamasının səbəblərindən biri kimi iqtisadi səbəbləri göstərib. İnsanların ilk növbədə özlərini iqtisadi cəhətdən təhlükəsiz hiss etmək və təhsillərini başa vurmaq istədiklərini ifadə edən Herrman bunun getdikcə daha çox vaxt apardığını bildirib.

Ən gec evlənənlər almanlardır. Belə ki, orta yaş 33,1 olan Almaniya gəncləri ən gec evlənən ölkədir. Amerikada orta evlilik yaşı 27,9 olduğu halda, Avropa qitəsi daha gec evlənir. Asiya və Afrika qitələrində isə gənclər daha erkən yaşlarda evlənir. Ən aşağı orta nikah yaşı olan ölkə 21,9 ilə İndoneziyadır. Daha sonra bu sırada Hindistan, Banqladeş kimi ölkələr gəlir. 

Evlilik yaşı artdıqca uşaq sahibi olmaq və uşaqların sayının azalması da nəzərəçarpacaq dəyişikliklərə məruz qalır. Avropa ölkələrində evlilik nisbətləri aşağı düşərkən, nikah yaşı yüksələrkən uşaq sahibi olanların sayı azalmaqda davam edir.

Hər evdə olması vacib olan kitab! - Əhməd Qəşəmoğlu

Əhməd Qəşəmoğlu

Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Sosioloq qeyd edib ki, oğlanların, ümumiyyətlə, bütövlükdə gənclərin gec ailə qurmasının əsas səbəbi cəmiyyətin xarakterində baş verən dəyişikliklərdir: “İndiki cəmiyyət getdikcə mürəkkəbləşib və belə olan halda problemlər də çoxalır. Belə ki, gənclərin öz karyerlarını qurmaq prosesi xeyli çətinləşib. 

Həmçinin oğlanlar dünyagörüşlərini inkişaf etdirdikcə başa düşürlər ki, müəyyən stabil işi, evi olmadan ailə qurmaq sonradan onlar üçün problem yarada bilər".

Sosioloq qeyd edib ki, son vaxtlar həm öıkədə, həm də dünyada boşanmaların sayının kəskin artması gənclərə psixoloji mənfi təsir göstərir: “Gənclər görəndə ki, ətrafda əksəriyyət boşanır, qorxmağa başlayır və evlənməkdən çəkinir. Beləliklə, bu məsələdə psixoloji amillər də rol oynayır.

Daha bir məsələ, araşdıranda görürük ki, rayon, kənd yerlərində oğlanlar daha tez və daha çox evlənir. Çünki kənd yerində oğlan uşağı böyüdükdə onun üçün yer ayrılır, o da özü üçün ev tikir, təsərrüfat sahibi olur,  bir qalır ailə qurmaq, onu da yerinə yetirir. Amma şəhər yerində insanlar dərhal özlərinə ev, iş qura bilmir və bu kimi problemlər onun ailə qurmaq amilinə mənfi təsir edir. 

Hesab edirəm ki, bu prosesi özbaşına buraxmaq olmaz. Cəmiyyətdə yaranmış bu cür problemləri aradan qaldırmaq üçün təhlillər aparmaq, problemi yaradan səbəbləri öyrənmək və bunların üzərində  ciddi tədqiqatlar aparmaq, eyni zamanda gənclərin də fikrini öyrənmək lazımdır.

Ümumiyyətlə, cəmiyyət getdikcə mürəkkəbləşir, xarakteri dəyişirsə, sosial tədqiqat mərkəzlərinin sayı artmalıdır. 

Bundan başqa, televiziya verilişlərində xəyanətlərdən, digər neqativ hallardan söz açmaq əvəzinə, nümunəvi ailələri nümayiş etdirmək,  ailə dəyərləri ilə bağlı çoxlu verilişlər hazırlamaq lazımdır. 

Hesab edirəm ki, yaxın illərdə yaş həddinin artacağını müşahidə edəcəyik. Gec yaşda ailə qurmaq doğulan uşaqların sayının azalmasına səbəb olur. Ailədə doğulan uşaqların sayı iki-üç nəfəri keçmirsə, doğulma indeksi azalır". 

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR