İnsanlara hürriyət, millətlərə istiqlal!

O saziş harada imzalanacaq? - Moskvada, Tiflisdə, yoxsa sərhəddə...

Rəsmi Bakının cavabına İrəvandan absurd reaksiya gəldi - Ermənistan gərginliyi tətikləyən mövqeyini davam etdirir; deputat: “İlk növbədə də sülhün guya yaxında olduğu görüntüsünü yaratmağa çalışanlar onu istəmirlər”; STM əməkdaşı: “Bizim qarşımızda tamamilə müharibəyə fokuslanmış bir ölkə dayanır”

“Rusiya həmişə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarı olub”. Rusiya mətbuatı xəbər verir ki, bunu prezident Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı deyib.

Rusiya lideri bildirib ki, Bakı və İrəvan münasibətlərin normallaşdırılmasında həmişə Rusiya tərəfinin köməyinə ümid edə bilər.

Qeyd edək ki, Bakı və İrəvanın sülh müqaviləsi layihəsi üzərində işlərin başa çatması barədə bəyanatlarından sonra Kremldən gecikmiş də olsa, mövqe gəlib. “Rusiya Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların başa çatdırılmasını alqışlayır”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova adından yayılan bəyanatda bildirilir. Qeyd olunub ki, rəsmi Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci imzalanmış üçtərəfli normallaşmalarda nəzərdə tutulduğu kimi, Ermənistan-Azərbaycan münasibətlərinin tam və hərtərəfli normallaşmasına nail olmaq üçün bu mühüm addımı dəstəkləyir. (APA) “Biz sülh prosesinin daha da irəliləyişinə və Bakı ilə İrəvan arasında qalan məsələlərin, o cümlədən sülh sazişinin imzalanması üçün zəruri olan məsələlərin, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, ümumi sərhədin delimitasiyası və humanitar məsələlərin tərəfdaşlar üçün məqbul olan həddə və formada həllinə hər cür kömək göstərməyi hədəfləyirik. Rusiya xarici işlər nazirinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi İqor Xovayev müvafiq məsləhətləşmələr aparmaq üçün Bakı və İrəvana səfər etməyə hazırdır”, - daha sonra bildirilib. “Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələlərinin bütün spektri üzrə Azərbaycan və Ermənistan nümayəndələri arasında təmaslar, habelə sülh müqaviləsinin imzalanması üçün Rusiya meydançasını təqdim etmək təklifimizi təsdiq edirik”, - deyə Rusiya XİN sözçüsü sonda vurğulayıb.

Bundan əvvəl Qərb paytaxtlarından da sülh müqaviləsinin imzalanmasında iştirak həvəsi müşahidə olunub. Sülh bəyanatlarından sonra şərti sərhədlərdə silahlar işə düşməyə başlayıb. Xüsusilə də Ermənistanın davamlı şəkildə təxribatlara əl atması kövrək sülh ehtimallarının da üstündən xətt çəkə bilər. Hətta lokal toqquşmaların baş verə biləcəyi barədə narahatlıq da yox deyil. Son 3 gündə atəşkəsin intensiv pozulması müşahidə olunur. Martın 18-i saat 22:20-dən martın 19-u saat 01:40-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod, Yuxarı Şorca və Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan yenidən fasilələrlə atəşə tutub. Ermənistan ordusunun açdığı atəş həm də sülh bəyanatlarına açılır.

Üstəlik, rəsmi İrəvanın konstitusiyanı dəyişməkdən imtina etməsi və rəsmi Bakının kəskin reaksiyası hərarətin yüksələcəyi ehtimalını yaradır. “Ermənistanın konstitusiya dəyişikliyi çağırışına məhəl qoymaması olduqca narahatlıq doğurur”. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan baş nazirinin ofisinin sərhəddə atışmalar və digər anti-Azərbaycan iddiaları ilə bağlı bəyanatına dair şərhində deyib. Onun sözlərinə görə, Azərbaycana qarşı ərazi iddialarına son qoymaq üçün konstitusiyaya dəyişiklik edilməsi barədə uzun müddət bundan əvvəl irəli sürülmüş tələbimizdən xəbərdar olmasına baxmayaraq, Ermənistanın bu çağırışa məhəl qoymaması olduqca narahatlıq doğurur. “Danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın Konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Bununla yanaşı, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq”, - A.Hacızadə qeyd edib.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ani Badalyan isə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Ermənistanın atəşkəs rejimini pozması və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi barədə bəyanatlarına verdiyi saxta reaksiyası ilə sülhlə bir araya sığmayan mövqe sərgiləyib. O iddia edib ki, Ermənistan Konstitusiyası Azərbaycanın Sülh Sazişini imzalamaqdan imtina etməsinə maneə ola bilməz. Həmçinin bildirib ki, Ermənistan Respublikası ən yüksək səviyyədə ATƏT-in Minsk Qrupunun buraxılması məsələsinə baxmağa hazır olduğunu bəyan edib. “Ermənistan Respublikasının Konstitusiyası ilə bağlı Ermənistan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli qərarı Ermənistan Konstitusiyasında heç bir ölkəyə ərazi iddiasının olmadığını açıq şəkildə ortaya qoydu. Əksinə, Ermənistan Respublikası hesab edir ki, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var”, - erməni diplomat absurd şəkildə iddia edib.

“Amma biz həm də inanırıq ki, Sülh Sazişinin razılaşdırılmış mətni bu problemi həll edir. Niyə? Çünki razılaşdırılmış mətndə deyilir ki, Ermənistan və Azərbaycan SSRİ respublikalarının sərhədləri boyunca bir-birinin ərazi bütövlüyünü tanıyır, bir-birinə qarşı ərazi iddiaları yoxdur və gələcəkdə belə iddialarla çıxış etməyəcəklər”, - XİN təmsilçisi deyib.

 Gərginlik ortadadır. Ermənistan gərginliyi tətikləyən mövqeyini davam etdirir. Bəs nəzəri cəhətdən sülh müqaviləsi harada imzalana bilər - Moskvada, Brüsseldə, yoxsa elə iki dövlətin sərhədində? Yoxsa Ermənistanın konstitusiya müqaviməti və atəşkəsin pozulması sülh müqaviləsini arxa plana atacaq?

Deputat Sahib Alıyev seçki dairəsini dəyişdi

Sahib Alıyev 

Deputat Sahib Alıyev hesab etmir ki, sülh Ermənistan tərəfinin və yaxud ona havadarlıq etmək istəyənlərin təqdim etdiyi kimi, yaxındadır: “Bu, heç də belə deyil. İlk növbədə də sülhün guya yaxında olduğu görüntüsünü yaratmağa çalışanlar onu istəmirlər. Nə deməklərindən, hansı səviyyədə, hansı bəyanatları vermələrindən asılı olmayaraq. O ki qaldı sülhün harada imzalanması məsələsinə, danışıqlar ikili formatda aparılıb. Əldə edilən bütün uğurlar ikili formatın məhsuludur. Ona görə də, məncə, bu proseslərin məntiqi onu tələb edir ki, məhz sülh anlaşması da iki ölkənin sərhədində imzalansın. Ən azından bu regiondan kənara çıxmasın ”.

Qüdrət Həsənquliyev: “Jurnalistlərə ordudan yazmağa imkan verilməlidir”

Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Ermənistanla sülh sazişinin mətninin razılaşdırılması və tezliklə sülh sazişinin imzalana biləcəyi ehtimalı ilə bağlı sualları cavablandırıb. O bildirib ki, Azərbaycanın ədalətli və beynəlxalq hüquqa əsaslanan sülh sazişinə dair tələblərini Ermənistanın qəbul etməsi böyük diplomatik uğurdur: “Bu məsələdə Prezidentin güclü siyasi iradəsi və Ermənistana göstərdiyi təzyiqlər öz rolunu oynadı. Sülh sazişinin imzalanması, yaşadığımız regionun inkişafı üçün bölgədə maraqları olan böyük dövlətlərin də bunu istəməsi lazımdır. Əks halda, sülh və regionda sabitlik davamlı ola bilməz. Ona görə də biz böyük dövlətlərlə bu istiqamətdə apardığımız işi gücləndirməliyik. Sülh sazişi imzalanandan və müəyyən islahatlar aparılandan sonra biz iqtisadiyyatımıza böyük sərmayə qoyuluşuna nail ola bilərik”. Q.Həsənquliyev qeyd edib ki, sülh sazişinin nə zaman imzalanması yalnız bizdən asılı olan məsələ deyil: “Daxildə bu və ya digər problemlərin həllinə dair fərqli baxışlar ola bilər. Amma ümummilli məsələlərdə bir-birimizə, xüsusilə xalqın dövləti təmsil etmək üçün mandat verdiyi, Qarabağın işğalına son qoyub dövlət suverenliyini bərpa edən Prezidentə güvənməliyik. Bizim bilmədiyimiz çoxlu məsələlər var. Azərbaycan təbii müttəfiqləri və zamanın sınağından çıxmış dostları ilə məsləhətləşmələr aparır, doğru zamanda Prezident sülh sazişini imzalayacaq”.

Tural İsmayılov: Azərbaycan OPEC ilə əməkdaşlığını genişləndirir - AZƏRTAC

 Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Tural İsmayılov bildirdi ki, Ermənistan dövləti Azərbaycanın sülh çağırışları artdıqca yola gəlmək əvəzinə, yeni müharibə ehtimalını alovlandırmaqla məşğuldur: “Faktiki olaraq, bu gün Ermənistanın ortaya qoyduğu mövqe birmənalı şəkildə onu göstərir ki, Cənubi Qafqazda yeni müharibə ocağının qalanmasında Ermənistan aktiv və fəal şəkildə iştirak etməyə çalışır. Onlar bir tərəfdən sülhlə bağlı mesajlar versələr də, digər tərəfdən aktiv şəkildə Azərbaycan əleyhinə müharibə ritorikasını qızışdırmaq və gərginləşdirməklə məşğuldur. Məlum hadisə onu göstərir ki, Ermənistanın real sülhlə, dövlətlərarası münasibətlərin bərpa edilməsi ilə bağlı demək olar ki, heç bir istəyi yoxdur”. T.İsmayılov digər məqama da diqqət çəkdi: “Son günlər Azərbaycana qarşı təxribatlar törətməsi, Ermənistan Müdafiə Nazirliyinin müxtəlif dırnaqarası bəyanatlar yayaraq dezinformasiya istehal edən tərəf qismində iştirak etməsi onu göstərir ki, bizim qarşımızda tamamilə müharibəyə fokuslanmış bir ölkə dayanır. Bu gün Ermənistan və onun havadarları Azərbaycan əleyhinə savaş ritorikasını qızışdırmaqla məşğuldur. Onlar əsas istəyi bizə qarşı müharibə başlatmaq və dünyada böyük bir səs-küy yaratmaqdır ki, guya sülh istəyən onlar idi, amma müharibəni biz başlatdıq. Ermənistanın son dövrlər atdığı bütün addımlar onu söyləməyə əsas verir ki, onlar Azərbaycanla növbəti savaş üçün açıq-aşkar niyyətlidirlər. Ermənistanın sülh məsələsində əsla səmimi olduğunu zənn etmirəm”.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Mart 2025

BÜTÜN XƏBƏRLƏR