İnsanlara hürriyət, millətlərə istiqlal!

Nyu-Füzuli – "Varanda verana"sının yerində salınan modern şəhər böyüyür, gözəlləşir

3 il öncə bu gün, yəni oktyabrın 18-də, Füzulinin 28 illik erməni işğalından azad edilməsindən bir gün sonra ölkə mediasının nümayəndələri əslən Füzulidən olunan tanınmış imzalara belə bir sualla müraciət edirdilər: “Füzuliyə qayıdacaqsınızmı?”.

Hətta müvafiq suala daha konkret cavablar istəyənlər vardi: “Füzuliyə nə vaxt qayıdacaqsınız?”

Bir az tez idi, çünki Füzuli şəhərində (eləcə də işğal altında olmuş kəndlərdə) bir salamat ev, tikili, daldalanacaq yox idi ki, oraya qayıtmaq mümkün olsun. Heç çadır qurub yaşamaq da mümkün deyildi.
Oranı, o xarabalıqları görməyən gənc həmkarlarımız isə təxminən 1 ay ərzində Füzulidən olan şəxslərə “qayıdış”a dair suallar ünvanladılar.

Fuzuli-1.jpg (93 KB)

Bu, bəzi adamların, xüsusilə də həmişə tərsinə danışan neqativ düşüncəli şəxslərin belə bir qənaət yaymasına gətirib çıxardı: “Qayıtmayacaqlar”.

Kökündən yanlış qənaət idi. Birincisi, ona görə ki, hələ 15-20 il əvvəldən təxminən 100 min sakini olan Füzuli rayoninun əhalisinin böyük əksəriyyəti rayonun 1994-cü ildə işğaldan azad olunmuş Arazboyu kəndlərində və Horadizdə, eləcə də sonradan Zobucuqda, Haramıda, Örənqalada salınmış qəsəbələrdə yaşayırdılar. Yarısı özümüzdə olan Füzuli ölkənin ən çox qəsəbəsi (18) olan rayonuydu. Yəni bu camaat onsuz da öz torpağındaydı. Bakıda, Gəncədə, Sumqayıtda, Şirvanda yaşayan Füzuli camaatının sayı çox deyildi və onların çoxu doğma yurdlarına qayıtmaq fikrindəydi.

Bundan ötrü lazımi şərait yaradılmalıydı. O isə bir neçə həftənin, ayın işi deyildi. İllər lazım idi.

Ancaq yaxşı ki, hərbi əməliyyatlar dayandırıldıqdan dərhal sonra Füzulidə sürətli tikinti-quruculuq işləri başlandı: asfalt yollar çəkildi, aeroport tikildi, elektrik yarımstansiyası istifadəyə verildi, inzibati və yaşayış binalarının, eləcə də sosial səciyyəli tikililərin təməli qoyuldu. Nəhayət, bu ilin əvvəlindən yeni Füzuli şəhəri öz ilk sakinlərini qəbul etdi. Düzdür, hazırda sakinlərin sayı azdır, ancaq hər ay artır və bu proses Füzuli 22 min əhalisi olan modern şəhərə çevrilənə qədər davam edəcək.

16975265572661539005_1200x630.jpg (420 KB)

Dünən dövlət başçısı İlham Əliyev Füzulidə yerli sakinlərlə görüşdə bu barədə danışıb və görülən, görüləcək işlər barədə ətraflı məlumat verib.

Bu, əlbəttə, köhnə Füzuli olmayacaq. Şəhərin yerləşdiyi əski yer tamamilə düzlənib, hamarlanıb və ərazi böyük tikinti meydanına çevrilib. Burada tikilən şəhər Nyu-Füzuli (adı elə olmasa da) olacaq. Hazırda şəhərdə rahat yaşamaq üçün bütün infrastruktur, şərait var. Beynəlxalq təşkilatlar da bu fikirdədirlər ki, yaşayış üçün ən gözəl şərait yaradılıb. Həm küçələrin genişliyi, binaların daxili quruluşu, binaların bir-birindən aralı olması, hər şey gözlənilib.

İndi Füzulidən Şuşaya, Ağdama 1 saatlıq, Hadruta, Xocavəndə 10-15 dəqiqəlik, Laçına, Ağdərəyə, Zəngilan və Qubadlıya 1,5 saatlıq, Kəlbəcərə 2 saatlıq yol olacaq. Bu şəhərin zəhmətkeşlərinin yay-qış istirahəti üçün xarici ölkələrə getməsinə ehtiyac olmayacaq, ölkənin ən yaxşı istirahət məkanları, dilbər guşələri, sanatoriya və kurortları əlçatımı məsafəsindədir.

Füzuli rayonunun əhalisi öz doğma yurdunda məskunlaşandan sonra o bərəkətli torpaqda yetişdirilən kənd təsərrüfatı məhsulları ölkənin ehtiyaclarının mühüm hissəsini ödəyəcək.

fuzulinin-merkezi-kuceleri.jpg (34 KB)

Bəs üç il əvvəl necəydi? Ermənilərin “Varanda” adlandırdıqları bu şəhər füzulililərin təbirincə desək, verana (viranə) qoyulmuşdu, bayquşlar ulayan xarabazarlıq idi. Onlar hələ də utanmaz-utanmaz, xəstə düşüncəylə “Varanda şəhərimiz işğal olunub” deyirlər və onlara deyən yoxdur ki, öz şəhəriniz idisə, niyə xaraba qoymuşdunuz.

İşğaldan sonra bütün dünya vizual şəkildə gördü ki, işğalçılar bu şəhəri nə günə qoyub. Dövlət başçısı Füzuli camaatı ilə görüşəndə bu barədə belə deyib: “Biz uzun illər Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdı, elələri də var idi ki, inanmaq istəmirdi. İşğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Çünki buraya gələn hər bir insan görəcəkdi, erməni vəhşiliyi nədən ibarətdir”.

Hazırda əsas məsələlərdən biri də odur ki, Füzulinin digər kəndlərində də tikinti-quruculuq işlər başlansın, keçmiş vaxtlarda olduğu kimi, trestlər, böyük müəsisələr, təsərrüfat subyektləri yaradılsın, əhalinin məşğulluq imkanları genişləndirilsin.

5dgb9hcd0e_02.jpg (372 KB)

Bundan ötrü hər cür imkanlar var – aeroport və dəmiryol xətti hazırdır, ölkənin dörd bir tərəfinə uzanan şose yollar var, süni dəryaçalar, bəndlər mövcuddur. Füzuli rayonu hərtərəfli inkişaf üçün hər cür resurslara malikdir. Prezidentin çıxışından anlaşıldı ki, bütün bu məqsədlərə çatmaqdan ötrü yetərli siyasi iradə də var.

Necə deyərlər, çətin günlər arxada qalıb, yönümüz işıqlı, sabit gələcəyədir. 

Eşq olsun bu rayonu işğaldan azad edən qəhrəman əsgərlərimiziə də, rayonu bərpa edən dövlət başçısına da.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR