Onlayn ictimai-siyasi qəzet
Dünya bazarında neft qiymətləri ciddi enişlə üzləşib.
Musavat.com xəbər verir ki, Londonun ICE birjasında Brent etalon markalı neftin aprel fyuçersləri 2 dollara yaxın ucuzlaşaraq 73 dollardan aşağı düşüb. Nyu-Yorkun NYMEX bijasında WTI neftinin dəyəri 1,8 dollar ucuzlaşaraq 69 dollardan aşağı olub.
Analitiklərə görə, ucuzlaşmaya bir neçə amil təsir göstərir. Bunlardan birincisi ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsinin həlli perspektivləri, eləcə də İrana qarşı yeni sanksiyaların tətbiqinin potensial nəticələri ilə bağlı yeni bəyanatlarıdır. Belə ki, Ağ Evin Oval kabinetində jurnalistlərə açıqlama verən Tramp deyib ki, Ukraynadakı münaqişə “tezliklə” bitə bilər: "Düşünürəm ki, biz bunu bir neçə həftə ərzində başa çatdıra bilərik".
Bu açıqlama Rusiya neftinə qarşı məhdudlaşdırıcı tədbirlərin tezliklə aradan qalxacağı ehtimalını artırıb ki, bu da treyderləri yeni alışlardan çəkindirir: onlar bol təklif dövründə daha ucuz qiymətlər gözləyirlər.
Digər tərəfdən, İrana qarşı sanksiyaların gücləndirilməsi, ABŞ-ın çoxsaylı tankerləri qara siyahıya salması Tehranın öz neftini satmaq üçün daha böyük endirimlərə getməli olacağı gözləntisi yaradır. Bu da bazarda qiymətlərin perspektivlərini neqativləşdirir.
Trampın daha bir açıqlaması Kanada və Meksikaya qarşı rüsumların vaxt tamam olan kimi qüvvəyə minəcəyi barədədir. Ekspertlər hesab edirlər ki, bu, yanacağa olan tələbata mənfi təsir göstərə bilər.
Neft qiymətlərinə aşağı istiqamətli təzyiq yardan daha bir amil İraq Kürdüstanından sutkada 185 min barel olaraq qiymətləndirilən neft tədarükünün bərpası gözləntiləridir. Belə ki, dünən İraq baş nazirinin enerji məsələləri üzrə müavini Hayyan Əbdül Qani bildirib ki, Türkiyə tərəfi ilə texniki məsələlər razılaşdırıldıqdan sonra ixrac dərhal bərpa olunacaq.
Beləliklə, bazarda ucuz neft təklifinin artması ehtimalı ən böyük istehlakçı olan Çində iqtisadiyyatın stimullaşdırılması istiqamətində real addımların atılmaması fonunda qiymətlərə sərt azaldıcı təsir göstərməkdədir. Analitiklərə görə, mart ayında Çin hökuməti real stimullaşdırıcı tədbirlər elan etməsə, neft qiymətləri 65 dollardan da aşağı düşə bilər.
Musavat.com
26 Fevral 2025
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ