Onlayn ictimai-siyasi qəzet
2023-cü ildə Dövlət Neft Fondunun büdcə gəlirləri 21 milyard 661,9 milyon manat, büdcə xərcləri isə 11 milyard 832,6 milyon manat təşkil edib.
Fonddan Musavat.com-a verilən məlumata görə, gəlirlərin 15 milyard 324,1 milyon manatı neft və qaz sazişlərinin həyata keçirilməsindən əldə olunub.
Bu zaman mənfəət neftinin və qazın satışından Fond 14 milyard 519,0 milyon manat, bonus ödənişlərindən 800,7 milyon manat, tranzit haqqından 0,8 milyon manat, akrhesabı ödənişlərdən 3,6 milyon manat əldə edib. Fondun vəsaitinin idarə olunmasından isə 6 milyard 337,8 milyon manat qazanılıb.
Hesabat dövründə ARDNF-nin 2023-cü il büdcəsinin icrası çərçivəsində 11 milyard 737,6 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 27,9 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 34,3 milyon manat sərf olunub. 2023-cü ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 32,8 milyon manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı ARDNF-nin büdcədənkənar gəlirləri 2 milyard 132,1 milyon manat olub.
İlin yekununda ARDNF-nin büdcəsi 9 milyard 829 milyon manat həcmində profisit ilə icra olunub. Beləliklə, 2023-cü ilin sonuna ARDNF-nin aktivləri 2023-cü ilin əvvəlinə (49 milyard 33,6 milyon ABŞ dolları) nisbətən 14.3 faiz (və ya 7 milyard ABŞ dolları) artaraq 56 milyard 069,7 milyon ABŞ dolları təşkil edib.
Fonddan bildirildiyinə görə, 2023-cü ildə aktivlərin artımı ARDNF-nin büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi və vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər, o cümlədən büdcədənkənar gəlirlər hesabına əldə olunub.
Keçən il ərzində Fondun investisiya gəlirliliyi 7,1 faiz olmaqla yaranma tarixindən ən yüksək gəlirlilik göstəricisi ilə səciyyələnib:
“2023-cü il maliyyə bazarları üçün bir çox inkişaf etmiş ölkələrin mərkəzi banklarının sərtləşmə siyasətini davam etdirdiyi bir dövrdə iqtisadi artım və inflyasiya ilə bağlı qeyri-müəyyənliyin təkan verdiyi volatillik ilə xarakterizə olunan bir il kimi yadda qalıb. Tənəzzül ili ola biləcəyi ilə bağlı proqnozlara baxmayaraq, qabaqcıl ölkələrdə inflyasiyanın səviyyəsində müşahidə olunan yavaşlama, eləcə də yüksək dayanıqlılıq fonunda bir sıra iqtisadi göstəricilərdə izlənilən müsbət tendensiya xüsusən ilin sonuna doğru iqtisadi artıma da müvafiq təsirini göstərib.
İqtisadi göstəricilərdəki volatillik maliyyə aktivlərinin gəlirliliyinə təsirsiz ötüşməyib. İki illik ardıcıl itkilərdən sonra istiqraz indekslərinin əksəriyyətində ilin sonuna doğru olmaqla müsbət gəlirlilik nəticələri qeydə alınıb. Eyni zamanda, əsas səhm indeksləri də inflyasiya və qabaqcıl iqtisadiyyatların mərkəzi banklarının faizləri endirəcəkləri ilə bağlı nikbin gözləntilərin fonunda ili müsbət gəlirlərlə başa vurub”.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ