İnsanlara hürriyət, millətlərə istiqlal!

O Konqres 93-də hardaydı? – 1 milyon qaçqın-köçkünün fəryadı ərşdəydi

ABŞ elə dövlətdir ki, hər ölkə onun ədalətinin dərəcəsini özünə qarşı haqsızlıq olanda anlayır.

4 il öncəyə qədər ölkəmizdə ABŞ-yə rəğbət indikindən ona görə böyük idi ki, biz yüzdəyüz haqlı olduğumuz, bütün beynəlxalq qanunların tərəfimizdə olduğu Qarabağ münaqişəsində əsas haqsızlığı Kremldən görürdük və hesab edirdik ki, ABŞ bu məsələdə, necə olsa da, neytrallığa meyllidir.

Ancaq 30 il boyunca işğalda olan ərazimizin, xaraba qoyulmuş şəhər və kəndlərimizin yerini düşməndən geri almaq üçün əks-hücuma başlayanda əksini gördük – Rusiya neytrallığa meylli oldu, ABŞ və Fransa isə işğalçının səfində durdu.

Hələ 44 günlük müharibə ABŞ-də gərgin, çəkişməli keçən prezident seçkisinin vaxtına düşdü, prezidentliyə namizədlərin komandalarının, senator və konqresmenlərin başı özlərinə, öz ölkələrində “kim-kimi” məsələsini həll etməyə qarışdı, dünyanın 200 dövlətindən ikisi olan Ermənistan və Azərbaycanın lokal müharibəsinə qarışmadılar. Amerikalılar Ağ Evdə administrasiyanın dəyişilməsinə nail olub başlarını qaldıranda artıq iş-işdən keçmişdi, vaxtilə Ağdam şəhərinin yerləşdiyi düzəngah bizim əlimizdəydi, Qarik qaçmışdı, qapı da bağlanmışdı.

Ondan sonra Fransa kimi ABŞ-nin də üzü bizdən çöndü, açıq-aşkar tərəf tutmağa başladı. Son üç ildə bu dövlətin yetkililərinin anti-Azərbaycan çıxışlarını bir yerə toplasaq, bunu aydın görmək olar. Təkcə dövlət katibi Entoni Blinken ermənilərdən yana Bakıya bir neçə dəfə zəng edib.

İndi də təşəbbüsü ABŞ Konqresi ələ alıb, azərbaycanlı dövlət məmurlarına qarşı sanksiya tətbiq etmək istəyir və artıq siyahıda 44 nəfərin adı var.

Əlbəttə, bu 44 rəqəmi havadan götürülməyib. ABŞ-də də bilirlər ki, 44 rəqəmi vətən müharibəsindəki qələbəmizin simvoludur və dillərdə dastandır. İndi amerikalı konqresmenlər bu rəqəmlə bağlı yaranmış xoş ovqatımıza bir çimdik mərgümüş (sink-fosfit) əlavə etmək istəyirlər.

Siyahıda adları olanların çoxu torpaqlarımızı müdafiə mükəlləf olan hərbçilərimizdir. Onlar başqa dövlətin ərazisində hərbi əməliyyatlar aparmayıblar, ölkəmizə bütün qoşun növləri ilə, hər cür texnikayla soxulmuş, ərazimizdə müharibə aparan düşməni sərhədlərimizdən kənara qovublar. Bu məntiqlə indi Ukrayna hərbçilərinə də sanksiya tətbiq edilməlidir, çünki ölkə ərazisinə daxil olmuş xarici təcavüzkara müqavimət göstərirlər.

Hərbçilərimizin siyahısına digər şəxslərin adının əlavə edilməsi isə siyahıya obyektivlik donu geydirmək məqsədi daşıyır. Guya ki, ABŞ Azərbaycanda heç də təkcə “erməni davası” aparmır, həm də bu ölkənin siyasi arenasındakı problemlərə nəzər yetirir.

Halbuki ölkədə həbslərin bundan qat-qat çox olduğu və açıq-aşkar siyasi motiv daşıdığı illərdə ABŞ Azərbaycanda insan haqlarına dair deklarativ açıqlamalar verir, həbsdən azad edilənlərin əfv edilməsini alqışlayır, seçkiləri “irəliyə doğru addım” adlandırırdı. O zamanlar iri məbləğli qrantları nəyə görəsə hakimiyyətə loyal olan qüvvələrə səxavətlə verirdilər (ancaq bu başqa söhbətin mövzusudur).

Hazırda müvafiq qanun layihəsinin Konqres üzvləri arasında tərəfdarları artır, həmmüəlliflərin sayı 21-dən 27-yə çatıb. Qanun layihəsinin tərəfdarlarının sırasına Den Qoldman, Mişel Stil və Mayk Kuiqli kimi konqresmenlər daxil olub.

Bu işlər öz-özünə baş vermir. ABŞ Konqresində, eləcə də ştatların parlamentlərində leqal lobbi qrupları var, onlar ödənişli əsaslarla hər hansı bir qanunun qəbulu üçün sözü, səsi bir yerə qoyurlar. ABŞ-də buna normal baxılır. Ancaq bir şey ki, çoxlu pul basaraq hansısa qanunu qəbul etdirmək, yaxud da qəbul edilməsinin qarşısını almaq olursa, bu, haqq-ədalətin yox, pulun gücünün təntənəsi deməkdir.

Təəssüf ki, artıq neçə vaxtdır dünyanın hegemon ölkəsində çox şey lobbi qrupları və çoxlu pul həll edir.

Gələn məlumatda bildirilir ki, qanun layihəsi qəbul olunarsa, Konqres Bayden administrasiyasından Azərbaycanda “siyasi müxalifətə qarşı amansız repressiyalar”a və ötən il Qarabağda hərbi əməliyyatlara görə "Maqnitski qanunu" çərçivəsində azərbaycanlı məmurlara qarşı sanksiyalar tətbiq etməyi tələb edəcək.

Bu, elə də böyük dərd sayılmaz. Hansısa azərbaycanlı general və ya məmur ABŞ-yə getmək üçün əldən getmir. Dünya təkcə ABŞ-dən ibarət deyil.

Ancaq qanun qəbul edilsə, bir sual azərbaycanlıları rahat buraxmayacaq və ABŞ-nin ədalətinə kölgə salacaq. O sual budur: “Bəs 1988-ci ildən 2020-ci ilə qədər Azərbaycanın rayonları işğal olunanda, 700 mindən artıq əhalisi didərgin salınanda, ayrıca azərbaycanlılar Ermənistan ərazisindən deportasiya ediləndə ABŞ harada idi və nə əcəb Konqresdə qanun qəbul olunmurdu?”

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR