Onlayn ictimai-siyasi qəzet
Krallığın xarici işlər naziri Kaspar Veldkamp Ermənistanla strateji tərəfdaşlıq sənədini imzalayıb, sonra Azərbaycanla sərhədə gəldi...
Ermənistan və Niderland arasında strateji tərəfdaşlıq bəyannaməsi imzalanıb. Sənədə İrəvanda Ermənistan və Niderland xarici işlər nazirləri Ararat Mirzoyan və Kaspar Veldkamp imza atıb. “Ermənistan və Niderland Krallığı arasında Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanması ilə tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyuruq. Bu, həm simvolik, həm də məcburi olan yeni bir mərhələdir”, - Mirzoyan deyib.
Maraqlıdır ki, martın 6-da Ermənistanın müdafiə naziri Suren Papikyan Niderland Krallığının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Marike Harriet Monro-Vinteri və müdafiə məsələləri üzrə attaşe, polkovnik-leytenant Erik Van Vureni qəbul edib. Görüş zamanı Ermənistan və Niderland arasında müdafiə sahəsində əməkdaşlıq imkanları ilə bağlı məsələlər, xüsusən fevralın 15-də Münhendə Niderlandın müdafiə naziri Ruben Brekelmansla görüşdə əldə olunmuş razılaşmalar müzakirə edilib.
Son illər Niderland Azərbaycan əleyhinə əsası olmayan iddialar səsləndirib. Bu ölkənin parlamenti bir müddət bundan əvvəl ermənilərin Qarabağdan “məcburi çıxarılması” ilə bağlı hay-küy qaldırmışdı. Ümumiyyətlə, Ermənistanın 30 illik işğalçılıq siyasətinə bir dəfə də münasibət bildirməyən bu ölkə parlamenti 44 günlük Vətən müharibəsindən sonra bir neçə anti-Azərbaycan qətnamələri qəbul edib. Rəsmi Bakı Niderland Krallığı Parlamentinin Nümayəndələr Palatasının ötən ilin oktyabrında qəbul etdiyi iki qətnaməni Cənubi Qafqaz regionunda real vəziyyəti təhrif edən qərəzli siyasi akt kimi qiymətləndirib.
Parlamentdən sonra Niderlandın hökumət proqramında Qarabağ ələ keçirilmiş region kimi təqdim edilib və “Dağlıq Qarabağ” ifadəsi işlədilib. Azərbaycan XİN Niderland tərəfinin qərəzli mövqelərinə hər dəfə tutarlı cavab verməklə yanaşı, bu mövqeləri ikitərəfli münasibətlərə növbəti bir zərbə kimi qiymətləndirib. Qeyd edək ki, Niderlandın xarici işlər naziri Kaspar Veldkamp anti-Azərbaycan qətnamələrə dəstək verib. Ötən il ölkəmizdə keçirilən COP29-u boykot etməyə çağıran dövlətlər sırasında Niderlandın da adının olduğunu unutmayaq.
Bu azmış kimi, martın 13-də Niderland xarici işlər naziri Kaspar Veldkamp və rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyasının müşayiəti ilə Ermənistan-Azərbaycan sərhəd zonasına səfər edib. Niderland rəsmiləri sərhəddə Aİ missiyası ilə Azərbaycanın mövqelərini müşahidə ediblər.
Yada salaq ki, Niderland Krallığının siyasi məsələlər üzrə nazirinin müavini Marsel de Vink bir neçə gün öncə Azərbaycanda səfərdə olmuşdu. Xarici işlər naziri Ceyhun Bayramovla görüşdə münasibətlərin inkişaf etdirilməsinə çətinlik törədən məqamların aradan qaldırılması baxımından qarşılıqlı müzakirə mexanizmləri, xüsusilə siyasi məsləhətləşmələrdən istifadənin, qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.
Bir tərəfdən Ermənistanla strateji tərəfdaş olub, o biri tərəfdən Azərbaycana səfər edib qeyd etdiyimiz məsələləri müzakirə etməyin anlamı nədir?
Qərəzli mövqedə olan ölkənin Ermənistanla strateji tərəfdaşlığı rəsmiləşdirməsi Azərbaycana gələcəkdə hansısa problemlər yarada bilərmi?
Arzuxan Əlizadə
AMİP sədri, deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Niderland Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında olduğu dövrdə də ikili, ədalətsiz münasibət sərgiləyib, işğalçıya dəstək verib: “Niderlandın bundan əvvəlki hökumətinin Azərbaycanla bağlı mövqeyi çox neqativ idi. Ondan sonrakı dönəmdə ümid edilirdi ki, yeni hökumət fərqli münasibət sərgiləyəcək. Təəssüf ki, yeni hökumət də əvvəlkindən fərqlənmədi. Ötən ilin sentyabrında yeni hökumətin xarici siyasət konsepsiyası açıqlandı və orada Azərbaycanın işğaldan azad olunmuş əraziləri Azərbaycan tərəfindən ələ keçirilmiş ərazilər kimi təqdim olundu. Bu da bir daha onu deməyə əsas verir ki, Niderland Azərbaycana münasibətində çox ciddi dəyişikliklər etməlidir. Çünki iki ölkə arasında ən azından iqtisadi-ticari münasibətlərin normal məcrada inkişaf etməsinin hər iki tərəf üçün faydalı ola biləcəyi məqamlar var. Təbii ki, hər ölkənin hansı ölkə ilə münasibətlərini necə qurması onun öz daxili işidir. Amma əgər Ermənistanla strateji tərəfdaşlıq Azərbaycana qarşı yönəlirsə, təbii ki, həmin ölkə ilə münasibətlərin hansı müstəvidə müəyyənləşdirilməsi məsələsi diqqət mərkəzinə gəlir. Azərbaycana düşmən olan ölkəyə dəstək verən ölkə ilə münasibətlərə yenidən baxılmasına ehtiyac yarana bilər. Bu, Niderland hökumətinin diqqətinə çatdırıla bilər. Niderland parlamentində və cəmiyyətində Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində isə iş aparılmalıdır”.
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı bildirdi ki, Niderland həmişə Azərbaycana qarşı qərəzli mövqedən çıxış edib: "Azərbaycana qarşı həmişə heç bir əsası olmayan ittihamlar səsləndiriblər. İndi bütün bunlar azmış kimi, Ermənistanla strateji tərəfdaşlıq müqaviləsi bağlayır və nazirləri Ermənistan-Azərbaycan sərhədinə gəlib Azərbaycan ərazilərinin müşahidəsini aparır. Nazirin bu hərəkəti beynəlxalq konvensiyaları və Azərbaycan qanunları pozmaqdır. İşğalçılıq mövqeyindən hələ də əl çəkməyən dövlətlə strateji tərəfdaşlıq sənədi imzalama isə işğalçını müharibəyə, işğalçılığa həvəsləndirməkdir. Azərbaycan ərazisində ağır cinayətlər törətməkdə, o cümlədən terrorizm, separatizm, qəsdən adam öldürmə əməllərində və beynəlxalq humanitar hüququn digər ağır pozuntularında təqsirləndirilən şəxslərin "erməni hərbi əsirləri" kimi qələmə verilərək azadlığa buraxılmasının tələb edən dövlətin indi Ermənistanla strateji tərəfdaşlıq müqaviləsi bağlaması əslində təəccüblü deyil. Bir tərəfdən Azərbaycana səfər həyata keçirib münasibətlərin inkişaf etdirilməsinə çətinlik törədən məqamların aradan qaldırılması üçün guya müzakirə aparmaq niyyətini nümayiş etdirib, o biri tərəfdən Azərbaycanla sülh müqaviləsi imzalamaqdan yayınan, Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkməyən Ermənistanla strateji tərəfdaşlıq sənədi imzalamaq riyakarlıqdır, ikiüzlülükdür. Bu, bir daha göstərir ki, Niderland kimi dövlətlər heç zaman anti-Azərbaycan mövqeyindən əl çəkən deyil. Azərbaycan regionun lider dövlətinə çevrilib. Niderland və bir sıra Avropa dövlətləri Azərbaycanla münasibətlər qurmağa çalışırlar. Amma Ermənistanı dəstəkləməklə, Azərbaycana qarşı qərəzli mövqedə qalmaqla Azərbaycanla münasibətləri, əməkdaşlığı yaxşılaşdırmaq mümkün deyil".
Akif Nağı hesab edir ki, Ermənistanla imzalanan sənəd erməniləri həvəsləndirsə də, heç bir ciddi əhəmiyyəti yoxdur: “İndiyə qədər erməniləri hamı aldadıb, indi də Niderlandla bağlanan müqavilə növbəti aldatma olacaq. O cür sənədlər Ermənistanın Azərbaycan qarşısında real olaraq güclənməsinə gətirib çıxara bilməz. Erməniləri Fransa etdiyi kimi silahlandıra bilərlər, amma bunun da Azərbaycana təsir etməsi mümkün deyil. Ona görə də düşünürəm ki, görüntü yaradan o sənəd mənasız sənəddir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ