Onlayn ictimai-siyasi qəzet
Bakı Enerji Forumu çərçivəsində Azərbaycanın neft-qaz sektoruna milyardlarla dollar yeni investisiyaların cəlbini nəzərdə tutan müqavilələr imzalanıb
İyunun 3-də keçirilən 30-cu Bakı Enerji Forumu çərçivəsində Azərbaycanın neft-qaz sektoruna milyardlarla dollar yeni investisiyaların cəlbini nəzərdə tutan müqavilələr imzalanıb. “Yeni Müsavat”a bp şirkətindən daxil olan məlumata görə, müavilələrdən biri “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin yeni mərhələsi ilə bağlıdır. Layihə tərəfdaşları (bp (operator - 29,99 faiz), LUKoil (19,99 faiz), TPAO (19,00 faiz), Cənub Qaz Dəhlizi (16,02 faiz), NİKO (10,00 faiz) və MVM (5,00 faiz)) Şahdəniz Kompressiya (ŞDK) layihəsi üçün yekun investisiya qərarını elan ediblər.
2,9 milyard dollar dəyərində olan ŞDK layihəsi yatağın işlənməsinin əvvəlki iki mərhələsinin davamıdır. Bu layihədə məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə, yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.
SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib ki, Şahdəniz Kompressiya layihəsi Azərbaycanın enerji tarixində yeni və mühüm bir səhifədir: “Bu layihə resursların uzunmüddətli işlənməsi, texnoloji irəliləyiş və beynəlxalq tərəfdaşlığa sadiqliyimizi əks etdirir. Bu investisiya Şahdənizin regionda və ondan kənarda mühüm enerji mənbəyi kimi rolunu daha da gücləndirəcək və eyni zamanda yerli iqtisadiyyatımız və işçi qüvvəsi üçün yeni imkanlar yaradacaq. Elektriklə işləyən, heyətsiz kompressiya platforması texnologiyasının tətbiqi regionda dəniz işlənmələri sahəsində müasir və səmərəli bir yanaşmadır. Bununla yanaşı layihənin yerli tikinti resurslarından və təcrübədən istifadəyə üstünlük verməsi ölkənin potensialının qurulmasına və iqtisadi artımın dəstəklənməsinə olan sadiqliyimizi göstərir. Bütün tərəfdaşlarımıza davamlı etimadlarına və əməkdaşlığa görə təşəkkür edirik. SOCAR bu layihənin təhlükəsiz və səmərəli, həmçinin Azərbaycan və tərəfdaşlarımız üçün maksimum fayda gətirəcək şəkildə həyata keçirilməsi üçün çalışacaq.”
Şahdəniz yatağının operatoru olan bp şirkətinin regional prezidenti Qəri Counz deyib: “Bu mühüm layihə dünyanın ən böyük və mürəkkəb qaz yataqlarından biri olan Şahdənizin qarşıdan gələn onilliklər ərzində qlobal iri enerji təchizatçısı kimi qalmasına və bu nəhəng yataqdan maksimum ümumi hasilat əldə etməyə imkan yaradacaq. Bu uğur yolumuzda göstərdikləri dəstəyə və əməkdaşlığa görə Azərbaycan Hökumətinə, SOCAR-a və Şahdəniz layihəsindəki tərəfdaşlarımıza təşəkkür edirik.”
Layihə çərçivəsində yeni kompressiya obyektinin - elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Platforma suyun 85 metr dərinliyində, mövcud Şahdəniz Bravo (ŞDB) platformasından təxminən 3 kilometr məsafədə quraşdırılacaq.
Üzərində dörd ədəd 11 meqavatlıq compressor quraşdırılacaq ŞDK platforması həm Şahdəniz Alfa (ŞDA), həm də ŞDB platformalarından hasil edilən qazın kompressiyası üçün ana qurğu kimi xidmət göstərəcək. Bu o deməkdir ki, hər iki platformadan hasil edilən ixrac qazı qurudakı Səngəçal terminalına göndərilməzdən əvvəl ŞDK-də kompressiya olunacaq. Layihə çərçivəsində mövcud ŞDA və ŞDB platformalarının qaz ixrac xətlərinə birləşən yataqdaxili sualtı qaz boru kəmərlərinin, ŞDK platformasını enerji ilə təchiz etmək üçün Səngəçal terminalından birləşdirilmiş elektrik və fiber-optik kabel xəttinin, ŞDB-dən ŞDK platformasına birləşdirici ehtiyat elektrik və fiber-optik kabel xəttinin çəkilməsi nəzərdə tutulur.
Bildirilir ki, tikinti işlərinin 2025-ci ilin sonlarında başlanacağı planlaşdırılır. Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır. Tikinti işləri ölkə daxilində yerli resurslardan istifadə etməklə həyata keçiriləcək və 4000-ə qədər iş yeri yaradacaq.
BP şirkəti həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən iki dəniz kəşfiyyat və işlənmə blokunda iştirak payları almasını başa çatdırdığını elan edib. Sövdələşməni rəsmiləşdirən sazişlər bp və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) arasında Bakı Enerji Həftəsi çərçivəsində imzalanıb.
Birinci blok Bakıdan 120 km şərqdə, Günəşli yatağından 20-25 km məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən “Qarabağ” neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış Risk Xidməti Sazişi (RXS) mövcuddur.
İkinci blok Bakıdan 90-110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən Əşrəfi - Dan ulduzu - Aypara (ADUA) sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunmuş və perspektiv strukturları əhatə edir. ADUA sahəsinə aid hasilatın pay bölgüsü sazişi (HPBS) də 2018-ci ildə imzalanıb.
BP iki sazişin hər birində SOCAR-dan 35 faizlik iştirak payı alıb. Hər iki sazişdə qalan 65 faizlik iştirak payını SOCAR özündə saxlayacaq. bp hər iki müqavilə üzrə operator olacaq. BP-nin pay əldə etməsini rəsmiləşdirən sazişləri SOCAR-ın prezidenti Rövşən Nəcəf və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz imzalayıblar.
Daha bir saziş bp, SOCAR və TPAO arasında sonuncunun Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şəfəq-Asiman dəniz blokuna dair hasilatın pay bölgüsü sazişinə (HPBS) qoşulmasını nəzərdə tutur. Razılaşma üzrə işlərin 2025-ci ilin üçüncü rübünün sonunadək başa çatacağı gözlənilir. Razılaşma yekunlaşdıqdan sonra TPAO HPBS-də ümumilikdə 30 faiz iştirak payına sahib olacaq - bunun 15 faizi bp-dən, 15 faizi isə SOCAR-dan TPAO-ya veriləcək. Hazırda bp və SOCAR HPBS-də hər biri 50 faiz iştirak payına malikdir.
Qeyd edək ki, “Qarabağ” yatağı müstəqillik dövründə Azərbaycanda kəşf olunan ilk neft yatağıdır. 2020-ci ildə SOCAR və Norveçin Equinor şirkəti yatağın açıldığını elan ediblər. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır. Yatağın işlənməsinə dair müqavilə 1995-ci ildə imzalanmışdı. 2023-cü ilin dekabrında Equinor 50 faizlik iştirak payını SOCAR-a sataraq yataqdan çıxıb.
Əşrəfi-Dan Ulduzu-Aypara sahəsi üzrə hasilatın pay bölgüsü saizşi Equinor-la 2018-ci ildə imzalanıb. 2024-cü ildə şirkət layihədəki payını SOCAR-a satıb.
BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellin dediyinə görə, “Qarabağ” yatağında yaradılacaq infrastruktur “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda mövcüd infrastruktura qoşulacaq. Onun sözlərinə görə, qeyd olunan proses “Qarabağ” yatağının işlənilməsinə tez bir zamanda başlamağa imkan verəcək: “Plana görə, "Qarabağ"dan ilk neftin çıxarılması 2029-cu ildə baş tutacaq. Çox güman ki, yataqda kiçik platforma quraşdırılacaq və bu platforma AÇG-nin mövcud infrastrukturuna qoşulacaq".
Qeyd edək ki, ötən ildən başlayaraq bp şirkəti dünyanın bir sıra yerlərində böyük layihələrdən ya tamamilə çıxır, ya da payını azaldır. Ötən il şirkət “Şahdəniz”dən hasil olunan qazı Avropaya çatdıran TransAdriatik Boru Kəmərindəki(TAP) 20 faizlik payının bir hissəsini Amerikanın özəl investisiya fondu "Apollo Global Management"ə satıb. Bundan əlavə, şirkət Türkiyədəki biznesini də tamamən əldən çıxarıb. Bunların fonunda şirkətin Azərbaycanda yeni yataqlara investisiya yatırması maraq doğurur.
Enerji məsələləri üzrə ekspert İlham Şaban bildirir ki, son illərdə ilk dəfədir ki, Azərbaycanın neft-qaz sektoruna xarici investisiyaların cəlbini nəzərdə tutan yeni müqavilələr imzalanır: “BP şirkəti Bakı Enerji Həftəsi çərçivəsində 6 yeni sənəd imzaladı. Yaxın beş il ərzində Azərbaycanın neft-qaz sektoruna sərmayələrini kifayət qədər artıracaq. Müqavilələrin hamısı zamanında həyata keçirilsə, 2029-2030-cu illərdə biz yenidən Azərbaycanda neft-qaz hasilatının yüksəlişinin şahidi olacağıq”.
Ekspertə görə, TPAO-nun “Şəfəq Asiman” yatağının işlənməsi layihəsinə qoşulması kəşfiyyat prosesinin sürətlənməsinə imkan verəcək.
Onu da qeyd edək ki, Azərbaycan hökumətinin hazırladığı ortamüddətli büdcə çərçivə sənədinə 2029-cu ilədək hasilatın azalması səbəbindən neft-qaz sektorundan dövlət büdcəsinə daxilolmaların azalacağına dair gözləntilər daxil edilib. Belə ki, 2029-cu ildə neft və qaz hasilatının artacağı proqnozlaşdırılır. İqtisadiyyat Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən 2025-ci ildə neft hasilatının azalacağına baxmayaraq qaz hasilatının artması sektorun inkişafına artırıcı təsir edəcək. 2027-2029-cu illərdə neft və əmtəəlik qaz hasilatı (2029-cu il istisna olmaqla) üzrə azalmanın davam etməsi nəzərə alınaraq neft-qaz sektorunda azalma proqnozlaşdırılıb.
Buna uyğun olaraq 2029-cu ildə qeyri-neft/qaz gəlirlərinin dövlət büdcəsinin gəlirlərindəki payı 2026-cı ilin göstəricisi ilə müqayisədə 6,9 faiz bənd artaraq 61,9 faiz, mütləq ifadədə isə 19,4 faiz artaraq 25,8 milyard manat təşkil edəcək. Eyni zamanda dövlət büdcəsinin neft-qaz gəlirləri 2026-cı illə müqayisədə 10,3 faiz azalaraq dövrün sonunda 15,8 milyard manata qədər enəcək. Müvafiq olaraq 2025-ci ildə neft-qaz sektorunun ÜDM-ə töhfəsinin 37,3 milyard manat (28,5 faiz), 2026-cı ildə 34,4 milyard manat (25,3 faiz), 2027-ci ildə 34,1 milyard manat (23,7 faiz), 2028-ci ildə 32,5 milyard manat (21,4 faiz), 2029-cu ildə isə 33,5 milyard manat (20,6 faiz) təşkil edəcəyi gözlənilir.
Dünya SAKİT,
“Yeni Müsavat”
06 Iyun 2025
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ