Onlayn ictimai-siyasi qəzet
Havaların isinməsi pivəyə olan marağı da artıb. Xüsusilə yay aylarında insanlar sərinləmək üçün daha çox qazlı və alkoqollu içkilərə üstünlük verirlər.
Satıcıların sözlərinə görə, bu günlərdə pivə satışında artım müşahidə olunur.
Marketlərdə və içki dükanlarında həm yerli, həm də xarici istehsal olan pivələrə rast gəlmək mümkündür. Alıcılar isə əsasən qiymətə və dadına görə seçim etdiklərini deyirlər.
Hazırda yerli pivələrin qiyməti 1.5-2 manat arasında dəyişir, xarici brend məhsullar isə 2.5-3 manata qədər təklif olunur.
Satıcılar bildirir ki, xüsusilə axşam saatlarında pivə alanların sayı artır. Onların sözlərinə görə, bu, həm hava şəraitindən, həm də insanların gündəlik istirahət ehtiyacından qaynaqlanır.
Bəzi vətəndaşlar isə qiymətlərin ötən illə müqayisədə bir qədər artdığını deyirlər. Bunun səbəbi kimi istehsal xərclərinin və idxal qiymətlərinin yüksəlməsi göstərilir.
Ümumiyyətlə, yay aylarında pivə istehlakı Azərbaycanda ənənəvi hal alıb.
Lakin mütəxəssislər bildirir ki, alkoqollu içkilərdən istifadə zamanı ölçü gözlənilməlidir. Pivə isti havalarda sərinlədici içki kimi görünsə də, onun zərərli tərəfləri də var. Tez-tez və nəzarətsiz şəkildə pivə içmək sağlamlıq üçün təhlükəlidir.
Əvvəla, pivə alkoqollu içkidir və bu da o deməkdir ki, orqanizmə təsiri var. Uzun müddət davamlı istifadəsi qaraciyərə ziyan verə, mədə-bağırsaq problemləri yarada və hətta psixoloji asılılıq da formalaşdıra bilər. Bəzi insanlar “pivə yüngüldür” deyə düşünür, amma bu da insanı aldatmasın. Müntəzəm içildikdə o da zərərlidir.
Bundan başqa, pivənin tərkibində qaz və kalori də çox olduğuna görə artıq çəkiyə və kişilərdə hormonal pozuntuya da səbəb ola bilər.
Bu barədə qida eksperti Fərid Səfərov Musavat.com-a bildirib ki, pivə bəzən az miqdarda içildikdə müəyyən faydalar versə də, ümumilikdə insan sağlamlığı üçün zərərlidir.
Onun sözlərinə görə, pivə çox qəbul edildikdə qaraciyərə zərər verir, hətta sirroza qədər aparıb çıxara bilər:
"Həmçinin sinir sisteminə mənfi təsir edir, yaddaş pozuntusu, diqqət azalması və depressiya yaradır. Ən əsası isə kişilərdə hormonal pozuntuya səbəb ola, testosteron səviyyəsini azalda bilər. Öz növbəsində mədədə turşuluğu artırır, qastrit və reflü yaradır. Artıq çəkiyə və "pivə qarnı" deyilən hala gətirməsi isə öz yerində.
Qadınlar üçün xüsusi təhlükəsi var. Belə ki, qadınlarda süd vəzi xərçəngi riskini artırır”.
Ekspert əlavə edib ki, qaraciyər, ürək, böyrək və sinir sistemi problemi olan şəxslər üçün pivə təhlükəli içkidir:
"Bu içki yalnız az və nadir hallarda istifadə olunduqda faydalı ola bilər. Pivə tərkibində antioksidantlar ola və sidikqovucu təsir göstərə bilər, amma bu, yalnız çox az miqdarda içildikdə keçərlidir. Sağlam qalmaq üçün spirtli içkilərdən uzaq durmaq lazımdır".
Sultan Məmmədli
Musavat.com
24 Iyul 2025
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ