Onlayn ictimai-siyasi qəzet
Bir müddətdir, dünya mediasında əsas gündəm olan mövzulardan biri də İsrail-İran qarşıdurmasıdır. Xüsusilə Yaxın Şərqdəki vəziyyətin iqtisadi, siyasi təsirləri müzakirə obyektinə çevrilib.
Bu konteksdə maraqlıdır, İsrail İrana hücum edərsə, dünya iqtisadiyyatında nələr baş verə bilər?
Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov deyib ki, dünya enerji qiymətlərində ciddi artımların olması, hətta neftin qiymətinin 200 dolları ötməsi mümkün ehtimallardandır. Onun sözlərinə görə, bu vəziyyət enerji bazarında qeyri-sabitlik yaradaraq digər sahələrdə də ciddi fəsadlara səbəb ola bilər:
“Regional xarici investisiyaların kəskin azalmasına, bu isə infrastruktur layihələrinin dayandırılmasına səbəb olar. Münaqişə dəhliz infrastrukturlarının və təchizat zəncirinin tamlığını sıradan çıxarar. Logistik xərcləri, istehsal xərclərini kəskin artırar. Bütün bunlar isə qlobal səviyyədə inflyasiyanı cilovlamaq cəhətlərini səmərəsiz hala gətirər. Proqnoz edilməyən qiymət sıçrayışları baş verə bilər”.
E.Əmirov bildirdi ki, sözügedən vəziyyət qlobal maliyyə bazarlarına təsirsiz ötüşməz və nəticədə iqtisadi gərginlik artar:
“Bu isə sosial gərginliyi pik həddə çatdırar. Bu zaman bir tərəfdən də idarə olunmaz miqrasiya problemləri vüsət alar. Nəticədə, Yaxın və Orta Şərqdə idarə olunan xaos idarə olunmaz formaya keçə bilər. Buna görə də İsrailin İrana hücum etməsinə ABŞ-nin imkan verməyəcəyini düşünürəm”.
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ