Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş nazir Nikol Paşinyan Azərbaycanın sülh sənədi ilə bağlı növbəti mövqeyini aldıqdan sonra hökumət və hakim fraksiya üzvləri ilə müzakirələrə başlayıb. Yada salaq ki, Bakı təxminən iki həftə əvvəl İrəvanın təkliflərinə cavab verib. Bununla belə, beynəlxalq məhkəmələrdən iddiaların geri götürülməsi və üçüncü dövlətlərin sərhəddə yerləşdirilməsinin qarşısının alınması ilə bağlı məqamlar razılaşdırılmamış qalır.
Bu fonda “Azatutyun” radiosu yazır ki, erməni tərəfi beynəlxalq qurumlardan iddiaların geri götürülməsinə etiraz etmir, lakin ayrı-ayrı şəxslər məhkəmə iddialarını fərdi şəkildə həyata keçirə bilməlidirlər. Üçüncü ölkələrin sərhəddə yerləşdirilməsinə qadağa qoyulması bəndinə gəlincə, Ermənistan buna da hazırdır. Erməni tərəfi təklif edib ki, müşahidəçiləri sərhədin yalnız demarkasiya olunmuş hissələrindən çıxarsınlar, tam demarkasiya edildikdən sonra isə tamamilə çıxarılsınlar.
“Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində üçüncü tərəfin olmaması məsələsi nəzərdən keçirilir”, - bunu isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. Onun sözlərini İrəvan mətbuatı sitat gətirir. Bundan əlavə, “İrəvan beynəlxalq hüquqi platformalarda Azərbaycana qarşı mübahisələrdən, iddialardan və şikayətlərdən imtina etmək imkanlarını müzakirə edir”, - deyə nazir qeyd edib. Yəni verilən mesajın anlamı budur ki, daha sülh sazişi üçün heç bir əngəl qalmadı. Amma bu, zahirən belə görünə bilər. Məsələ burasındadır ki, Azərbaycanla Ermənistan arasında şərti sərhədlərin məsafəsi 1007 km-dən artıqdır. Bu günədək cəmi 12.5 km-lik sərhəd xətti razılaşdırılıb. Deməli, Aİ missiyasının hələ uzun illər min km-dək ərazilərdə mövcudluğu müzakirə mövzusudur, bu isə Bakını qane edə bilməz. Beynəlxalq məhkəmələrlə bağlı Ermənistanın normal davranacağı da az inandırıcıdır. Əslində qonşu ölkənin ərazilərini uzun illər işğalda saxlayan Ermənistanın məhkəməyə müraciətinin özü nonsesdir və absurddur. Amma rəsmi İrəvan bu məsələlər arasında bərabərlik işarəsi qoymağa cəhd göstərir.
Prezident İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bəyan edib ki, Ermənistan-Azərbaycan prosesinə gəldikdə, biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq. Dövlət başçısı daha sonra bunları söyləyib: “Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri və Ermənistanın təcavüzünün məhz bizə verdiyi ziyanı bilirik. Biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir. Bütün şəhərlər, kəndlər yerlə-yeksan olunub və onlar bizim kəndlərimizə, şəhərlərimizə, bizim dinimizə və tarixi irsimizə qarşı bilərəkdən belə hərəkətlər etmişlər. 65 məscidi dağıtmışdılar”. Prezident bildirib ki, Xocalı soyqırımında 613 insan - 100-dən artıq qadın, həmçinin 60 uşaq qətlə yetirilib. Lakin biz gələcəyə baxmalıyıq. “Biz Cənubi Qafqazda sülh qurmalıyıq”, - deyən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan sülh prosesinə bağlıdır və əslində həmin sülh müqaviləsinin (Ermənistana təqdim olunan - red.) müəllifidir. Bildirib ki, sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksər hissəsi razılaşdırılıb. Bununla belə, dövlət başçımız xəbərdar edib ki, Ermənistana təchiz olunan məhvedici silahlar bizə qarşı yönəlir. “Bəlkə də onlar bu gün başqa yerlərdə lazımlı olar. Amma o silahlar Ermənistana göndərilir”. (AZƏRTAC).
Göründüyü kimi, ölkə başçımız Ermənistanın bütün siyasi oyunlarının, sülh pərdəsi altında gislənməsinin cavabında gərəkən mesajları verib.
Ermənistan hakimiyyətinin xarici auditoriyaya ünvanlanmış sülhə hazır olduqlarını bildirən bəyanatlarına baxmayaraq, Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşır. Bu barədə Caliber.az yazıb. Bildirilir ki, rəsmi İrəvanın son addımlarının məntiqi - revanşist əhval-ruhiyyənin güclənməsi və sürətli militarizasiya prosesi - bölgənin Ermənistan tərəfindən təxribat törədilmiş yeni müharibə astanasında olduğunu göstərir: Üstəlik, Ermənistan artıq qarşıdurmanın yeni mərhələsinə hazırlığını gizlətmir - belə ki, keçən həftə hökumət iclasında elan edilib ki, 1 aprel - 13 iyun tarixləri arasında ölkədə ehtiyatda olan hərbçilərin toplanışı keçiriləcək. Diqqətçəkən məqam odur ki, bu toplanış rekord müddətdə - tam 10 həftə davam edəcək ki, bu da standart hazırlıq müddətini xeyli üstələyir. Bundan əlavə, Caliber.az redaksiyasına etibarlı mənbələrdən daxil olan məlumata görə, İrəvan apreldə müharibəyə başlamağı planlaşdırır. Toplanan faktlar və məlumatlar Ermənistanın sərhəddə aqressiv hərəkətlərə məqsədyönlü şəkildə hazırlaşdığını göstərir ki, bu da yeni eskalasiya təhlükəsini real edir.
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistanda savaş hazırlıqları haqda iddialar reallığı əks etdirir. S.Alıyevin sözlərinə görə, rəsmi İrəvanın bu arada intensiv konstruktiv açıqlamalar səsləndirməsinin özü də əslində qarşı tərəfin savaş hazırlığından xəbər verir, nəinki sülh planından: “Burada yeni döyüşlər başlayarsa, bunun məsuliyyətini Azərbaycanın üzərinə yıxmaq niyyəti yəqin güdülür. Beləliklə, dəqiq deyə bilərik ki, bəli, qarşı tərəf revanşizmə hazırlaşır. Amma şərti sərhəddə yeni toqquşmaların olub-olmayacağı haqda mən dəqiq heç nə deyə bilmərəm. Azərbaycanın xəbərdarlığının ciddiliyini dərk edib hazırlıqlara son qoysalar olmayacaq, hazırda atdıqları addımları davam etdirsələr, yəqin olacaq . Amma bununla regiondakı reallığı və xəritəni dəyişəcəklərini düşünənlər bu savaşda, ümumiyyətlə, xəritədən silinə bilərlər. Qoy yaxşı-yaxşı düşünsünlər, bu onlara lazımdırmı?” Deputat xəbərdarlığını etdi: “Əgər Paşinyan indi də "Ermənistan Qərbi Azərbaycandır" deməyə hazırlaşırsa, onda buyursunlar".
Qafar Çaxmaqlı
Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı da rəsmi İrəvanın siyasi və diplomatik oyunbazlıqla məşğul olmasına diqqət çəkdi: “Ermənistanın XİN rəhbərinin niderlandlı həmkarı ilə görüşündə səsləndirdiyi fikirlər razılaşdırılmamış iki maddə ilə bağlı idi və bu, təbii ki, auditoriyaya ünvanlanıb. Guya Ermənistan konstruktiv yanaşma nümayiş etdirir. Hər iki maddədə özünə manevr imkanları da qoyur. Dövlət beynəlxalq qurumlara iddialardan vaz keçir, amma ayrı-ayrı fərdlərin müraciətinə qarışmır. Bu, o deməkdir ki, Ermənistan məhkəmələrə müraciətlərin başqa üsuluna keçir. Bu, razılaşma deyil. İkinci razılaşdırılmamış maddə ilə bağlı da manevr edir. Beynəlxalq müşahidəçilərin sərhəddə işini davam etdirməsi ilə bağlı missiya artıq iki il uzadılıb. Onların hansı yerdə və nə şəkildə qalmasının əhəmiyyəti yoxdur. Demarkasiya işi bəlkə iki ildən daha çox davam edə bilər və avropalılar orada olacaqlar”. Q.Çaxmaqlının sözlərinə görə, bütün bunlar göstərir ki, bu bəyanatların arxasında məkrli məqsəd var: “Ona da inanmaq çətindir ki, Ermənistan vaxt qazanıb müharibəyə başlasın. Bəlkə də lokal bir tədbir görüb məqsədinə çatmaq üçün sərhəddə eskalasiyaya gedə bilərlər. Amma Ermənistanın müdafiə gücü buna imkan verməz ki, açıq savaşa girsin. Belə hərbi hazırlıq və müharibəyə getmə alqısı yenə də daxili və xarici auditoriya üçündür. Həm də unutmaq olmaz ki, ölkə seçki ərəfəsindədir və Paşinyan bu seçkiləri udmaq üçün xalqın milliyyətçi revanşist təbəqəsini öz tərəfinə çəkmək istəyir”.
Ermənistanı növbəti dəfə müharibəyə sürükləmək istəyirlər, buna şübhə yoxdur. Fransa başda olmaqla, Aİ, həmçinin digər bir sıra ölkələr öz maraqlarını bölgədə gerçəkləşdirmək, Minsk Qrupunu diriltmək üçün lokal toqquşmalara nail olmağa çalışırlar. Amma Prezidentin bundan əvvəl dediyi kimi, “peşman olacaqlar!”
E.PAŞASOY,
“Yeni Müsavat”
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ