İnsanlara hürriyət, millətlərə istiqlal!

Odessada Yekaterinanın abidəsi sökülür-Buna Putin belə inanmırdı

 

Odessa şəhər rəhbərliyi Rusiya İmperatoru II Yekaterinanın heykəlinin yer aldığı “Odessanın qurucuları” abidəsinin sökülməsi işlərinə başlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, artıq abidənin ucaldıldığı ərazi bloklanıb.

Qeyd edək ki, həmin kompleksdə II Yekaterinadan başqa onun tərəfdaşları - de Ribas, de Volan, Potyommkin və Zubovun abidəsi də yerləşir. Bununla bağlı ilk heykəl 1900-cü ildə odessalı heykəltəraş Yuri Dmitrenkonun layihəsinə əsasən ucaldılıb. 1920-ci ildə bolşeviklər onu söküblər. 2007-ci ildə müstəqil Ukrayna dövründə kompleks yenidən bərpa edilib. Lakin hələ o vaxt bu tədbir Odessa sakinləri arasında ciddi mübahisələrə səbəb olub. Ukraynalıların fikrincə, bu heykəllə Rusiyanın imperiya siyasətini tərənnümündən başqa bir şey deyil.

Qeyd edək ki, abidənin sökülməsi məsələsi Rusiya prezidentinin də gündəmində olub. Bu ilin oktyabrın 27-də Valday Forumunda Vladimir Putin Odessa ilə bağlı sualı cavablandırarkən bunları demişdi: “Bildiyiniz kimi, Odessanın əsasını II Yekaterina qoyub və hətta ifrat millətçilər belə şəhərin banisinin abidəsini sökməyə cəsarət etmirlər."

Bununla belə, artıq noyabrın 30-da Odessa şəhər şurası rusiyalı hərbçi Aleksandr Suvorovun və “Odessanın qurucuları”nın abidələrinin sökülməsi haqında qərar çıxarıb. Bundan əvvəl şəhərdə bu məsələ ilə bağlı səsvermə keçirilib. Odessa meri Gennadi Truxanovun sözlərinə görə, odessalıların əksəriyyəti abidənin sökülməsi ideyasını dəstəkləyib.

Rusiya tarixşünaslığına görə II Yekaterina 1794-cü ildə Qara dənizdə sonradan Odessa adlandırılacaq limanın yaradılmasını əmr edib. Buna görə ənənəvi olaraq o, şəhərin qurucusu hesab olunur.

Lakin ukraynalı tarixçilər bununla razılaşmırlar. Onlar ruslardan öncə Hacıbəy qəsəbəsinin uzun müddət limanın əsasının qoyulduğu yerin yaxınlığında olduğunu vurğulayırlar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR