İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neft yataqları Xəzərdə zəlzələ ocaqlarını oyatmaqda...”- SEYSMOLOQDAN ÖNƏMLİ AÇIQLAMA

Qulam Babayev: “Seysmik risk xəritəsi ərsəyə gələrsə, bunun qarşısı alına bilər”

Son günlər yenə dünyanı zəlzələ kabusu bürüyüb. Belə ki, dekabrın 18-də paytaxt Pekin vaxtı ilə gecəyarı (Bakı vaxtı ilə saat 20:00) maqnitudası 6,2 bal olan bir neçə yeraltı təkan qeydə alınıb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələnin episentrində və ətraf ərazilərdə evlərə, yollara və digər infrastrukturlara ziyan dəyib, elektrik və su təchizatında fasilələr yaranıb. Təbii fəlakətin təsiri qonşu Çinxay əyalətində də hiss olunub. Çinin şimal-qərbindəki Qansu və Çinxay əyalətlərində baş vermiş zəlzələ qurbanlarının sayı 131-ə nəfərə çatıb. Bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumata görə, 1,5 mindən çox xilasedicinin iştirak etdiyi fəlakət zonasında genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. Daha əvvəl 230-dan çox insanın xəsarət aldığı bildirilirdi. Axtarış-xilasetmə işləri çətin meteoroloji və coğrafi şəraitlə çətinləşib. Gecə zəlzələ zamanı çöldə havanın temperaturu -14 dərəcəyə enib. 

Qeyd edək ki, dekabrın 18-də Hindistanda da 5,5 maqnitudalı zəlzələ baş verib. TASS-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, təbii fəlakətin episentri 25 minə yaxın insanın yaşadığı Padam şəhərindən 25 kilometr cənub-qərbdə olub. Zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib.

İslandiyada isə 24 saat ərzində 1000 zəlzələ baş verib. Mütəxəssislərin xəbərdarlıqlarından sonra Reykyavikdə vulkan püskürüb. Bu barədə “The Guardian” qəzeti məlumat yayıb. Qeyd olunub ki, vulkan yerli vaxtla saat 22:17-də Qrindavik şəhərinin şimalında baş verib. Məlumata görə, bölgədən 4 min insan təhlükə səbəbilə təxliyə edilib. Fövqəladə vəziyyət elan edildikdən sonra Qrindavik şəhərinə gedən bütün yollar bağlanıb və insanların küçələrdə dolaşması qadağan edilib. Sosial mediada yayımlanan foto və videolarda vulkanın bölgədə zəlzələ və ya seysmik hadisələrdən cəmi bir saat sonra püskürdüyü göstərilir.

Göründüyü kimi, arda-arda zəlzələlər, təbii fəlakətlər baş verir. Əsasən də bir ölkədə zəlzələ baş verdikdən sonra qonşu ölkələrdə də güclü yeraltı təkanların baş verdiyinin şahidi oluruq.  Bəs görəsən, bu zəlzələ dalğası daha hansı ölkələri cənginə alacaq? Azərbaycana necə təsiri var? 

Yeri gəlmişkən, son dövrlər Xəzərdə zəlzələlər tez-tez baş verir. Dekabrın 14-də Xəzər dənizində qısa fasilədən sonra növbəti zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumatda bildirilib. Məlumata əsasən, zəlzələ Lənkəran, Lerik ərazisində 3 baldan artıq hiss olunub. Yada salaq ki, bir müddət öncə dənizin Abşeron yarımadasına aid hissəsində baş vermiş yeraltı təkan Bakıda 5.6 bal gücündə hiss edilmişdi. Silsilə zəlzələlərin Xəzər çimərliklərini yararsız vəziyyətə salması barədə də məlumat verilib. Bəs görəsən, Xəzərdə neft yataqlarının olmasının zəlzələnin baş verməsinə, güclənməsinə təsiri varmı? 

Bakını silkələyən 51 saniyə

Qulam Babayev 

Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, Hindistanda zəlzələ baş verdi və bunun əks-sədası özünü Çində də göstərdi: “Hətta Hindistandakı zəlzələ qonşu ocaqları faktiki olaraq oyatdı. Odur ki, Çində güclü zəlzələnin olacağını gözləyirdim. Bu, dünyada baş verən seysmo və tektonik aktivliyin ardıcıl surətdə baş verməsidir. Növbəti il də tektonik və seysmik aktivlik əvvəlki illərdən fərqli olaraq daha çox olacaq. O ki qaldı Çində olan bu zəlzələ dalğasının bizə tərəf gəlməsinə, o dalğa biz tərəfə gələ bilməz. Çünki qonşu ocaqlar mövcud deyil. Amma böyük, nəhəng plitələrin arasında əlaqələr var. Çində və Xəzərdəki zəlzələ ocağı qonşu olmasa da, böyük plitələrin arasında fiziki baxımdan əlaqə mövcuddur. Bu yaxınlarda Xəzər dənizində 4.5 bal gücündə Lənkəran, Astara ətrafı silkələnmə oldu. Bunun hələ davamı da olacaq. Dünya miqyasının müstəvisində Azərbaycanda da gələn il seysmoaktivlik davam edəcək”. 

Qulam Babayev “neftin çıxarılmasının Xəzərdə zəlzələrin olmasına, seysmik aktivliyin artmasına təsiri  olurmu” sualına belə cavab verib: “Dünyada belə bir elmi istiqamət var ki, neft yataqlarının istismarı, işlənilməsi müəyyən dərəcədə seysmoocaqları oyatmaqda effektiv rol oynayır. Çünki neft yataqları Xəzər dənizinin dərinliklərindədir. Neft çıxdıqca çökmədir də, dərinlikdən neft çıxır, yuxarıda olan dəniz kütləsi, yaxud quru kütləsi aşağı çökür. Aşağı çökməklə seysmik yataqlarını triger effekti, yəni hərəkətə gələn effekti rolunu oynaya bilər. Yəni əlavə aktivləşmə olur. 

Ümumiyyətlə, neft istismarı, neft yataqlarının işlənilməsi ölkəyə böyük iqtisadiyyat göstəriciləri gətirir. Bu davam olunmalıdır. Sadəcə, seysmik aktivlik anlamı əhali arasında maarifləndirmə, seysmik təhlükə xəritələrinin mükəmməlləşdirilməsi istiqamətində işlər aparılımalıldır. Neftin istismarı, işlənilməsi davamlı olmalıdır. Çünki bu iqtisadiyyatmıza gəlir, rifah gətirir. Yəni zəlzələ baş verməsinə görə istismarı azaltmaq, dayandırmaq düzgün deyil. Nə etmək lazımdır? Seysmik aktivlik haqqında maarifləndirmə lazımdır. Seysmik risk xəritəsinin qurulması ilə bağlı dövlət proqramı yaradılmalıdır. Burada bir neçə dövlət strukturu iştirak etməlidir, bizim şöbəmiz daxil olmaqla. Yalnız həmin o seysmik risk xəritəsinin  ərsəyə gəlməsi bir növ maarifləndirmədə, seysmik tədbirlərin görülməsində böyük bir addımdır". 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR