İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft Fondu sabit gəlirli yatırımları artırır - Faydası

Risk dərəcəsi daha aşağı olan aktivlərə üstünlük verilir

Azərbaycan Respublikası Dövlət Neft Fondu ABŞ-nin “BlackRock” (aktivlərin idarə edilməsi üzrə dünya liderlərindən biri, hazırda idarəçiliyində 12,5 trilyon dollarlıq aktivlər var - red.) investisiya şirkətinin tərkibinə daxil olan “Global Infrastructure Partners” investisiya şirkəti ilə tərəfdaşlıq çərçivəsində Londonun Qatvik hava limanına 50 milyon funt sterlinq məbləğində investisiya yatırdığını açıqlayıb.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, bu yatırım Fondun stabil gəlir əldə etmək siyasətindən qaynaqlanır: “Bundan öncə cari ilin iyulunda Neft Fondu bərpa olunan enerji sahəsində fəaliyyət göstərən beynəlxalq ”Enfinity Global" şirkətinin İtaliyada yerləşən ümumi gücü 402 MVt olan günəş elektrik stansiyalarından ibarət portfelində 49 faiz pay əldə etmişdi.

İ.Şabanın sözlərinə görə, Neft Fondunun xarici ölkələrdəki aktivlərə yatırımları artırmasının bir neçə səbəbi var: “Neft Fondunun aktivləri artıq o səviyyəyə gəlib çatıb ki, o, xarici şirkətlərin layihələrində pay alışını intensivləşdirmək imkanı qazanıb. Neft Fondu onun neft-qaz gəlirlərinin bundan sonra da azalmasının fərqindədir və ona görə də yeni gəlir mənbələrini artırır. Fikrimcə, Fond seçimini edəndə risk dərəcəsi daha aşağı olan aktivlərə üstünlük verir ki, qısamüddətli qazancdan yox, uzunmüddətli stabil gəlirdən faydalansın”.

Bu il iyulun 1-nə Dövlət Neft Fondunun 66 milyard 515,2 milyon ABŞ dolları təşkil edən investisiya portfelində istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi 38,9 faiz təşkil edib. Bu, ötən il iyulun 1-nə nisbətən 14,4 faiz bəndi azdır. ARDNF-nin investisiya portfelində səhmlərin payı isə 25,9 faizəan 25,7 faizə qədər azalıb.

Əvəzində qızılın payı 14,8 faizdən 28,8 faizə, daşınmaz əmlakın payı isə 6 faizdən 6,7 faizə çatıb.

Fondun investisiya protfeli ötən il iyulun sonu ilə müqayisədə 8 milyard 583,7 milyon ABŞ dolları və yaxud 14,8 faiz artıb.

Fondun digər məlumatına əsasən, 2025-cü ilin ikinci rübündə onun listinqdə olan səhmlərinin dəyəri 13 milyard dollar təşkil edib. Bu dövrdə Dövlət Neft Fondunun səhmlərinə ən çox yatırım etdiyi TOP-10 şirkətlərə yenə qlobal informasiya texnologiya şirkətləri başçılıq edib. ARDNF-nin ən çox yatırım etdiyi TOP-10 şirkətin səhm portfelində də dəyişiklik olub.

Belə ki, 2023-cü ilin ilk yarısından etibarən ABŞ-ın ən iri çip istehsalçısı “NVIDIA”nın Fondun portfelində payı artmaqda davam edir. Çip nəhəngi bu ilin ikinci rübündə hətta “Apple”i qabaqlayaraq ilk pilləyə yüksəlib. Belə ki, ARDNF-nin NVIDIA-ya yatırımları ilk rübdəki 444 milyon dollardan ikinci rüb 663 milyon dollara çatıb. Bu isə 3 ayda 49 faizlik artım deməkdir. NVIDIA-nın səhm portfelində çəkisi isə 3,9 faizdən 5,1 faizə kimi artıb.

Paralel olaraq Fondun “Microsoft”a yatırımları ilin ilk rübü ilə müqayisədə 37 faiz artaraq 604 milyon dollara çatıb, səhm portfelində payı isə 3,9 faizdən 4,7 faizə bərabər olub.

Fondun “Apple Inc”yə yatırımları isə ilin ilk rübü ilə müqayisədə 26 milyon dollar azalaraq 530 milyon dollara enib. Beləliklə ARDNF-nin səhm portfelində “Apple Inc”in payı 4,9 faizdən 4,1 faizə düşüb.

Fondun “Amazon”a yatırımları isə yenidən artıb və ikinci rübdə 300 milyon dollardan 361 milyon dollara yüksəlib. Həmçinin qurumun səhm portfelində “Amazon”un payı 2,6 faizdən 2,8 faizə çatıb.

Ən çox yatırım edilən ilk beşliyə 2024-cü ilin ilk rübündən etibarən “Meta platforms” da daxil olub. ARDNF-nin Mark Zukerberqin şirkətinə yatırımları ötən ilin sonundakı 217 milyon dollardan 278 milyon dollara yüksəlib, portfeldə çəkisi isə 1,8 faizdən 2,1 faizə kimi artıb.

“Broadcom Inc”ə investisiya isə 124 milyon dollardan 212 milyon dollara qədər artıb. Dövlət Neft Fondunun həmçinin, “Google”a aid iki şirkətə ayrılıqda investisiyaları ilk rüblə müqayisədə ikinci rübdə 150 milyon dollardan 177 milyon dollara və 130 milyon dollardan 152 milyon dollara qalxıb.

ARDNF İlon Maskın “Tesla”sına yatırımlar yenidən artırmağa başlayıb - 124 milyon dollardan 158 milyon dollara, səhm portfelində çəkisi isə 1,1 faizdən 1,2 faizə qədər. Başqa sözlə, 3 ayda 34 milyo dollar artım olub.

İlin ikinci rübündə “Berkshire Hathaway Inc”i ilk onluqda “JPMorgan Chase & Co” əvəzləyib. Fondun maliyyə nəhənginə investisiyaları 140 milyon. dollara, portfeldə çəkisi isə 1,1 faizə bərabər olub.

Qeyd edək ki, ARDNF-nin TOP-10 qlobal nəhənglərin səhmlərinə yatırımları bu il iyulun 1-nə 3,3 milyard dollar təşkil edib ki, bu da ilin birinci rübünə nisbətən 26 faiz və ya 679 milyon dollar çoxdur.

Xatırladaq ki, bu portfel Dövlət Neft Fondunun “MSCI World” indeksi üzrə kotirovka olunan səhm investisiyalarıdır. Fondun “MSCI Europe ex UK” indeksini izləyən portfel və nağd vəsaitlərin həcmi isə ikinci rübdə 300 milyon dollar artaraq 1,8 milyard ABŞ dollarına yüksəlib(APA).

Hesablama Palatası Neft Fondunun ötənilki investisiya siyasətinin bəzi məqamları ilə razılaşmır. Palatanın Fondun 2024-cü il büdcəsinin icrasına dair təqdim etdiyi rəyində bildirilir ki, 2024-cü ildə ARDNF-nin əsas səhm portfeli üzrə idarə edilən aktivlərin həcmi artsa da, portfelin gəlirlilik göstəriciləri əvvəlki illə müqayisədə azalıb. Sənədə əsasən, iri xarici investisiya menecerləri tərəfindən idarə olunan əsas səhm altportfeli üzrə gəlirlilik 2023-cü ildə 22,9 faiz olduğu halda, 2024-cü ildə 19,8 faizə enib. Bu, 3,1 faiz bəndi azalma deməkdir.

Ən ciddi azalma isə “UBS EU Ex UK” altportfeli üzrə qeydə alınıb. Bu portfelin illik gəlirliliyi 2023-cü ildə 18 faiz təşkil etmişdisə, 2024-cü ildə bu göstərici 7,2 faizə qədər azalıb.

Hesabat dövründə Fond həmçinin xarici idarəçiyə yeni vəsait yönəldib. Belə ki, 2024-cü ildə yeni investisiya meneceri olaraq “JP Morgan Asset Management” şirkətinə 200 milyon avro məbləğində vəsait ayrılıb. Bu vəsait “JP Morgan Global Research Enhanced Index Equity Fund” fonduna yatırılıb və həmin vəsaitin ARDNF-nin portfelindəki çəkisi 3,5 faiz təşkil edib.

Onu da bildirək ki, Neft Fondunun əsas səhm portfeli 2024-cü ildə 17 idarəçi tərəfindən idarə olunub. Portfeldəki diversifikasiya Avropa, ABŞ və digər inkişaf etmiş ölkələrin səhmlərini əhatə edib. Ötən il ARDNF-nin səhm portfelinin dəyəri 15 milyard 980,7 milyon ABŞ dolları təşkil edib. Hesabat ilində səhmlər üzrə ümumi gəlirlilik 17,8 faiz olub ki, bunun əsas hissəsi kotirovka olunan səhmlər portfeli hesabına formalaşıb. Kotirovka olunan səhmlər portfeli üzrə gəlirlilik 2024-cü ildə 19,4 faiz təşkil edib. Bu, 2023-cü ildəki 23,1 faizlə müqayisədə 3,7 faiz bəndi azdır.

Digər tərəfdən, səhmlərə investisiya yönəldən pay fondları portfeli üzrə gəlirlilik 2024-cü ildə 9,1 faiz olub, bu isə bir il öncəki göstərici (9,8 faiz) ilə müqayisədə 0,7 faiz bəndi azdır.

Palata həmçinin 2024-cü ildə Neft Fondunun investisiya portfelində valyutalar üzrə bölgüdə müəyyən kənarlaşmalar qeydə alıb. Rəydə bildirilir ki, Fondun investisiya portfelində valyutalar üzrə bölgüdə 2024-cü il üçün təsdiq edilmiş İnvestisiya Siyasətinin tələblərindən müəyyən kənarlaşmalar müşahidə edilsə də, “Dövlət Neft Fondunun investisiya portfelinin aktivlər və valyutalar üzrə bölgüləri nisbətinin tarazlaşdırılması prosedurları barədə Təlimat”ın 4.3-cü bəndinə əsasən, 2025-ci il üzrə İnvestisiya Siyasətində nəzərdə tutulmuş dəyişikliklər kontekstində valyutalar üzrə bölgünün tarazlaşdırılması prosedurları həyata keçirilməyib.

2024-cü ilin sonuna ARDNF-nin investisiya portfelində ən böyük pay ABŞ dollarının olub və bu göstərici 45,9 faiz təşkil edib. Halbuki 2023-cü ildə bu rəqəm 55,5 faiz idi. Avronun portfeldəki payı əvvəlki il 21,2 faiz olduğu halda, 2024-cü ildə cüzi azalaraq 21,1 faizə düşüb. İngilis funt sterlinqinin xüsusi çəkisi isə 5,3 faizdən 4,9 faizə qədər azalıb.

Bununla yanaşı, qızılın portfeldəki çəkisində əhəmiyyətli artım qeydə alınıb, 2023-cü ildə 12 faiz olan bu göstərici 2024-cü ildə 20,6 faizə yüksəlib. Digər valyutaların ümumi çəkisi də 6 faizdən 7,5 faizə qədər artıb.

Yeri gəlmişkən, bu ilin ikinci yarısından Neft Fondu (ARDNF) qızıla investisiya qoyuluşunu dayandırıb. Fonddan verilən açıqlamaya əsasən investisiya siyasətinə uyğun olaraq, qızıl altportfelinin payı Fondun ümumi investisiya portfelinin 25 faizi qədər müəyyən edilib, bu hədəfdən maksimal yuxarı uzaqlaşma intervalı isə 4 faiz təsbit olunub: “2025-ci ilin II rübündə Fondun qızıl altportfeli ilkin planlamaya əsasən nəzərdə tutulmuş həddə çatdırılaraq ümumilikdə 181,1 ton təşkil edib. Bu səbəbdən qeyd olunan dövrdən etibarən qızıl üzrə yeni investisiya əməliyyatlarının həyata keçirilməsi müvəqqəti dayandırılıb. Bununla yanaşı, bazar şərtləri və investisiya portfelinin ümumi vəziyyətindən asılı olaraq, gələcəkdə bu məsələyə yenidən baxılması mümkündür”.

Xatırladaq ki, bu ilin ikinci rübündə ARDNF 15,8 ton qızıl alıb. İyulun 1-nə Fondun investisiya portfelində qızılın xüsusi çəkisi 28,8 faiz olub ki, bu da aprelin 1-i ilə müqayisədə 3 faiz bəndi çoxdur. Bu artımda qızıl alışı ilə yanaşı, onun qiymətinin bahalaşması da rol oynayıb.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR