Onlayn ictimai-siyasi qəzet
Zəngəzur dəhlizinə dair ABŞ-da Ermənistan və Azərbaycan arasında gözlənilən razılaşma erməni diasporunu təşvişə salıb.
Musavat.com xəbər verir ki, Avropa Erməni Birlikləri Forumu prezidenti və Slovakiya Erməni Cəmiyyətinin rəhbəri Aşot Qriqoryan bu anlaşmanı “ölkəyə qarşı xəyanət” adlandırıb.
Rusiyanın “Sputnik” agentliyinə verdiyi açıqlamada o, kəskin ifadələrlə Paşinyanı və prosesin arxasında dayananları ittiham edib:
“Bu ola biləcək son xəyanətdir… Heç bir dəyəri olmayan bir memorandumdur. Halbuki gerçək özü xəyanətdir”.
Qriqoryan daha da irəli gedərək Trampın Zəngəzur dəhlizi ilə bağlı “100 illik müqavilə” və gəlirin 30%-nin Ermənistana veriləcəyi barədə dediklərinə də sərt reaksiya verib:
“Bu, zarafat kimidir. Gəlirin tamamilə Ermənistana aid olması lazımdır”.
Diaspor lideri iddia edir ki, bu dəhliz vasitəsilə Ermənistan nəzarət imkanını itirəcək:
“Belə bir anlaşma Ermənistanın sonu olar. Ermənistan bu torpaqlar üzərində nəzarətini itirsə, bu koridordan keçəcək yükləri nəzarət edə bilməz”.
O, ümidsiz və panika dolu tonda əlavə edib:
“Biz bu anlaşmanın zarafat xarakterində olmasını və yüngül formalitet kimi qalmasını ümid edirik. Bu anlaşmanın real nəticələr doğurmasına icazə verilməməlidir. Tramp üçün bu, indiyə qədər etdiyi hər şey kimi, möhtəşəm bir şoudur”.
Bütün bu sərt bəyanatlar bir daha göstərir ki, Zəngəzur dəhlizinin açılması ilə Ermənistan üzərindəki geosiyasi manipulyasiya imkanları əldən çıxır. Güney Qafqazda oyun qaydaları dəyişir. Artıq Rusiya, Fransa və İran kimi aktorlar bölgədəki təsir imkanlarını itirir, Azərbaycan isə sülh razılaşmasını fiili və hüquqi baxımdan rəsmiləşdirərək yeni bir mərhələyə qədəm qoyur.
Erməni diasporu və kilsəsi bu səbəbdən bütün gücü ilə Paşinyanın sülh siyasətini qaralamağa çalışır. Qriqoryanın bu həyasız bəyanatı da həmin kampaniyanın bir hissəsidir.
Musavat.com
08 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ