İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikol inqilabi referenduma gedir: Türkiyə və Azərbaycana qarşı torpaq iddiaları ləğv ediləcək?

Paşinyan yazda konstitusiyaya dəyişikliklərə hazırlaşır, erməni analitiklərin fikrincə, Ermənistan yaxın zamanlarda ərazi iddialarından imtina edəcək; Elman Nəsirov: “Erməni baş nazir əlverişli zamanı gözləyəcək, yaxşı anlayır ki...”

Ermənistan İkinci Qarabağ müharibəsindəki ağrılı məğlubiyyətindən sonra həm də konstitusiyasını dəyişmək məcburiyyətindədir. Söhbət ondan gedir ki, Ermənistanın Ana Yasasında Azərbaycan və Türkiyəyə qarşı torpaq iddiaları yer alır. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, Ermənistan regionda yaranmış yeni reallıqlarla barışıb, konstitusiyasındakı bu anormallığı aradan qaldırmadan Türkiyə, Azərbaycanla birlikdə layihələrdə iştirakı, əməkdaşlığı mümkün olmayacaq. Yəni Ermənistanın öz məkrlərindən, torpaq iddialarından əl çəkmədən onunla əməkdaşlığa gediləcəyi inandırcı görünmür. İrəvan da başa düşür ki, Türkiyə ilə münasibətləri qaydasına salmadan hansısa inkişafı qətiyyən mümkün deyil.

Yeri gəlmişkən, Ankara-İrəvan əlaqələrinin normallaşmasında irəliləyiş var: havadan yük daşımalarına olan qadağa götürülüb, viza alınması sadələşdirilib, üçüncü ölkə vətəndaşlarının quru sərhəddən keçməsinin razılaşdırılması çox yaxında görünür. Buna qədər Praqada Ərdoğan-Paşinyan görüşü olub, həmçinin xüsusi nümayəndələr Rusiyada və Avropada bir araya gələrək müzakirələr aparıblar. O baxımdan Nikol ölkəsinin nicatını Türkiyə və Azərbaycanla əlaqələri yaxşılaşdırmaqda görür, Rusiyanın peykindən uzaqlaşmaq üçün dəridən-qabıqdan çıxır.

Erməni mediasının yazdığına görə, baş nazir Nikol Paşinyan yazda Ermənistanda mütləq konstitusiya referendumunun keçiriləcəyini bildirib və Mərkəzi Seçki Komissiyasına artıq hazırlıq işlərinə başlamağı tapşırıb. “Past” qəzeti hökumətdəki mənbələrinə istinadən yazıb ki, qarşıdakı həftə konstitusiyaya dəyişikliklərlə bağlı komissiya yekun mətnlə bağlı müzakirə aparacaq. “Dəyişikliyin tam mətni ilə bağlı hökumətyönlü hüquqşünaslarla müzakirə aparılıb. Amma bəzi hüquqşünaslar dəvət alsa da, müzakirələrə qatılmayıb, bəziləri isə ilk başdan bundan imtina edib”, - qəzet yazıb. Bəzi erməni analitiklər hələ bir müddət öncə belə fikirlər səsləndirirdilər ki, Ermənistan yaxın zamanlarda Türkiyə və Azərbaycana qarşı torpaq iddialarından rəsmən vaz keçəcək. Ancaq Paşinyanın səmimiyyətinə nə dərəcədə inanmaq olar? Ermənistan Müstəqillik Bəyannaməsindən iki türk dövlətinə qarşı iddialarını silib ata bilərmi? Buna erməni diasporunun, müxalifətin və kilsənin reaksiyası necə olar?

Bu elementlər təbii ki, var və Paşinyan milli maraqlara xəyanət etməkdə ittiham olunaraq üzərinə böyük təzyiqlər qazandıra bilər. Ermənistan hakimiyyəti yaxşı bilir ki, indi onun vəziyyəti kövrəkdir və hər nə qədər ona qarşı olan güclər birləşərək devrilməsinə nail ola bilməsələr də, referenduma gedərək torpaq iddialarından imtina edilməsi böyük fəsadlar yarada bilər. Üstəlik, Köçəryan-Sərkisyan-Saqatelyan müxalifəti, Kilsə və erməni lobbisi ilə yanaşı Vardanyan adlı bir problem də üzərinə gəlib. Ona görə Paşinyan addımlarında tez-tez ziq-zaq etməli olur. Ötən il “Elə bir sənədə qol çəkəcəm ki, mənə satqın deyə bilərlər, amma Ermənistan naminə edəcəm” bəyanatına cəmiyyətin hansı reaksiyanı bildirməsini gördükdə geri çəkilməklə Paşinyan nümayiş etdirdi ki, daxili auditoriyadan ehtiyat edir.

Elman Nəsirov — Vikipediya

 Elman Nəsirov 

Deputat Elman Nəsirov “Yeni Müsavat”a qeyd etdi ki, Paşinyan 44 günlük müharibədə biabırçı məğlubiyyətinin fərqindədir və kapitulyant kimi tarixə düşdüyünü dərk edir. E.Nəsirovun sözlərinə görə, tarixdə elə qələbələr olub ki, hüquqi qüvvəyə minməyib, legitimləşməyib: “Belə tarixi epizodlar çoxdur. Amma Paşinyan gördü ki, Azərbaycanın tarixi qələbəsini beynəlxalq ictimaiyyət qəbul etdi. Prezident müsahibələrində söyləyirdi ki, kimsə bizim qələbəmizə görə irad bildirmədi. Ona görə belə vəziyyətdə Paşinyan daxildəki qüvvələrin və erməni lobbisinin təzyiqi altında zamanın axarının əleyhinə çıxır. Əslində siyasi manipulyasiya edir. Çünki Paşinyan Praqada Qarabağın Azərbaycana aid olduğunu təsdiqlədi. Sadəcə, elə labüd proseslər var ki, onun qarşısını almaq mümkün deyil”. Deputat Ermənistan hakimiyyətinin referenduma getməsini və radikal addımlar atmasını mümkün sayır: “Sadəcə, erməni baş nazir əlverişli zamanı gözləyəcək, rəqiblərini tamam zərərsizləşdirdikdə bu addımlara getməyə çalışacaq. Ölkədə ən məlumatlı adam Paşinyandır, bilir ki, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın blokadadan çıxması mümkün deyil”.

Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma Ermənistanda türk  görmək istəmirlər”

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, Paşinyan referenduma getməklə prezident üsul-idarəçiliyinin bərpasını hədəfləyə bilər: “Ermənistan parlament üsul-idarəçiliyidir, bu da Paşinyanın bir sıra səlahiyyətlərini məhdudlaşdırır. Əgər prezident olarsa, ardınca bir çox qərarların verilməsi səlahiyyətlərinə sahiblənəcək. Bu zaman parlamentdə müxalifətin təsirləri işə yaramayacaq. Paşinyan Rusiyanın təsirlərini azaltmaq üçün prezident kimi bəzi səlahiyyətlərə malik olmaq istəyir. O, Qərbdən gələn dəstəyə arxalanaraq ümid edir ki, Ukraynada başı qarışan Rusiyadan uzaqlaşmaq mümkündür. Eləcə də qaykaları bərkitmək haqda düşünür. Bu səbəbdən konstitutsiyaya dəyişiklikləri zəruri hesab edir”.

Ərazi iddialarına gəlincə, analitikin sözlərinə görə, Ermənistan hakimiyyəti tezliklə Azərbaycan və Türkiyəyə qarşı bu qərarı verməyə tələsməyəcək: “Əslində İrəvan deyir ki, Türkiyəyə qarşı ərazi iddiaları yoxdur, sadəcə, gerbdə Ağrı dağı və Nuhun gəmisi göstərilib. Rəsmi şəkildə bəyan ediblər ki, bu heç də Türkiyədən torpaq istəmək deyil. Paşinyan son çıxışında Qarabağın Azərbaycana aid olduğunu da vurğuladı. Dedi ki, elə ölkə yoxdur Qarabağı Azərbaycan ərazisi saymasın. O baxımdan Ermənistanın İstiqlal Bəyannaməsindən bu iddialar çıxarılmadan belə normal əlaqələr qurmaq olar. Yetər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədə qol çəkib sülh müqaviləsi imzalasın. Amma indiki halda sülh sazişi də kövrək proses olaraq qalmaqdadır. Bu mənada referenduma gedilərsə, Paşinyan öz hakimiyyətinin dayaqlarını möhkəmləndirmək üçün daxili siyasətlə bağlı müəyyən dəyişikliklərə gedəcək”.

Qeyd edək ki, Ermənistan 100 ildən çoxdur Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür. Rəsmi İrəvan Türkiyənin 6 vilayətini “Qərbi Ermənistan” ərazisi adlandırır. Türkiyə torplaqlarına birbaşa ərazi iddiaları olmasa da, buna işarə vuran bəndlər var. İlk növbədə, söhbət Ermənistanın 1990-cı il avqustun 23-də qəbul etdiyi “Ermənistanın müstəqilliyi barədə Bəyannamə”də öz əksini tapıb. 12 bənddən ibarət bəyannamənin 11-ci bəndi ən ciddi mübahisə doğuran hissədir.

“Ermənistan Respublikası 1915-ci ildə Osmanlı İmperiyası və Qərbi Ermənistanda törədilən "erməni soyqırımı"nın beynəlxalq aləmdə tanınmasına tərəfdir". Bu cümlə ilk baxışdan diqqət çəkməsə də, bu ifadədə yer alan “Qərbi Ermənistan” ifadəsi Türkiyənin 6 şərq vilayətinə (Ərzurum, Van, Bitlis, Elazığ, Diyarbakır və Sivas) ərazi iddiasını nəzərdə tutur. Bu maddə 1995-ci il iyulun 5-də qəbul olunan Ermənistan Konstitusiyasında yer almasa da, 13 maddədə Türkiyə ərazisində yerləşən Ağrı dağının ölkənin dövlət gerbində təsvir olunduğu bildirilir. “Ermənistan Respublikasının Gerbi - mərkəzdə qalxan üzərində Ağrıdağı, Nuhun gəmisi və tarixi Ermənistanda mövcud olmuş 4 çarlığın gerbi əks olunub”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR