İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikol Vovayi, Minsk Qrupu ölüb, umer, est mort, is dead, մահացած է!!!

İLK YAYIM SAATI: 22:43

Nikol Paşinyan “X” sosial şəbəkəsində “Ermənistan və Azərbaycan arasında sülh sazişinin layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Mən razılaşdırılmış sənədi imzalamağa hazıram”, - yazandan sonra şərti sərhədlərdə silahlar susmur. Makrondan tutmuş, digər himayədarlarınadək bir çoxlarından “alqış” alan Ermənistanın baş naziri nədənsə sülh bağlamağa “hazır olduğu” Azərbaycana atəş açanların araşdırılmasına həvəsli görünmür. Məntiq onu deyir ki, Paşinyan orduya “işinizdə olun”, deyib və “sülhməramlı” bəyanatlarına davam edir.

Növbəti bəyanatı ATƏT-in Minsk Qrupu ilə bağlı oldu. Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib ki, “müzakirə edilə bilənlərdən biri ATƏT-in Minsk Qrupunun buraxılması imkanıdır. Bir daha təkrar edirəm: ATƏT MQ-nin buraxılması məsələsi müzakirəyə açıqdır. Biz yaxın zamanda bu barədə müzakirələr başlatmaq niyyətindəyik”. Mövqeyə baxın, minnətə baxın. Azərbaycan 5 ildir deyir Minsk Qrupu yoxdur, pensiyaya çıxıb, sonra da ölüb, amma Nikol hələ indi müzakirəyə başlamaq niyyətindəymiş. Bəlkə tələsməyəsən... Azərbaycan XİN dəfələrlə ATƏT-in Minsk Qrupunun və onunla bağlı strukturların rəsmi buraxılmasının zəruriliyini bəyan edib. Prezident İlham Əliyevin bu məsələ ilə bağlı prinsipial mövqeyi var. Dövlət başçımız 44 günlük müharibədən bir ay sonra, 2020-ci ilin 12 dekabrında o zamankı 3+1-i, yəni ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdi, məhz onların xahişi ilə. Prezident demişdi ki, “buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun”. Ölkə başçısı alicənablıq nümayiş etdirərək turist diplomatları dinləmişdi. Onlara bildirmişdi ki, keçmiş Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. “Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir”, deyən Azərbaycan Prezidenti belə bir missiyaya daha yer olmadığını aydın şəkildə ifadə etmişdi.

Paşinyan şərtlərimizi qəbul etdi? 

Sonrakı illərdə Minsk Qrupunun üzvləri regiona qayıtmaq üçün çox cəhd göstərdilər. Hətta tək-tək İrəvana gələnlər də oldu. Amma Bakı mövqeyindən dönmədi. 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra isə ABŞ və Fransa Minsk Qrupunda fəaliyyətlərini dondurduqlarını bəyan etdilər. Rusiya ilə düşmənçilik edən ölkələrin diplomatları necə bir çətir altında qala bilərdilər? Təbii ki, mümkündüz idi. Bu günlərdə isə Rusiya XİN sözçüsü Mariya Zaxarova Minsk Qrupunun bərpasının mümkünsüzlüyünü elan etdi. 

Təbii ki, əsas söz sahibi qalib, prosesləri diqtə edən Azərbaycandır. Dövlət başçımız keçən ilin yayında qəti şəkildə bəyan etmişdi ki, Ermənistan sülh müqaviləsini imzalamaq istəyirsə, o halda konstitusiyasını dəyişdirməli və Minsk Qrupundan imtina etdiyini rəsmiləşdirməlidir! Bu qədər sadə. 

Bütün bunlardan sonra Nikol Paşinyan Minsk Qrupu ilə bağlı müzakirələrə başlamaq “niyyətini” açıqlayır. Nəyi müzakirə edəcəksiniz? Hansı dildə deyilsin ki, başa düşəsiniz? Yoxdur, gorbagor oldu Azərbaycan ərazilərinin ilhaqı üçün gecə-gündüz çalışan, İrəvan-Xankəndi marşrutunu “su yolu”na döndərən, on illərlə Azərbaycanın faciələrini görməzdən gəlib, kef çəkən, “turist diplomatlar” kimi məşhur olan, havayı pensiya alan, Azərbaycan ərazisindən belə, Qarabağa getməyi özlərinə sığışdırmayan anti-Azərbaycan missiya! Minsk Qrupunun nəinki “üç-yeddisi”, illəri çıxıb. Kəsəsi, Nikol Vovayi, Minsk Qrupu ölüb, umer, est mort, is dead, մահացած է!!!

Ölüm faktını sadəcə rəsmiləşdirmək lazımdır, nə müzakirə? Şübhə yoxdur ki, Ermənistan Minsk Qrupunun ölüsündən də nələrsə qazanmaq istəyir. Putinin Makronu görməyə gözü yoxdur, Paşinyan deyir gəlin, oturaq, Fransa, ABŞ və Rusiya diplomatlarının bizə lazım olub-olmayacağını müzakirə edək. Absurdluğun son həddi. 

Zaxarovanın canfəşanlığının kodları açılır:“Erməni terrorçuların  qaytarılması Rusiyanın...”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kremlin mövqeyini açıq ifadə edib. Deyib ki, ATƏT-in Minsk Qrupu çərçivəsində işin bərpası mümkün deyil.

Hətta onu da bildirib ki, son zamanlar Rusiya ilə ABŞ arasında təmasların bərpa olunmasının Minsk Qrupu mövzusu ilə heç bir əlaqəsi yoxdur. Yəni Trampla Putinin münasibəti belə, bu qrupu dirildə bilməyəcək. Ortada “ölüm faktı” var axı. 

M.Zaxarova Rusiyanın ATƏT-in Minsk Qrupu ilə bağlı mövqeyinin dəyişməz olduğunu söyləyib. Həmçinin Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığını, 2023-cü ilin sentyabrında yerdə vəziyyətin köklü şəkildə dəyişdiyini xatırladıb. Zaxarova qeyd edib ki, bütün bunlardan sonra ATƏT-in Minsk Qrupu öz aktuallığını itirib: “İki həmsədr qrupda fəaliyyətini dayandırandan, yuxarıda sadaladığım faktorlardan sonra hansı Minsk Qrupundan söhbət gedə bilər?!” (APA)

Rusiya XİN sözçüsü ATƏT-in Qarabağ nizamlanması ilə bağlı bütün strukturlarının buraxılmalı olduğunu vurğulayıb. Əlavə edib ki, bunu optimal yolu Bakı və İrəvanın birlikdə ATƏT-in qeyd olunan institutlarının ləğv olunması təklifi ilə çıxış etməsidir. Lazım olanlar deyilib. Bütün bunlardan sonra Paşinyan minnətlə müzakirəyə hazır olduğunu deməklə...Belə yerdə “motalla bir canlının misalı” yada düşür...

Əslində məqsəd bəllidir. İrəvan Minsk Qrupunu “qurban” verməklə Avropa İttifaqının kəşfiyyat şəbəkəsinin bölgədə qalmasını legitimləşdirmək istəyir. Yəni “o olmasın, bu olsun”. 

Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın! İlham Əliyev

Bu gün Bakının əsas tələbi Minsk Qrupu deyil, çünki “ölünün dalınca danışmazlar”. Azərbaycan Ermənistandan konstitusiyasını dəyişdirməyi, ərazi iddiaları olan sənədlərdən imtinanı tələb edir! Paşinyan söz oyunu ilə məşğul olmaqla diqqəti əsas tələbdən yayındırmağa və həm də özünü “konstruktiv müzakirələrə hazır” adam kimi təqdim etməyə çalışır. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Mart 2025

BÜTÜN XƏBƏRLƏR