Onlayn ictimai-siyasi qəzet
ABŞ və Çindən gələn statistik məlumatlar hər iki nəhəng iqtisadiyyatda neftə tələbin azalması ilə bağlı ehtimalları kəskin artırmaqla dünya bazarını neqativə kökləmiş oldu
Bu həftənin əvvəlində dünya fond bazarlarında qeydə alınan kəskin enişlə eyni vaxtda qiymətlərin düşməsindən sonra neft bazarında vəziyyət bir qədər sabitləşib. 83 dollardan 76 dollara qədər ucuzlaşan Brent markalı neft avqustun 7-də 78 dollara qədər bahalaşıb.
Neft bazarında qiymətlərin düşməsinin əsas səbəbi kimi dünyanın iki ən böyük iqtisadiyyatına malik ölkələrdən - Çin və ABŞ-dan gələn xəbərlər göstərilir. Belə ki, Çinin Milli Statistika İdarəsinin (NSO) hesabatına əsasən? bu ilin ikinci rübündə ölkədə 4,7 faiz iqtisadi artım qeydə alınıb. Bu, 5,3 faizlik artımın olduğu birinci rüblə müqayisədə xeyli azdır. Ümumilikdə ilin birinci yarısında Çin iqtisadiyyatında 5 faizlik genişlənmə qeydə alınıb ki, bu da gözləntilərin altında olan göstəricidir.
İyul ayı üzrə rəsmi statistikanın açıqlanmasından sonra aydın oldu ki, Çin iqtisadiyyatında artımın zəifləməsi davam edir. Belə ki, iyulda ölkənin istehsalat sektorunda satınalma menecerləri indeksi (PMI) ayında 49,4 bəndə qədər azalıb. Əvvəlki ay göstərici 49,5 bənd olmuşdu. Bundan əlavə, bu ilin yanvar-iyun aylarında Çin iqtisadiyyatına birbaşa xarici investisiyaların (XBİ) həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 29,1 faiz azalaraq 498,91 milyard yuana (68,7 milyard dollar) düşüb.
Avqustun 1-də məlum olub ki, iyulda ABŞ-ın istehsal sektorunda (ISM Manufacturing) işgüzar aktivlik indeksi iyundakı 48,5 bənddən 46,8 bəndə qədər azalıb və 2023-cü ilin noyabrından bəri ən aşağı səviyyəyə düşüb. Analitiklərin konsensus proqnozu 48,8 bəndədək artım nəzərdə tuturdu.
ABŞ-dan daha bir bədbin məlumat məşğulluq sahəsindən açıqlanıb. ABŞ Əmək Nazirliyinin açıqladığı statistikadan məlum olub ki, iyul ayında ölkə iqtisadiyyatında iş yerlərinin sayında 114 min artım qeydə alınıb. Yenidən işlənmiş məlumatlara görə, iyunda iş yerlərinin sayı əvvəllər bildirildiyi kimi 206 min yox, 179 min artıb. İyulda ABŞ-da işsizlik iyun ayındaki 4,1 faizdən 4.3 faizə yüksəlib. Bu, 2021-ci ilin oktyabr ayından bu yana ən yüksək səviyyədir. "Trading Economics" ekspertlərinin konsensus proqnozu iyul ayında iş yerlərinin sayının 175 min artacağını və işsizliyin 4,1 faiz səviyyəsində qalmasını nəzərdə tuturdu.
Qeyd edək ki, məşğulluq sahəsi Federal Ehtiyatlar Sistemi (FED) üçün monetar siyasət qərarlarının qəbulunda əsas göstəricilərdən biridir. İşsizliyin artımı tənzimləyicinin sentyabrda faiz dərəcələrini endirəcəyi ehtimalını artırır. Lakin eyni zamanda işsizliyin artımı ABŞ iqtisadiyyatında artım sürətinin yavaşımasının əlaməti hesab olunur.
Beləliklə, ABŞ və Çindən gələn statistik məlumatlar hər iki nəhəng iqtisadiyyatda neftə tələbin azalması ilə bağlı ehtimalları kəskin artırmaqla dünya bazarını neqativə kökləmiş oldu. Bu neqativ fonunda HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi kimi sensasion hadisə də neft bazarında qiymətlərə ciddi bir təsir göstərə bilmədi.
Bundan əlavə, Liviyanın ən böyük neft yatağı olan “Şərara”da ölkədəki kütləvi etiraz və oturaq tətillə bağlı hasilatın yarıya qədər azaldılması da dünya neft bazarına demək olar ki, tam təsirsiz qalmaqdadır.
Neft bazarına dair mənfi gözləntilər fonunda ABŞ Energetika Nazirliyi (EIA) 2024-cü ildə Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu 2,3 faiz azaldaraq, bir barel üçün 86,37 dollardan 84,44 dollara endirib. EIA ilin sonuna kimi Brent neftinin qiymətinin bir barel üçün 85-90 dollar səviyyəsinə qayıdacağını gözləyir: “Qlobal iqtisadiyyatla bağlı bazar narahatlıqları son günlər neft qiymətlərini aşağı salsa da, biz hələ də OPEC+ razılaşması üzrə neft hasilatının azaldılmasının növbəti üç rüb üçün qlobal ehtiyatları azaldacağını və qiymətləri yüksəldəcəyini gözləyirik”.
Bundan əlavə, ABŞ Energetika Nazirliyi 2024-cü il üçün ölkədə neft hasilatı proqnozunu bir qədər - sutkada 20 min barel azaldaraq, 13,23 milyon barel hesablayıb. 2025-ci ildə ölkədə gözlənilən neft hasilatı həcmi də sutkada 80 min barel azaldılaraq 13,69 milyon barelə endirilib.
Qiymətlə bağlı azalmaya rəğmən ABŞ Energetika Nazirliyi 2024-cü ildə qlobal neft tələbi proqnozunu bir qədər artıraraq sutkada 102,91 milyon bareldən 102,94 milyon barelə qaldırıb, 2025-ci il üçün isə 130 min barel azaldıb. Nazirliyə görə, 2024-cü ildə neftə tələbat 102,94 milyon barel (əvvəllər 102,91 milyon barel), 2025-ci ildə isə 104,55 milyon barel (əvvəllər 104,68 milyon barel) olacaq. Gələn il üçün tələbin azaldılmasını nazirlik Çinlə bağlayır: “Neft istehlakı ilə bağlı proqnozumuzda azalmaların böyük hissəsi Çindən gəlir və burada ləng iqtisadi artımın dizel istehlakını azaltmağa davam edəcəyini gözləyirik”.
Qeyd edək ki, ümumi prosesə uyğun olaraq dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti də son günlərdə ucuzlaşıb. Belə ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,97 ABŞ dolları və ya 1,2 faiz azalaraq 79,73 dollara bərabər olub. Azərbaycan neftinin qiymətində əvvəlki həftə ilə müqayisədə azalma olsa da, onun dövlət və icmal büdcələrdə nəzərdə tutulan 75 dollardan yuxarı olması müsbət hal hesab olunmalıdır.
Məlumdur ki, Azərbaycanda neft hasilatının əsasını təşkil edən “Azəri-Çıraq-Günəşli” yatağında istehsalın təbii azalması prosesi gedir. Belə ki, 2019-cu ildə ölkədə gündəlik hasilat 780 min barel, 2020-ci ildə 700 min barel, 2021-ci ildə 720 min barel, 2022-ci ildə 670 min barel, 2023-cü ildə 620 min barel səviyyəsində olub. ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) hesab edir ki, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 610 min barel təşkil edəcək. Bu, əvvəlki proqnozun dəyişməməsi deməkdir. Lakin bununla yanaşı, EIA-nın ehtimalına görə, gələn il ölkədə ortalama gündəlik neft hasilatı 650 min barel səviyyəsində olacaq (öncəki proqnoz - 660 min barel).
Hasilatın azalması fonunda qiymətlərin yüksək olması ölkənin neft-qaz gəlirlərinin daha az azalmasını təmin edir. Belə ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 3 milyard 607,7 milyon ABŞ dolları təşkil edib. Bu, illik müqayisədə 13,2 faiz azdır. 2023-cü ilin eyni dövründə sözügedən göstərici 4 milyard 158 milyon ABŞ dolları səviyyəsində olub.
Rəsmi məlumata əsasən bu ilin yanvar-iyul aylarında Neft Fondunun “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri isə 364,465 milyon ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 3,1 dəfə azalma deməkdir.
Birinci yarımildə fonda "Şahdəniz" yatağı üzrə daxil olan gəlirin 113,878 milyon ABŞ dolları kondensatın satışından əldə edilib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə azalma deməkdir. Xatırladaq ki, ötən il ARDNF-nin “Şahdəniz”dən əldə etdiyi gəlirləri 1 milyard 308 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 9,4 faiz azdır. Fondun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri 324,396 milyon ABŞ dolları olub, bu da isə 1,3 faiz azalma deməkdir.
Neft Fondu ilə bərabər dövlət büdcəsinə neft-qaz gəlirlərinin daxil olmasında da azalma cüzidir. Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, bu ilin birinci yarısında dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 8 milyard 797,7 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 320,9 milyon manat və ya 3,8 faiz, 2023- cü ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 148,9 milyon manat və ya 32,3 faiz çoxdur. 2024-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 27,4 faizini və ya 2 milyard 407,2 milyon manatını vergi daxilolmaları, 72,6 faizini və ya 6 milyard 390,5 milyon manatını isə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təşkil edib. Neft-qaz sektoru üzrə vergi daxilolmalarının 48,5 faizini və ya 1 milyard 167,0 milyon manatını Şahdəniz yatağı üzrə mənfəət vergisi, 34,6 faizini və ya 833,3 milyon manatını Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 16,9 faizini və ya 406,9 milyon manatını isə ABƏŞ-in mənfəət vergisi təşkil edir.
Maliyyə Nazirliyinin məlumatına əsasən, bu ilin yekununda büdcəyə vergi və rüsumlar üzrə daxilolmaların məbləği 15 milyard 270,0 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin ilkin təsdiq olunmuş göstəricisinə nisbətən 1405,0 milyon manat və ya 10,1 faiz çoxdur. Qeyd olunan vəsaitin 4 milyard 580,0 milyon manatı və ya 30,0 faizi neft-qaz sektorunun, 10 milyard 690,0 milyon manatı və ya 70,0 faizi isə qeyri-neft/qaz sektorunun payına düşəcək. Neft-qaz sektoru üzrə vergi daxilolmalarının 43,7 faizini və ya 2 milyard manatını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə vergilər, 14,2 faizini və ya 650,0 milyon manatını "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 42,1 faizini və ya 1 milyard 930,0 milyon manatını isə "Şahdəniz" layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edəcək.
Dünya SAKİT,
“Yeni Müsavat”
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ