Onlayn ictimai-siyasi qəzet
Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn mərasiminə əklil göndərib.
Musavat.com bildirir ki, əklil mərhum yazıçının I Fəxri xiyabandakı məzarı üstünə qoyulub.
Xatırladaq ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, nasir, dramaturq, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor və dövlət xadimi Elçin İlyas oğlu Əfəndiyev avqustun 3-də, 82 yaşında vəfat edib.
1943-cü il mayın 13-də Bakıda anadan olan Elçin Əfəndiyevin əsərləri 50-dən çox dilə tərcümə edilmiş, dünya üzrə 5 milyona yaxın nüsxə tirajlanıb. 1998-ci ildə ona Azərbaycan Respublikasının Xalq yazıçısı fəxri adı verilib. Ədəbi yaradıcılıqla yanaşı, uzun illər dövlət idarəçiliyində də mühüm vəzifələr icra edib — 1993–2018-ci illərdə Azərbaycan Respublikasının Baş nazirinin müavini vəzifəsində çalışıb.
Elçin Əfəndiyev həmçinin Bakı Dövlət Universitetində professor kimi ədəbiyyat elminin inkişafına töhfələr verib. Ədəbi elmlər namizədi (1970) və doktoru (1997) elmi dərəcələrinə yiyələnmişdir.
Mərhum yazıçı ilə vida mərasimi Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında keçirilib. Dövlət rəsmiləri, tanınmış mədəniyyət və ədəbiyyat xadimləri, eləcə də ictimaiyyət nümayəndələri mərasimdə iştirak ediblər. Elçin Əfəndiyev vida mərasimindən sonra Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb.
Xalidə Gəray
Musavat.com
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ