İnsanlara hürriyət, millətlərə istiqlal!

Nensi Konqresin sifarişlə işlədiyini etiraf etdi - hüquqşünasdan maraqlı açıqlama

“Ermənistanda olan ABŞ rəsmisinin "yaxın vaxtda Azərbaycan əleyhinə qətnamə qəbul ediləcək" bəyanı demokratiyada ciddi handikapdır. Demokratik Konqresdə öncədən necə bilmək olar ki, qəbul olunacaq? Heç olmasa imitasiya xatirinə deyəydi ki, müzakirəyə çıxarılacaq. Bunu MM sədri desəydi anlaşılardı, ABŞ Konqresinin rəhbəri də belə danışırsa, daha heç nə. Sonra da 1787-dən, demokratiyadan dəm vur". Bu fikirləri hüquqşünas Ələsgər Məmmədli öz sosial media hesabında bildirib. Günlərdir ki, Pelosinin  Ermənistan səfəri müzakirə edilir, “bu, Azərbaycan üçün nə deməkdir” sualı isə hər kəsi maraqlandırır.

“İstənilən halda söhbət insan haqlarından, hər bir insanın ləyaqət və dəyərlərinə hörmətdən gedir”, Nensy Pelosinin sözləri "Washington Post" qəzetində yayımlanıb. Pelosi özü səfərinin insan haqları ilə bağlı olduğunu desə də, onun bu səfəri ABŞ-ın daxili siyasi gündəmi ilə və oradakı erməni lobbisinə yaxınlığı ilə əlaqələndirilir.

Yeri gəlmişkən, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana sentyabrın 17-dən başlayan səfəri ötən gün yekunlaşıb. Onu aeroportda Ermənistan parlamentinin sədri Alen Simonyan yola salıb.

Əvvəldə qeyd etdiyimiz kimi, Pelosinin “yaxın vaxtda Azərbaycan əleyhinə qətnamə qəbul ediləcək” açıqlaması Azərbaycan ictimaiyyətində etirazla qarşılanıb.

Asif Nərimanlı: ”Eskalasiyanın baş verməsi Ermənistana sərf edə bilər”

Asif Nərimanlı: “Pelosi ermənilərə qətnamə ilə bağlı vəd vermir, birbaşa olacağını deyir, bununla...”

Siyasi şərhçi Asif Nərimanlı mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Pelosinin niyə belə dediyini və hansı addımların atılacağını anlamaq üçün Ermənistan səfərinin məqsədinə baxmalıyıq. Bu səfərin məqsədini iki kontekstdə dəyərləndirmək olar. Birincisi, ABŞ-ın daxili siyasətidir. Konqresə aralıq seçkilər yaxınlaşdıqca demokratlar erməni seçicilərin səsini qazanmaq məqsədilə müxtəlif həmlələr edirlər. Seçki fonunda Pelosinin səfəri də bu həmlələrdən biridir. Fransada prezident seçkiləri zamanı namizədlər kampaniyalarını daxili problemlərdən daha çox erməni amili üzərində qurdular, belə görünür ki, ABŞ-da demokratlar da eyni ssenaridən istifadə etmək istəyirlər. İkincisi, geosiyasi proseslərdir. ABŞ Cənubi Qafqazda Rusiya təsirini azaltmaq üçün onun vasitəçiliyi ilə əldə olunan razılaşmaların sıradan çıxmasını istəyir. Sərhəddə baş verən erməni təxribatı və eskalasiya buna hesablanmışdı. Pelosi də Ermənistana səfər etməklə burada cəbhəni formalaşdırmaq gedişi edir.

Hər iki məqsəd üçün Azərbaycanı hədəf taxtasına çıxarmaq istəyirlər. O baxımdan, Pelosi ermənilərə qətnamə ilə bağlı vəd vermir, birbaşa olacağını deyir və bununla həm erməni seçicilərini qazanırlar, həm də Cənubi Qafqaz siyasətində Ermənistanın platsdarm olaraq istifadə edilməsinə nail olmaq istəyirlər".

Analitik onu da əlavə edib ki, Pelosinin qətnamə qəbul olunacaq deməsi digər tərəfdən demokratik ABŞ-da qeyri-demokratik mexanizmi ifşa edir: “Göründüyü kimi, Vaşinqtonun xarici siyasətini yönləndirən erməni diasporu və Pelosinin də daxil olduğu erməni lobbisi Azərbaycana qarşı qətnamənin qəbul edilməsinə ciddi şəkildə hazırlaşır. İstisna deyil ki, qətnamənin qəbulu üçün konqresmenlərə qarşı təzyiq, şantaj və satınalma kimi vasitələrdən istifadə olunur. Pelosi o baxımdan əminliklə danışır. Lakin qeyd etdiyim kimi, Pelosinin sözləri ABŞ demokratiyasının gerçək vəziyyətini və demokratik dəyərləri siyasi maraqların alətinə çevrildiyini təsdiq edir”.

Hökumətin üstünə çox gedirsiniz" - Aqil Abbas

Aqil Abbas: “Ermənistan hələ də bilmir ki, "əri" kimdir, Paşinyan qalıb ortalıqda"

Millət vəkili Aqil Abbas da “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini açıqladı: “Ermənilərin xoşuna gəlmək üçün dediyi bir sözdür. ABŞ-da heç vaxt demokratiya olmayıb. ABŞ-da demokratiyanı görmüşük, Suriyada, İraqda, Əfqanıstanda törədilənlər bunu sübut edir. Ancaq o, konqresdə söz desə, orada onu eşidərlərmi? Bizə hədə gəlir, ermənilərə xoş gəlməyə çalışır. Nə qəbul edirlər-etsinlər, 907-ci düzəlişi  qəbul etdilər, nə isə edə bildilərmi? Həm ermənilərə, həm də separatçılara milyardlarla pul göndərdilər. Ancaq sözdə danışırlar. İndi orada da sözü keçməyəcək, bir dəsmal da çıxarıb orada ağlayacaq. Boş-boş sözlərdir, danışırlar. Rusiyanın burada böyük maraqları var, Amerika Qafqaza girmək istəyir. Girə bilməz. İndiyə kimi Gürcüstana girə bilməyib. Saakaşvili vuruşdu, mübarizə apardı, qırmızı inqilab, mavi inqilab etdilər, amma heç nə edə bilmədilər. O cümlədən Ermənistanda nə edəcəklər?! Sadəcə olaraq, Rusiyanı qıcıqlandırmaqdır məqsəd. Ermənistan hələ də bilmir ki, əri kimdir? Paşinyan qalıb ortalıqda. Rusiya çəkilib durub qıraqda. İndi uzaqbaşı bəyanat verəcək ki, Azərbaycan Ermənistan torpağına girib. Canları çıxsın, sərhədi müəyyən etsinlər, biz də getməyək. Sərhəd müəyyən deyil. Buyursunlar, sərhədi müəyyənləşdirsinlər, sülh müqaviləsi bağlasınlar, bizim İrəvanla nə işimiz var”.

Böyük Azərbaycan Pariyasının sədri Elşad Musayev bununla bağlı bəyanat yaydıqlarını deyib: “Əvvəllər də ermənipərəst mövqeyi ilə seçilən Nensi Pelosi bölgədəki vəziyyətə və son günlər Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribata obyektiv qiymət vermək əvəzinə özünü Ermənistanın dostu adlandıraraq ölkəmizə qarşı ədalətsiz ittihamlar səsləndirib, cəfəng fikirlər söyləyib. 30 il müddətində Ermənistanın Azərbaycan ərazilərinə işğal faktına göz yuman, ABŞ-dakı erməni lobbisinin təmsilçisinə çevrilən Nensi Pelosinin mövqeyi hiddət doğurmaya bilməz.

Böyük Azərbaycan Partiyası bunları nəzərə alaraq, Nensi Pelosinin Azərbaycana qarşı səsləndirdiyi əsassız və sərsəm fikirləri qətiyyətlə pislədiyini bəyan edir, Azərbaycan cəmiyyətini və ölkəmizdə fəaliyyət göstərən siyasi təşkilatları Nensi Pelosinin Azərbaycana qarşı səsləndirdiyi əsassız, qərəzli və sərsəm fikirlərə etiraz etməyə çağırır".

Yeri gəlmişkən, Ermənistan mediasının yazdığına görə, jurnalistlərlə görüşündə erməni analitik Karen Köçəryan deyib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərinin iki əsas məqsədi var idi - seçki kampaniyası və anti-Rusiya əhval-ruhiyyəsindən yararlanmaq istəyi. Köçəryan bu ilin noyabrında ABŞ Konqresinin Nümayəndələr Palatasına seçkilər keçiriləcəyini xatırladıb. Pelosi İrəvanda olarkən açıq şəkildə Kaliforniya ştatının əhalisinin 40 faizinin etnik ermənilər olduğunu söyləyib. Bundan başqa, o, nümayəndə heyətinə ermənilərin məskunlaşdığı ştatların konqresmenlərini də daxil edib. Siyasi strateqin fikrincə, ABŞ hər zaman Ermənistan cəmiyyətini rusiyapərəst kimi qiymətləndirib: “İndi Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi üstünlük təşkil edir. Təbii ki, Birləşmiş Ştatlar bundan istifadə edib təşəbbüsü öz əlinə almaq qərarına gəlib”.

Media Təhlil Mərkəzindən isə bildirilib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri regionda yeni siyasi mənzərənin yaranması deməkdir. Bu, heç də Ermənistanın xeyrinə deyil. Rəsmi İrəvanın bu qəfil demarşının arxasında yatan mətləblər əvvəl-axır onun üçün başağrısına çevriləcək. Bu, baş verəcəyi təqdirdə Ermənistan öz dövlət müstəqilliyini itirə bilər. Çünki onun qədim müttəfiqi olan Rusiyaya belə arxa çevirməsi Ermənistanın regional proseslərdən kənarda qalmasını və təklənməsini sürətləndirəcək.

Yəqin ki, Pelosinin İrəvana səfəri Ermənistanın Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması üçün də bir bəhanə olacaq. Onsuz da Ermənistan bunun baş verməsi üçün müxtəlif bəhanələr axtarırdı. Pelosinin səfəri isə Ermənistanda Rusiyaya qarşı yönələn kütləvi narazılıq və imtina kampaniyasının məntiqi nəticəsi idi. Rəsmi Moskva hadisələri diqqətlə izləyir və gedişat Ermənistanın arzuladığı kimi olarsa, o zaman bunu onlara bağışlamayacaqlar. Çünki regionun konfiqurasiyasında Ermənistana sözdə yox, əməldə dəstək verəcək siyasi platforma yalnız qonşularıdır. Rəsmi İrəvanın ən böyük tarixi müttəfiqini itirərək uzaq Amerikaya bel bağlaması onun üçün regional manevr baxımından heç də uğurlu seçim deyil.

Nensi Pelosinin belə həssas dövrdə İrəvana səfəri əslində Ermənistana qarşı təxribatdır. Ermənistan hakimiyyətinin bunu görməzdən gəlməsi ölkənin gələcəyini böyük sual altına qoyur. Konqres rəhbərinin səfər çərçivəsində Azərbaycan əleyhinə fikirlər səsləndirməsi isə ABŞ-ın ölkəmizlə qurduğu strateji tərəfdaşlıq əlaqələrinin ruhuna yaddır. Çünki son 30 ildə Azərbaycanla ABŞ arasında formalaşıb inkişaf edən əlaqələr nəinki ikitərəfli, həmçinin regional və qlobal müstəvidə narahatlıq doğuran bir sıra məsələlərdə həlledici olub. Hər iki ölkə terrorizmə qarşı mübarizədə eyni mövqedən çıxış edib, bir çox münaqişə ocaqlarının aradan qaldırılmasına xidmət edən sülhyaratma əməliyyatlarında iştirak edib, dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında bir-birinə dəstək veriblər. Bütün bunların fonunda ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvanda Azərbaycan əleyhinə səsləndirdiyi qəbuledilməz bəyanatlar ikitərəfli əlaqələrin xarakterinə kölgə salır. O, bu bəyanatları ilə ilk növbədə, Amerikanın dövlət maraqlarını zədələyir, ABŞ-ın Cənubi Qafqazdakı etibarını dərindən sarsıdır".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR