İnsanlara hürriyət, millətlərə istiqlal!

“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  

 

1930-cu illərin siyasi qruplaşmalarında, dövlət qurumları arasındakı münasibətlərdə “NKVD” ilə komsomol orqanları arasındakı gərginlik diqqəti daha çox cəlb edib. Ümumittifaq Komsomol Komitəsinin birinci katibi Aleksandr Kosarevin “NKVD” rəhbərləri Nikolay Yejova, daha sonra isə Lavrenti Beriyaya qarşı barışmaz mövqeyi iki qurum arasında qarşıdurmaya səbəb olub.

Qeyd edək ki, 1903-cü ildə Moskvada anadan olan Aleksandr Kosarev 16 yaşından komsomol təşkilatlarında işə başlayıb, gənclər hərəkatının fəal üzvlərindən olub, təşkilatçılıq bacarığı ilə fərqlənib, 1920-ci ildə 6 aylıq partiya məktəbində, 1924-cü ildə isə Kommunist Universitetində qiyabi təhsil alıb.

Komsomol xətti ilə sürətlə irəliləyən Aleksandr Kosarev 1925-ci ildə Penza vilayəti Komsomol Komitəsinin birinci katibi seçilib.

1927-ci ildə Moskva şəhər Komsomol Komitəsində kadr islahatları aparılanda Kosarev paytaxta ezam olunub. Moskva komsomoluna kömək məqsədilə ezam olunan Kosarev elə həmin ildə də Moskva Komsomol Komitəsinə birinci katib seçilib.

286428_78_img72.jpg (27 KB)

İosif Stalinin göstərişi ilə komsomol orqanlarının xalq düşmənlərindən təmizlənməsi prosesində Kosarev fəal iştirak edib. Bununla yanaşı o, tanıdığı gəncləri komsomolda yüksək vəzifələrə təyin etməyə də nail olub.

Məhz bu fəallığına görə 1929-cu ildə Mərkəzi Komitənin plenumunda Aleksandr Kosarevin ölkə komsomoluna rəhbərlik etməsi məqbul sayılıb.

Stalinin repressiya planları işə düşəndə və repressiya sükanının arxasına “NKVD” rəhbəri Nikolay Yejov keçəndə ölkənin ayrı-ayrı bölgələrindəki komsomol rəhbərləri də qurbanlar siyahısında böyük yer tutub. Kosarev onlardan çoxunun günahsız olduğunu anlayıb və nə vaxtsa komsomol rəhbəri kimi bu günahsız insanların güllələnməsinə, sürgünə göndərilməsinə cavab verəcək bir şəxs olaraq özünü sığortalamaq üçün Stalinə bir neçə dəfə yazılı müraciətlər edib, konkret şəxslərin heç bir günahı olmadığını bu məktublarda faktlarla ifadə edib.

O cümlədən Kosarev Nikolay Yejova da iradlarını bildirib. Yejov isə bu iradlara bir cümlə ilə cavab verib:

“Biz uşaqların “NKVD”-nin işinə müdaxilə etməsinə imkan vermirik...”

Sonradan Lavrenti Beriyanın “NKVD”-yə gəlməsi isə məsələləri daha da qəlizləşdirib.

1218113_original.jpg (56 KB)

Mövcud mürəkkəb vəziyyətdə Stalinə və Beriyaya xoş görünmək üçün müttəfiq respublikaların və ayrı-ayrı dövlət qurumlarının rəhbərləri çalışıblar ki, Kremlə göndərilən repressiya qurbanlarının siyahılarını daha da böyük etsinlər.
Elə bu məqsədlə Kosarevin tabeliyində işləyən, ümumittifaq komsomolunun təbliğat və təşviqat şöbəsinin rəhbəri Olqa Mişakova Çuvaş Muxtar Respublikasına ezamiyyəti zamanı muxtar respublikada hesabat konfransı keçirib. Konfransda Mişakova səsvermə yolu ilə muxtar respublikanın komsomol rəhbərlərini işdən azad etməyə nail olub və onları antisovet təbliğatda günahlandırıb. Mişakova bu haqda birbaşa öz rəhbəri olan Kosarevi məlumatlandırmayıb və böyük bir arayış hazırlayaraq bir nüsxəsini Mərkəzi Komitəyə, digərini isə “NKVD”-yə göndərib. Məsələ kifayət qədər böyük səs-küyə səbəb olub. İşdən azad olunan komsomol rəhbərləri Kosarevin təkidi ilə yenidən öz vəzifələrinə bərpa olunublar. Sözsüz ki, bu da Olqa Mişakova ilə xüsusi münasibətləri olan Lavrenti Beriyanın qıcığına səbəb olub.

Beləliklə, Aleksandr Kosarevə qarşı oyunlar başlayıb. Onun iclaslarda, müşavirələrdə, tədbirlərdə çıxışları, bəzən isə dövlət məmurlarını tənqid etməsi bir çoxları üçün problemə çevrilib.

Olqa Mişakova ilə Kosarevin münasibətləri isə Mərkəzi Komitənin plenumu səviyyəsinə qədər qalxıb. Stalinin də iştirak etdiyi plenumda Georgi Malenkov və Andrey Jdanov Aleksandr Kosarevi xalq düşmənlərinə qarşı mübarizədə anlaşılmaz mövqe nümayiş etdirməkdə ittiham ediblər. Stalin bu ittihamlarla razılaşıb.

odg52ed253658ead_1024.jpg (59 KB)

1938-ci il noyabrın 22-də keçirilən ümumittifaq komsomolunun 7-ci plenumunda Aleksandr Kosarev tutduğu bütün vəzifələrdən azad olunub və partiya sıralarından xaric edilib. Səhəri gün, noyabrın 23-də Aleksandr Kosarev Moskva ətrafındakı bağında həbs edilib. Kosarevin arxasınca şəxsən Lavrenti Beriya gedib.

23 fevral 1939-cu ildə Kosarevin məhkəməsi başlayıb. Proses cəmi 15 dəqiqə davam edib. Bu 15 dəqiqənin 10 dəqiqəsini Kosarev son çıxışını edib, hökumətin ünvanına sərt ifadələr səsləndirib, Beriyanı isə əclaf və alçaq adlandırıb. Sabiq komsomol rəhbəri çıxışını aşağıdakı ifadələrlə yekunlaşdırıb:

“...Siz yaramaz, əclaf və cinayətkarsınız. Bu cür iyrənc və alçaq əməllərinizlə sovet hökumətini dağıtmağa cəhd edirsiniz. Amma bütün bunlara görə nə vaxtsa cavab verəcəksiniz. Tarix sizin kimi şərəfsiz və xəyanətkar alçaqları heç vaxt bağışlamayacaq...”

Kosarev məhkəmənin hökmü ilə ən ağır cəzaya, güllələnməyə məhkum edilib. Hökm həmin gün Lefertovo həbsxanasında icra edilib.

İlham Cəmiloğlu, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR