İnsanlara hürriyət, millətlərə istiqlal!

Nümunə yaradan lider, təşəkkürü haqq edən dövlət

Azərbaycan dövlətinin usta xarici siyasət yürütməsini bu gün ölkəmizin əleyhdarı olanlar da etiraf etməkdədirlər. Hətta ermənilər belə anlayırlar ki, Zəngəzur dəhlizinə alternativ olan dəhlizlə bağlı Bakı və Tehran arasındakı razılaşma Azərbaycanın tarixi uğurudur.

Xatırladaq, dünənədək vəziyyət necə idi: İrandan Azərbaycana qarşı hücumları, Ermənistanı məmnun edən davranışları müşahidə edirdik, Tehran gizli şəkildə Qarabağa yüklər daşıyırdı, bu özbaşınalığın qarşısı alınanda da Tehrandan qıcıqlı münasibət gördük. Amma bu gün mənzərə tam dəyişib: 44 günlük müharibədə sərhədlərimizə ordu toplayan İran bu gün məmnuniyyətlə Azərbaycanın Naxçıvan Muxtar Respublikası və Türkiyəyə bağlayacaq dəhliz anlaşmasına gedir. Azərbaycan dövlətinin uğurlu siyasəti növbəti dəfə öz sözünü dedi. İndi Mehrinin 5 km-liyindən keçəcək dəhliz yola uzaqdan baxan Ermənistan bir azdan Azərbaycana yalvaracaq, Zəngəzur dəhlizinə görə…

Rəsmi Bakı unikal addım atdı, həm də Laçın dəhlizinin nəzarət altına alınması baxımından Zəngəzur dəhlizilə bağlı asılılığı aradan qaldırmış oldu Tehranla əldə olunan razılaşması ilə. Üstəlik, Bakı-Tiflis-Qars yolumuz var idi. Zəngəzurdan İğdıra uzanacaq dəhliz də açılanda alternativin sayı üçə çatacaq. “Dalan ölkə” gec-tez anlayacaq gerçək situasiyanı, seytnot vəziyyətə düşdüyünü anlaya bilmir hələ ki…

Rəsmi Bakının müstəqil siyasətinin unikallığına baxın ki, Tehranla dəhliz anlaşması imzalayır, ardınca ABŞ dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəng edərək, ona təşəkkürünü bildirir. Düzdür, təşəkkür Azərbaycan dövlətinin Ukraynaya göstərdiyi humanitar dəstəyi ilə bağlıdır, amma elə də prinsipial fərq yoxdur, söhbət dövlətimizə, ölkə başçısının verdiyi qərarlara, atdığı addımlara, sistemli yanaşmalarına, müstəql siyasətinə münasibətdən gedir. Blinken ötən ilin 28 aprelində Azərbaycan prezidenti ilə telefonla danışarkən də yüksək fikirlər söyləmişdi. Rəsmi məlumatı xatırladaq: “ABŞ-ın dövlət katibi Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirmiş, enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulamış, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirmişdir”.

Bu ilin 15 martındakı telefon söhbəti zamanı isə Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb. Diqqət edin, nə “pensiya yaşına çatmış Minsk Qrupu” var, nə arxivə göndərilmiş “Dağlıq Qarabağ” söhbəti, nə də hansısa “münaqişə”, Ağ Evdə yaxşı bilirlər Azərbaycan dövlət başçısının mövqeyini və korrekt davranırlar. Üstəlik, Azərbaycanın bölgədəki rolunu da kifayət qədər dəyərləndirirlər, lider ölkənin lideri ilə nəinki Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesi, ümumilikdə Cənubi Qafqaz regionunun müzakirə edilməsi faktı da bu xüsusdan qiymətləndirilməlidir.

Dünyanın aparıcı paytaxtları Azərbaycan dövləti, onun başçısı ilə hesablaşır. Xüsusilə də 44 günlük müharibə nəticəsində təkbaşına BMT Təhlükəsizlik Şurasının 28 il ərzində icra olunmayan 4 qətnaməsini yerinə yetirən Azərbaycan dövlətinin qətiyyətinə, gücünə və özünəinamına artıq böyük etimad mövcuddur. Azərbaycan zamanın sınaqlarından çıxmış dövlətdir. Vaxtilə İrana qarşı ərazisindən istifadəyə qətiyyətlə “yox” deyən ölkəmiz müstəqil siyasətini davam etdirməklə, ABŞ, yaxud İranın əbədi düşməni İsrail dövlətilə də ikitərəfli əməkdaşlığın davam etdirilməsi strategiyasına sadiq qaldı. Yaxud Ukrayna ilə münasibətlərinin ən kəskin dönəmində Kiyevə səfər edən, bu ölkənin ərazi bütövlüyün birmənalı şəkildə müdafiə edən prezident Əliyev bir müddət sonra Rusiya səfərindən şimal qonşumuzla çox vacib və tarixi əhəmiyyətli əməkdaşlıq müqaviləsi ilə qayıtdı. Və ən mühümü budur ki, heç bir qüvvə Azərbaycana “güldən artıq” söz deyə bilmədi, deməyə haqları da yox idi, çünki Qoşulmayanlar Hərəkatının üzvü, eyni zamanda dönəm sədri olan Azərbaycan dövlətinin müstəqil siyasət yürütməsi, dövlət və milli maraqlarını əldə rəhbər tutması, ikitərəfli əlaqələrə üstünlük verməsi artıq aksiom kimi qəbul olunur.

Təkcə son bir ay ərzində dünyanın aparıcı dövlət və hökumət başçılarının Prezident İlham Əliyevə məktubları, telefon danışıqları, görüşləri Azərbaycan Prezidentinin dünyada böyük nüfuz sahibi olmasının, Azərbaycanın beynəlxalq arenada yeri və rolunun daha da yüksəlməsinin göstəricisidir.

Fevral və mart aylarında yayılan rəsmi xəbərlərə diqqət edək:

05.02.2022 Telefon danışığı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb;

15.02.2022 Telefon danışığı NATO-nun Baş katibi Yens Stoltenberq Telefon danışığı əsnasında Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyəti, Ukrayna ətrafında cərəyan edən proseslərə və dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb;

16.02.2022 Telefon danışığı Polşa Respublikasının Prezidenti Andjey Duda Telefon danışığı zamanı Azərbaycan ilə Polşa arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb;

21.02.2022 Məktub Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consondan Böyük Britaniya və Azərbaycan Respublikası diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı təbrik;

21.02.2022 Məktub Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən Avstriya Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ilə bağlı təbrik;

23.02.2022 26.02.2022 Telefon danışığı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Telefon söhbəti zamanı ikitərəfli gündəliyə və regional məsələlərə dair, habelə ölkələrimiz arasında əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb;

26.02.2022-ci ildə Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb. Haşiyə çıxaq: Rəsmi məlumata görə, söhbət zamanı Zelenski humanitar yardıma görə İlham Əliyevə təşəkkür edib. Bu barədə Ukrayna lideri öz Tvitter səhifəsində yazıb: “Beynəlxalq tərəfdaşlarla danışıqları davam etdirirəm. Azərbaycan prezidenti İlham Əliyevlə söhbətim olub. Bizə göstərilən humanitar yardımı və dərmanları yüksək qiymətləndiririk. Dəstəyə görə minnətdarıq”.

Diqqət edin, Azərbaycan Ukrayna ilə bağlı mövqeyinə görə həm Kiyevdən, həm də Vaşinqtondan təşəkkür alır. Bu, ölkəmizin haqqın tərəfində olduğunu, reallıqlara rəğmən, çox mütərəqqi mövqe sərgilədiyini nümayiş etdirir. Üstəlik, Ukrayna prezidenti Rusiya ilə danışıqların aparılması üçün təklif etdiyi şəhərlər sırasında Bakının da adını çəkir. Böyük etimaddır. Azərbaycan dünyanın toqquşan maraqları içərisində öz müvazinətini qoruyub-saxlamağı bacaran, ləyaqətli mövqeyi ilə seçilən, kişiyana davranış sərgiləyən dövlətlərdəndir. Kəsəsi, “göründüyü kimi olan, olduğu kimi görünən” dövlət!

Prezident Zelenskinin Azərbaycana təşəkkür twitindən bir gün sonra - 27.02.2022-ci il tarixdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Bakıya zəngi də Azərbaycan faktoruna önəm verilməsidir. Rəsmi məlumatda bildirilirdi ki, telefon danışığında Ukraynada hadisələrin eskalasiyası ilə əlaqədar vəziyyət, həmçinin Rusiya-Azərbaycan münasibətləri ilə bağlı məsələlər müzakirə edilib. Azərbaycan və Rusiya müttəfiqlik sazişi imzalayıblar, amma Bakı Ukraynanın bütövlüyünü də birmənalı şəkildə bəyan edir, azı biz işğalın nə demək olduğunu yaxşı bilirik, sərhəd bütövlüyü dövlətimiz və vətəndaşımız üçün qırmızı xətdir. Lakin Ukrayna ilə müharibə aparan Rusiya Azərbaycanı nəyisə diktə etmək gücündə və istəyində deyil, çünki Əliyevin mövqeyini, prinsipiallığını yaxşı bilir. Vladimir Putinin dediklərini xatırladaq: “Azərbaycan prezidenti İlham Əliyevlə razılığa gəlmək bəzən çətin olur, lakin razılaşmalar əldə olunarsa, o zaman onların icrasına əmin olmaq olar”. Sözü ilə əməli bir olan prezidenti yaxından tanıyanlar üçün mübahisəyə yer yoxdur artıq.

Bakı ilə təmasların davamını diqqətinizə çatdıraq:

01.03.2022-ci il tarixdə Fransa Respublikasının Prezidenti Emmanuel Makron azərbaycanlı həmkarı ilə telefonla danışdı. Söhbət zamanı Ukraynada cərəyan edən böhran vəziyyəti və Ukraynaya humanitar dəstəyin göstərilməsi məsələləri müzakirə olundu. Martın 3-də Moldova Respublikasının Prezidenti Maya Sandu ilə regional məsələlər barədə fikir mübadiləsi aparıldı. 07.03.2022-ci il tarixdə isə Fransa Respublikasının Prezidenti Emmanuel Makrondan Fransa və Azərbaycan öz diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə dair təbrik məktubunu yolladı. Bir gün sonra İtaliya Respublikasının Nazirlər Şurasının Sədri Mario Draqi Bakıya telefon açdı. Söhbət əsnasında Azərbaycan və İtaliya əlaqələri, həmçinin regional mövzular, o cümlədən Ukraynada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparıldı. Göründüyü kimi, Ukrayna məsələsi əksər zənglərin aparıcı mövzusudur. Bu, həm də Qarabağ məsələsinin bitdiyinə işarədir. Öz problemini həll etmiş dövlətimiz artıq dünyanı narahat edən mövzularda söz sahiblərindən biri kimi qəbul olunur.

Sözsüz ki, burada qardaş Türkiyə ilə koordinasiyalı siyasətin önəmli yeri və rolu var. Elə martın 9-da Azərbaycan və Türkiyə liderlərinin bir araya gəlməsi də mühüm hadisə idi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Görüşdə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulandı. Gücümüzə güc qatır qardaş ölkə!

Martın 14-də isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Əliyevə telefon açdı. Söhbət zamanı Cənubi Qafqazda post-münaqişə dövrü, Ermənistan ilə Azərbaycan arasında təmaslar və normallaşma prosesi, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələləri müzakirə edildi. Növbəti telefon danışığı bir gün sonra, Rumıniya Prezidenti Klaus Yohannisla oldu. Telefon danışığı zamanı ikitərəfli əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı.

Nəhayət, 15.03.2022-ci ildəki telefon danışığı: Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti ilə söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb, həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Çevrənin genişliyinə diqqət edin, , beynəlxalq təşkilatlar, aparıcı paytaxtlar, Azərbaycanın yerinə, roluna, imkanlarına, geopolitik və geostrateji əhəmiyyətinə önəm verən liderlər, çevrələr…”Var millətimin imzası imzalar içində”, deyimi çox yerinə düşür. Pandemiyaya qarşı mübarizədə sözü ilə, əməli addımları, zəif inkişaf etmiş ölkələrə dəstəyi ilə mərdcəsinə, cəsarətlə davranan, təkbaşına erməni işğalına və terroruna qarşı mücadilə apararaq qalib gələn, bütün qovğalara rəğmən, Avropanın enerjidaşıyıcılara olan tələbatına özünün töhfəsini verən, ölkəmiz bu gün Rusiya-Ukrayna savaşında da ədalətli mövqeyinə görə seçilir, etimad göstərilir. Dünya zamanında səsinə səs vermədiyi Azərbaycana görə sınaqdan heç də yaxşı çıxmadı, unutmamışıq. Amma bütün bunlara baxmayaraq, haqqın yanındadır beynəlxalq siyasətdə, qarışıq dünyada nümunə göstərir dövlətimiz... Və təşəkkürü haqq edir Azərbaycan!

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR