İnsanlara hürriyət, millətlərə istiqlal!

Öcəşkən qocaların intriqası və vəzifə hərisliyi - Ağ Ev Kremlin 40 il öncəsini xatırladır

Görünür, ABŞ-ın siyasi elitası 32 il əvvəl süqut edib dağılmış SSRİ-nin aqibətindən lazımi dərs çıxarmayıb və dövlət idarəetməsində kommunistlərin əsas səhvlərindən birini təkrarlayır.

Bu, yaşı 70-i keçmiş siyasi xadimlərin dövlət postundan dördəlli yapışması, yerlərini daha dinamik, çevik, yeniliyə, tərəqqiyə meylli, dəyişən zamanın nəbzini daha yaxşı tutan gənc nəsilə verməmək məsələsidir.

O zamanlar, 40 il öncə qocalmış, ətalət basmış sovet liderlərinin ölkəni xəstəxana palatalarından, yaxud sanatoriya şəraiti yaradılmış bağ evlərindən idarə etməsi ABŞ-ın özündə belə ironiya hədəfi idi. İndi ABŞ özü 80 yaşlı liderlərin əlində qalıb. Onlar öz yerlərini gənc nəslə verməmək üçün dirəşirlər.

ABŞ tarixinin ən yaxşı dövrü isə 40-50 yaş arası gənc prezidentlərin ölkəyə rəhbərlik etdiyi dönəmlərdir. Onlar nə qədər səhvlərə yol versələr ki, hər halda ölkənin ümumi inkişafına ciddi təkanlar veriblər və ABŞ tarixində “yaxşı prezident”lər kimi qalıblar.

baytr.jpg (8 KB)

İndi 80 yaşlı ABŞ prezidenti Cozef Bayden ikinci müddətə prezident olmaq istəyir. Danışanda çoxlu səhvlərə yol verən, yeriyəndə büdrəyən, bəzən mürgüləyən, bəzən boşluqla “salam-sağ ol” edən Baydenin bu kimi hərəkətləri artıq ABŞ mediasının və ictimaiyyətinin də diqqətini çəkib, yeni bir qənaət yaradıb.

Ölkədə keçirilən rəy sorğusunda iştirak edən amerikalıların 77%-i bu qənaətə gəlib ki, Bayden yenidən prezident seçilmək üçün çox qocadır. Baydenin öz partiyasının üzv və tərəfdarlarının 69%-i, onun əzəli rəqibi olan respublikaçıların isə 89%-i bu fikirlə razılaşır.

Üstəlik, sentyabrda Nümayəndələr Palatasının respublikaçıları tərəfindən Baydenə qarşı impiçment proseduru başlana bilər. Buna səbəb onun Ukraynanın baş prokuroru Viktor Şokinin vəzifədən götürülməsi üçün Kiyevə ABŞ dövlətinin xəzinəsindən 1 milyard dollar verməsidir. Bu, əməliyyat ona görə vacib olub ki, baş prokuror Şokin Baydenin oğlu Hanter haqqında cinayət dosyesi hazırlayıbmış.

Bu, korrupsiyada ittiham deməkdir və respublkaçılar bu fürsəti əldən buraxmamaq üçün sentyabrda hərəkətə keçəcəklər.

kevinmak.jpg (70 KB)

Bir neçə gün əvvəl “Fox News” telekanalına müsahibəsində Nümayəndələr Palatasının spikeri Kevin Makkarti bildirib ki, respublikaçılar Baydenə qarşı impiçment prosedurlarına başlamaq üçün kifayət qədər məlumatlara malikdirlər. Baydenlərə məxsus bank hesablarında 76 şübhəli fəaliyyət epizodu və enerji şirkətlərindən bu hesablara pul köçürmələri ilə bağlı 20 epizod qeydə alınıb. Ukraynanın enerji nəhəngi “Burisma”nın direktorlar şurasında çalışmış Hanter Baydenin atasının vitse-prezidentlik vəzifəsindən sui-istifadə etdiyi güman edilir.

Eyni zamanda hazırda respublikaçıların əsas namizədi olan Donald Trampın da qanunlarla problemi var. Beləliklə, bü gün ABŞ-da prezidentliyə potensial namizəd olan iki siyasətçinin birinin ayağı türmədə, o birininki o biri tərəfdədir.

“Assoşşieyted Press” agentliyinin və Çikaqodakı Milli rəyin öyrənilməsi institutunun apardığı başqa bir sorğu göstərib ki, Demokratlar Partiyasının növbəti namizədi Bayden yox, daha gənc biri olsa, partiyanın üzv və tərəfdarları etiraz etməzlər. Bu fikri xüsusilə gənc seçicilər dəstəkləyir: 45 yaşdan aşağı demokrat amerikalıların yalnız 34%-i Baydenin yenidən seçilməsinə tərəfdardır. Ancaq bir az yaşlılar arasında bu rəqəm 54%-dir.

184-6-1480.jpg (56 KB)

Ümumilikdə, amerikalıların yalnız 24%-i Baydenin Ağ Evdə qalma müddətini uzatmağa çalışmasını normal qarşılayır. Hazırda Amerika prezidentinə rəğbət əmsalı 42% təşkil edir.

İşsizliiyin kifayət qədər aşağı səviyyədə (3,5%) olmasına və inflyasiyanın cilovlanmasına baxmayaraq. Baydenin iqtisadi siyasətini bəyənənlər 36 faizdən çox deyil. Trampın prezidentliyi dövründə onun dünyanın istənilən yerində Amerika biznesini qorumağa meylli olmasını seçicilər yüksək qiymətləndirir. Ancaq Trampa qarşı açılan cinayət işlərindən, xüsusilə də 6 yanvar 2021-ci il hadisələrindən (Konqresə hücum) sonra mötədil amerikalılar Trampdan üz çeviriblər, amma o, hələ də radikalların, millətçilərin sevimlisidir.

Bir detal da var: 80 yaşlı Baydeni qoca sayan amerikalılar ondan 3 yaş kiçik olan, amma daha qıvraq görünən Trampın yaşını (77) ona maneə kimi görmürlər.

Gələn il keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayanlar arasında kifayət qədər tanınan və uğurlu fəaliyyəti ilə ad çıxaran keçmiş qubernatorlar və senatorlar da var.

obaklin.jpg (7 KB)

Əvvəlki vaxtlarda amerikalı seçicilər onlardan birinin personasına ağırlıqlı şəkildə meyllənər və onun dövləti idarə edəcəyinə dərin inam ifadə edərək həmin senatoru və ya qubernatoru favorit edərdilər. Məsələn, Bill Klinton və Baraq Obama prezident postuna qubernator və senatorluqdan gəlmişdilər.

İndi isə Ağ Ev uzun müddətdir ABŞ rəhbərliyində təmsil olunan şəxslərin inhisarındadır. Bayden prezident olmazdan öncə vitse-prezident olub. Ümumiyyətlə, o, 50 ildir ki, siyasətdədir, ilk dəfə 1973-cü ildə senator seçilib. 1987-ci ildə prezidentliyə namizədliyini versə də, bir siyasətçinin çıxışından plagiat etməkdə ittiham olunub, daha sonra tələbə vaxtı yol verdiyi bəzi qəbahət işlərin üstü açılıb, ona görə də o, seçilmək şansı yüksək olduğu bir vaxtda namizədliyini geri götürüb.

Tramp isə prezidentliyin dadını-duzunu bir dəfə görüb və adı qulağına dəyib deyə, hələ də namizədliyini verəcəyini və seçiləcəyini deyir. Əgər, onun namizədliyi qeydə alınsa və Tramp prezident seçilsə, bu, ABŞ tarixində bir şəxsin dörd il aradan sonra yenidən prezident seçildiyi ilk hadisə olacaq.

Beləliklə, Ağ Ev Kremlin 40 il öncəki halını xatırladarkən, Amerika seçicisi də yeni siyasətçiləri öz ətrafına buraxmayan isteblişmentin siyasi oyunlarının qurbanına çevrilib.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR