İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəvə qatili olan nənələr - Hamı iynəni doğmasına özü vuracaqsa, tibb ocaqlarına nə ehtiyac?

Pediatr: “Dərman düzgün təyin edilməyəndə bədən üçün zəhərə çevrilir...”

Kürdəmirdə 4 yaşlı körpə ona vurulan iynədən komaya düşüb. Belə ki, müalicə məqsədilə Elmira Rahim qızı Yusifliyə nənəsi antibiotik iynəsi vurub. Bu zaman azyaşlının halı pisləşib və komaya düşüb. Yaxınları onu dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıblar.

Həkimlər uşağa ilkin tibbi yardım göstərsələr də, onun vəziyyəti ağır olduğundan dərhal azyaşlını Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-ya azyaşlının vəziyyəti barədə məlumat verilib.

Bildirilib ki, hazırda onun TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasında müalicəsi davam etdirilir. Müəssisənin Təcili tibbi yardım şöbəsində xəstəyə zəruri tibbi yardım göstərilib. Hazırda pasiyent həkim nəzarətindədir. Vəziyyəti orta stabildir, analiz nəticələri müsbətdir. Ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir.

Yuxarıdakı məlumatdan qənaət hasil olur ki, nəvəyə iynəni vuran nənənin heç bir tibb təhsili olmayıb. Hər halda həkim və ya tibb bacısı belə səhvi eləməz. Ona görə ki, nəinki uşağa, ümumiyyətlə yetkin şəxsə də antibiotiki ilk dəfə vuranda öncə “sınaq” (test) qoyulur.

Əfsus ki, Azərbaycan ailələrində az qala bütün nənələr və analar həkimlik edir - tibbi savadı oldu, olmadı, hamı öz doğmasına iynəni özü vurur. Bu isə bir çox hallarda daha ağır faciələrə, hətta ölümə gətirir. Çünki bir sıra antibiotiklərin ciddi yan təsirləri var, onlardan biri də yüksək həssas insanlarda həmin preparatlara (inyeksiya şəklində qana yeridiləndə) güclü allergik reaksiyadır. Buna anafilaktik şok və ya “iynənin ucunda ölüm” də deyirlər. Həmin xəstələri bir qayda olaraq xilas eləmək mümkün olmur.

Bəs bu hallara qarşı necə mübarizə aparmalı, insanlarımız niyə inyeksiya məsələsinə bunca səhlənkar yanaşır, bunu binadakı və ya məhəllədəki peşəkarlara, tibb bacılarına həvalə etmək istəmirlər? Doğru, iynə vurmaq texniki baxımından çətin iş deyil. Amma axı onun məsuliyyətinə qatlaşmaq da var. Bu isə tibbi təhsillə birbaşa bağlıdır.

Nəsib Quliyev işdən azad olundu - Yeni təyinat

Nəsib Quliyev

Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasının müdiri Nəsib Quliyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Pediatr qeyd edib ki, ümumiyyətlə uşaqlara yalnız həkim dərman preparatları təyin edə bilər: “Başqa cür qətiyyən uşağa dərman vermək olmaz, həmçinin antibiotik. Sonuncu hadisədən məlum olur ki, nənə uşağa antibiotik vurub. Nənənin nə tibbi savadı var, nə dərmanlar haqqında bilir, gözünü yumub, nəvəsinə antibiotik təyin edəndə, əlbəttə ki, bu cür ağır fəsadlar baş verəcək. Bu nə tibbi, nə də insani nöqteyi-nəzərdən qəbulediləndir.

Daha bir məsələ. Belə bir deyim var ki, həkim uşağa nə qədər az dərman təyin edirsə, demək, bir o qədər təcrübəlidir. Yəni dərmançılıqdan uzaq olmaq lazımdır, xüsusən də uşaqlarla bağlı. Ümumiyyətlə, həkimlik peşəsi çox məsuliyyətli və çətindir, gərək ömür boyu oxuyasan, işləyəsən, təcrübə ilə nəzəriyyəni birləşdirəsən. Yəni mütəxəssislər belə çətinlik çəkir, onda nənə nə edə bilər?

Çox təəssüf ki, hələ də bu cür hallar var və bəziləri obrazlı şəkildə desək, dərmanlarla “zarafat” edirlər. Dərmanın tərcüməsi belədir, dərman-zəhər. Yəni dərman preparatını düzgün təyin etməyəndə, orqanizm, bədən üçün zəhərə çevrilir. Bu baxımdan hər kəs bu məsələyə ciddi yanaşmalı, həkimlik peşəsi ilə yalnız həkimlər məşğul olmalıdır".

Antibiotik nədir? Hansı halda uşaqlara antibiotik tətbiq edilə bilər? Antibiotiklər uşaqlarda hansı fəsadlara səbəb ola bilir?

Bakteriyaları öldürən və ya onların çoxalmasına mane törədən bioloji mənşəli və ya sintetik yolla alınan maddələrə antibiotik deyilir. Bakteriyalar və ya göbələklər ətrafdakı digər orqanizmlərin məhv olmasına və ya daha da böyüməsinə mane olan maddələr işləndikdə istifadə etdiyimiz antibiotiklərə çevrilirlər. Antibiotiklər viruslara və göbələklərə təsir göstərmir, buna görə də virus xəstəliklərinin müalicəsində istifadə edilmir. Antibiotik müalicəsi yalnız bakterial infeksiyalar üçün seçilir.

Pediatr Nəsib Quliyev qeyd edib ki, yalnız zərurət yarandıqda uşaqlara antibiotik tətbiq edilə bilər:

“Antibiotiklər anafilaktik şok, ağır allergiya, göbələk xəstəlikləri yarada bilir. Onların arasında ən ağır olanı anafilaktik şokdur. Bu zaman xəstə ölümcül vəziyyətə düşür və yalnız xüsusi yardım nəticəsində onu həyata qaytarmaq olur. Çünki orqanizmlər fərqlidir. Bu baxımdan antibiotik tətbiqinə fərdi yanaşmaq lazımdır. Həkim xəstəyə baxır, antibiotiki sınaqdan keçirir, daha sonra tətbiq edir”.

Xalidə Gəray
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR