Onlayn ictimai-siyasi qəzet
Eldəniz Əmirov: “Neft qiymətlərinin aşağı düşməsi dövri xarakter daşıyır, amma...”
Son günlər neftin yaxın perspektiv üçün qiymətləri barədə müxtəlif fikirlər səslənir. Bunun əsas səbəbi ABŞ prezidentliyinə namizəd Donald Trampın bir neçə gün öncə prezident seçiləcəyi halda neftin qiymətini 40 dollaradək endirmək siyasəti aparacağı barədə açıqlamasıdır. Bundan sonra müxtəlif təşkilatlar proqnozlarını açıqlayır.
Bu arada Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu yeniləyib. Yeni proqnozda deyilir ki, növbəti iki ildə dünya bazarlarında neftin qiyməti azalacaq.
“ING Group”un proqnozuna əsasən, 2024-cü il üzrə “Brent” markalı neftin orta qiyməti 82 dollara (öncəki proqnoz - 84 dollar), 2025-ci ildə isə 77 dollar (öncəki proqnoz - 79 dollar) təşkil edəcək.
Bundan başqa, “ING Group” “Brent”in 2026-cı ildə qiymətinin 75 dollar (proqnoz dəyişməyib) səviyyəsində olacağını proqnozlaşdırır.
Qeyd edək ki, “ING Group”un hesablamalarına əsasən 2023-cü ildə “Brent” markalı neftinin orta qiyməti 82 dollar təşkil edib. Sentyabrın 10-da Londonun ICE əmtəə birjasında “Brent” neftinin noyabr fyuçersləri üzrə qiyməti 2021-ci ilin dekabrından bəri ən aşağı həddə - 69 dollara enib. Gün ərzində neft 4%-dən çox ucuzlaşaraq 68,93 dollara enib. Sonradan qiymətlər 69,1 dollarda sabitləşib. “Brent” nefti ilə yanaşı, "WTI» neftinin də qiyməti sürətlə ucuzlaşıb. Neftin oktyabr ayı üzrə müqavilə qiyməti 4,24% azalaraq 65,68 dollara enib.
Ucuzlaşmaya səbəb Çindəki iqtisadi vəziyyət və ABŞ-da sənayenin zəifləməsi barədə məlumatlar olub. Dünyanın iki ən böyük neft alıcısının bu vəziyyəti bazara təsiri edib. Hətta neft hasilatçılarının təşkilatı - OPEK hasilatın azaldılması barədə qərarını uzatsa da, bu, neftin qiymətini qoruya bilməyib. Gələn aydan neft ölkələri ümumi hasilatı 180 min barel artırmaq niyyətində idilər, amma bazardakı vəziyyəti görərək artırmaq planlarını təxirə salıblar.
Neft bazarı üzrə ekspertlərin fikrincə, ciddi tədbir görülməsə, bu gedişlə, neftin qiyməti 65 dollara qədər azala bilər.
Neft ucuzlaşsa, Azərbaycan büdcəsinin formalaşmasına hansısa problemlər yaranarmı?
Eldəniz Əmirov
İqtisadçı-ekspert Eldəniz Əmirov mövzu ilə “Yeni Müsavat”a fikirlərini bölüşüb. O deyib ki, neftin 80 dollarlıq həddə aşağı düşməsinin əsas səbəbi psixoloji faktorlarla bağlıdır: “Trampın prezident seçilərsə, neft qiymətini aşağı salması üçün müxtəlif addımlar atacağı ilə bağlı verdiyi açıqlamalar və ondan olan gözləntilər nəticədə birjalarda neftə olan tələbatı nisbətən azaldıb. Ona görə ki, gələcəkdə neftin qiyməti düşdüyü zaman alınsın. Məsələyə bu kontekstdən yanaşaraq qarşıdakı dövr üçün olan gözləntilər bu gün artıq tələbatı azaldaraq qiymətləri aşağı salıb. Lakin uzunmüddətli təcrübə onu göstərir ki, verilən proqnozlar birjalarda məhsulun qiymətini proses özü yetişməmişdən əvvəl daha çox dəyişir, aşağı salır və s. Hazırkı vəziyyətdə də neft qiymətlərinin aşağı düşməsi bir dövri xarakter daşıyır. Birincisi, Trampın qalib gəlmə ehtimalını çox aşağı qiymətləndirirəm, çünki Trampın qalib gəlməməsi üçün məhz Bayden yeni namizədlə əvəzləndi. Təbii ki, xanım namizədin qalib gələcəyini düşünürəm. O zaman artıq neftə olan azalmış tələb yenidən artacaq və neft qiymətlərini yenidən 80 dollara qaldıracaq. Təbii ki, büdcəyə yeni dəyşiklik olunandan sonra 75 dollardan nəzərdə tutulmuş bu xətt artıq bugünkü neft qiymətləri ilə təxmini bərabər xətdir. İndən sonra neft qiymətlərinin daha da aşağı düşməsi təbii olaraq büdcənin idarə edilməsində müəyyən çətinliklər yarada bilər. Əvvəla, bu prosesin davamlı olmayacağını düşünürəm. Fikrimcə, neft qiyməti uzun müddətə aşağı düşməyəcək. Eyni zamanda düşərsə belə, mövcud maliyyə resursları ciddi çətinliyin olmayacağını deməyə əsas verir. Qarşıdakı dönəmdə də təbii olaraq hər zaman risklər mövcud olacaq. Yəni neft qiymətlərində volatillik mövcud olacaq”.
Ekspert əlavə edib ki, Azərbaycanda yaxın günlərdə artıq 2025-ci ilin büdcə göstəriciləri müzakirəyə çıxarılacaq: “Bu zaman neftin qiyməti 60 dollardan yuxarı götürülməməlidir. Əgər qiymətlər yuxarı səviyyədə olarsa, hər il olduğu kimi, 2025-ci ildə də büdcəyə əlavə dəyişikliklər edilən zaman artıq qiymət yuxarı hədlə götürülə bilər”.
Bu arada, qlobal neft bençmarkı olan Brent neftinin fyuçers qiymətləri dünən OPEC+ tərəfindən bu il və 2025-ci il üçün tələbat proqnozunun aşağı salınmasından sonra, həmçinin tropik fırtına “Francine” ilə bağlı təchizat narahatlıqlarına baxmayaraq, 2021-ci ilin dekabrından bəri ən aşağı səviyyədə qərarlaşdı. (Banker.az) Brent neft fyuçersləri 2.65 dollar və ya 3.69% azalaraq 69.19 dollar/barel səviyyəsində bağlandı. ABŞ-ın WTI nefti isə 2.96 dollar və ya 4.31% ucuzlaşaraq 65.75 dollar/barelə düşdü. Brent səhər saatlarında itkisini 0.5% bərpa edərək 69.50 dollar/barelə qayıda bilib.
Hər iki neft markası sessiya ərzində 3 dollardan çox ucuzlaşdı, halbuki bazar ertəsi hər biri təxminən 1% artmışdı. WTI fyuçersləri çərşənbə axşamı 5%-dən çox enərək 2023-cü ilin mayından bəri ən aşağı səviyyəyə çatdı.
OPEC-in aylıq hesabatına görə, 2024-cü ildə qlobal neft tələbatı gündəlik 2.03 milyon barel artacaq, bu da ötən ay proqnozlaşdırılan 2.11 milyon barellik artımdan aşağıdır. OPEC həmçinin 2025-ci il üçün qlobal tələbat artımı proqnozunu 1.78 milyon bareldən 1.74 milyon barelə endirdi. Qiymətlər qlobal tələbat perspektivlərinin zəifləməsi və neftin artıq təklif edilməsi gözləntiləri fonunda azaldı.
ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) çərşənbə axşamı qlobal neft tələbatının bu il yeni bir rekorda çatacağını, lakin hasilat artımının əvvəlki proqnozlardan daha kiçik olacağını bildirdi. EIA-nın məlumatına görə, qlobal neft tələbatı bu il gündəlik 103.1 milyon barel təşkil edəcək, bu da əvvəlki proqnozdan 200 000 barel çoxdur.
Qiymətlər EIA-nın proqnozlarından sonra da zəif qaldı, çünki Çinlə bağlı narahatlıqlar qiymətlərə təzyiq göstərməyə davam edir. Çərşənbə axşamı açıqlanan məlumatlar Çinin avqust ayında təxminən 1 il 6 ay ərzində ən sürətli ixrac artımını göstərsə də, idxal daxili tələbatın zəifliyi ilə gözləntiləri doğrultmadı.
Bu arada, Asiya neft emalçılarının marjaları keçən həftə dizel və benzin təchizatının artması səbəbindən 2020-ci ildən bəri ən aşağı mövsümi səviyyəyə düşdü. Neft bazarı strateqi Kley Siql “Reuters”ə deyib ki, bu il inkişaf etmiş iqtisadiyyatlarda, demək olar ki, heç bir neft tələbatı artımı yoxdur. “Çində fiskal stimullar tikinti sektorunu gücləndirməyib; bu, dizelə olan tələbin azalmasının əsas səbəblərindən biridir”, - deyə o bildirib.
“Price Futures Group”un baş analitiki Fil Flinin fikrincə, investorlar qlobal iqtisadiyyatın yavaşlamasını artıq qiymətləndirirlər. Çərşənbə axşamı enerji səhmləri S&P 500 sektorları arasında ən böyük itkilərdən birini yaşadı. “Hess”, “Chevron”, “Occidental Petroleum”, “Halliburton”, “SLB”, “Ovintiv” və “Devon Energy” kimi şirkətlər çərşənbə axşamı 52 həftəlik ən aşağı səviyyələrə qədər ucuzlaşdılar.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ