İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəsib Nəsiblinin və Odər Qutluərin imza günü keçirilib - Fotolar

 

Yanvarın 21-də tarix elmləri doktoru Nəsib Nəsiblinin "Türkçü düşüncənin əsasları" və tarixçi yazar Odər Qutluərin "Türkçülüyün məsələləri" adlı kitablarının imza günü keçirilib.

Musavat.com bildirir ki, "Park Bulvar"da keçirilən tədbirdə kitab müəllifləri, yazarlar, tanınmış ictimaiyyət nümayəndələri, kitabsevərlər iştirak ediblər.

Tarix elmləri doktoru Nəsib Nəsibli çıxış edərək "Türkçü düşüncənin əsasları" kitabı haqqında iştirakçılara məlumat verib. O qeyd edib ki, kitab 2022-ci ildə "Qanun" nəşriyyatı tərəfindən dərc edilib və Quzey Azərbaycanın birinci (1918) və ikinci dəfə müstəqilliyinin (1991) qazanılması uğrunda həyatını qurban vermiş insanların əziz xatirəsinə, Güney Azərbaycanda milli haqlar uğrunda mübarizə aparanlara bir ərmağandır.

Odər Qutluər də "Türkçülüyün məsələləri" adlı kitabdan söz açaraq qeyd edib:

"Bu mənim 4-cü, düşüncələr haqqında isə ilk kitabımdır. Kitab 2022-ci ildə "Kutlu Yayınevi" tərəfindən dərc edilərək, oxucuların ixtiyarına verilib.

Türk milliyyətçiliyinin tək doğru adlandırması olan türkçülük, türk milliyyət şüurunu və ruhunu yaşatmaq deməkdir. Eyni zamanda, Z. Göyalpın da ifadəsi ilə türk millətinin yüksəldilməsi hədəfidir. Türk millətinin yüksəlməsi isə türk milliyyət şüurunun yaşadılması ilə mümkün olacaqdır. Bu yüksəlişi hər bir kəs öz yaşamında və işində icra edə bilər. Kitabımda bu məsələlər barədə düşüncələrimi qeyd etmişəm".

Tədbirdə iştirak edən Əməkdar jurnalist, professor Qulu Məhərrəmli qeyd edib ki, türkçü düşüncələri haqda kitabın yazılması böyük hadisədir:

"Nəsib Nəsibli bu kitabında türkçü düşüncələrə bir sistem, çərçivə verərək, onu elmi əsaslandırıb. Kitab ona görə maraqlıdır ki, insanların çox sayda sualları var və bu suallara zidd olan cavablar var ki, Nəsib Nəsibli də bu məsələni əhatə etməyə çalışıb. Niyə məhz türkçülük, bizim simvollarımız nədir, tariximiz nədən ibarətdir, başqa millətlərə, xalqlara münasibət məsələsi,  Nəsib Nəsiblinin kitabında bütün bu suallara cavab var. Hesab edirəm ki,  "Türkçülüyün məsələləri" kitabı düşünə bilən insanlar üçündür".

Tədbirin sonunda yazarlar müəllifi olduqları kitabları oxucular üçün imzalayıb, ürək sözlərini yazıb, onlarla xatirə şəkli çəkdiriblər.

Xalidə Gəray,
Fotolar müəllifindir,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR