İnsanlara hürriyət, millətlərə istiqlal!

NED Azərbaycanda kimlərə gizli qrant ayırıb - hüquq müdafiəçisindən ilginc açıqlamalar

Ekspert: “Artıq fərdlər tərəfindən maliyyələşmə mexanizminə keçiblər, Azərbaycanda bir neçə şəxs var ki, 2014-cü ildən bəri məhz onlar vasitəsilə qrantların ötürülməsi həyata keçirilir”

ABŞ-ın NED (National Endowment for Democracy) təşkilatı 2022-ci ildə gizli maliyyələşmə sxemi üzrə (üçüncü ölkələr və diplomatik missiyalar vasitəsilə) Azərbaycan təşkilatlarına (əsasən QHT və media) 1 100 000 ABŞ dollarından bir qədər artıq qrant ayırıb.  Bununla bağlı hüquq müdafiəçisi Sahib Məmmədov məlumat verib. Onun araşdırmasına görə, qrant aşağıdakı istiqamətlərə yönəldiləcək:

Korrupsiyaya uğramış tenderlərin sənədləşdirilməsi, Gənc alimlərin demokratiya tədqiqatına cəlb edilməsi, Azərbaycanda hüquqlardan sui-istifadə və korrupsiyaya görə hesabatlılığın təşviqi, yerli iştirak üçün bacarıqların yaradılması, hüquqi yardımların göstərilməsi, insan hüquqlarının monitorinqi, yerli problemlərin həlli, vətəndaş iştirakının və icma iştirakının gücləndirilməsi və s.

“Xülasədən görünür ki, əsas vəsaitlər yerlərdə vətəndaş fəallığının artırılması və şəbəkələşmə, əhalinin ayrı-ayrı təbəqələrinin nümayəndələrinin, o cümlədən gənc alimlərin fəallaşdırılması, sosial şəbəkələrdə iş, korrupsiya ilə bağlı məsələlərin işıqlandırılması kimi sahələri əhatə edir. Bununla belə, bəzi istiqamətlərin adı şərti də ola bilər. Məsələn, dini təriqətlərin inkişafı, orta məktəblərdə dinin tədrisinə nail olunması və ya müxtəlif təriqətlərə mənsub müəllimlərin hazırlanması kimi layihələr də bir qayda olaraq NED tərəfindən maliyyələşdirilən layihələrdəndir” - deyə hüquq müdafiəçisi narahatlığını ifadə edib.

Nəzərə çatdıraq ki, NED Azərbaycanda dövlət maraqlarına zidd, milli etnik zəmində qarşıdurma yaradacaq layihələri maliyyələşdirən qurumlardan biri kimi fiksə olunub. Ancaq faktlardan görünür ki, onun gizli şəkildə pul ötürdüyü təşkilatlar, şəxslər hələ də var. Onlar kimlərdir? Bu pullar ölkəyə qeyri-rəsmi necə gəlir? Nə cür ötürülür? Niyə NED postmüharibə dövründə, sülh ərəfəsində fəallaşdı?

Yeganə Hacıyeva: "Başda Fransa olmaqla Aİ Qarabağdakı ermənilərdən istifadə  edir"

Yeganə Hacıyeva

Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, NED-in bu layihəsi 2022-ci ilin fevralında təsdiqlənib elan olunub, 2022-ci ilin mayında paylanılıb, 2022-ci ilin sentyabr-oktyabr-noyabr aylarında isə həyata keçirilərək yekunlaşıb. 2023-cü ilin yanvar ayında isə bunun reportları çıxıb: “Hansı təşkilatlar, hansı layihələri alıb hər birinin adı bizdə var. Təşkilatların adını açıqlamaq istəmirəm. Lakin həmin layihələrin və fəaliyyət istiqamətlərinin nədən ibarət olduğunu açıqlaya bilərəm.

Demokratik İdarəetmə sahəsi:

- Korrupsiyaya ehtimallı tenderlərin sənədləşdirilməsi üçün - 45 500 dollar;

- Korrupsiyanın sənədləşdirilməsi üçün - 31 550 dollar  (layihə çərçivəsində korrupsiyanın yayılması barədə məlumatlar yerli və beynəlxalq təbliğat tədbirləri vasitəsilə paylaşılıb).

Korrupsiya mənbələrinin və dövlət vəsaitlərindən sui-istifadə hallarının müəyyənləşdirilməsi istiqamətində araşdırmalara xərclənib. Məqalələr, fotoesselər və videolar daxil olmaqla, media məhsulları yaradılacaq və onlayn şəkildə yayılacaq.

- Elit korrupsiyasının sənədləşdirilməsi - 68 650 dollar.

Azərbaycanda kleptokratiya haqqında məlumatların əlçatanlığın artırılması. Vəzifəli şəxslərin öz vəzifələrindən şəxsi maraqları üçün istifadə etməsi hallarının müəyyən edilməsi istiqamətində araşdırmalar aparılacaq. Nəticələr cəlbedici formatda geniş auditoriyaya onlayn təqdim olunacaq. Hökumətin şəffaf və hesabatlı fəaliyyət göstərməməsi önə çəkiləcək.

Qeyd edilir ki, layihənin davamı 2023-cü il dövlət vəsaitlərinin sui-istifadəsi və ictimai məlumat hüququnun pozulması ilə bağlı ümumi tendensiyaları araşdıracaq yekun hesabat hazırlanacaq.

Demokratik normaların inkişafı sahəsi:

- İdeyalar və Dəyərlər “Gənc Alimlərin” Demokratiya Tədqiqatına cəlb edilməsi -  90.000 dollar.

Azərbaycanda siyasi və iqtisadi diskursun keyfiyyətini yaxşılaşdırın. Cari məsələlərlə bağlı silsilə araşdırmalar və rəylər hazırlanacaq, dərc olunacaq və qurumun internet saytında və sosial şəbəkələrdə yayılacaq.

Qeyd edilir ki, bu layihə həm də müstəqil alimlər icmasını yaradacaq və akademik azadlığa hörməti dəstəkləyəcək.

3.Universal hüquqlar sahəsi:

- Azərbaycanda insan hüquqlarının pozulması və korrupsiyaya görə hesabatlılığın təşviqi - 150,750 dollar.

- Azərbaycanda mülkiyyət hüquqlarını qorumaq. Hüquq pozuntuları barədə məlumatların toplanması və hüquq pozuntularından zərərçəkmiş şəxslərə hüquqi yardım göstərilib. Milli məhkəmələrdə və Avropa İnsan Hüquqları Məhkəməsində müdafiə vasitələri əldə etmək üçün strateji məhkəmə çəkişmələrindən istifadə olunacaq. Layihə müvafiq milli qanunlar və dövlət tərəfindən törədilən hüquq pozuntuları barədə məlumatlılığı artıracaq. O, həmçinin dövlət məmurları arasında korrupsiyanın necə şiddətləndiyini və birbaşa insan hüquqlarının pozulmasına gətirib çıxardığını göstərəcək.

- Azərbaycanda hüquqi yardım - 28 117 dollar.

Vətəndaşların hüquqları barədə məlumatlılığın artırılması və yerli özünüidarəetmə orqanlarının hesabatlılığının artırılması. Təşkilat Azərbaycanın bölgələrində nümayəndəlik açacaq və ehtiyacı olan yerli sakinlərə hüquqi xidmət göstərəcək. Təşkilat yerli problemləri lentə alacaq və öz internet səhifəsində və sosial media səhifələrində yerləşdirəcək.

- İnsan hüquqlarının monitorinqi - 62.000 dollar.

İnsan hüquqlarının pozulması ilə bağlı məlumatlılığın artırılması. Bu məsələlərlə bağlı mütəmadi olaraq yenilənən xəbərləri və məlumatları, o cümlədən cari işlərə dair yenilikləri və onlar mövcud olduqda yeni halları yaymaq üçün vebsayt yaradılacaq. Müntəzəm hesabatlar nəzərdən keçiriləcək və qərar qəbul edən şəxslərə, xüsusən də Avropa institutları və hökumətlərinə təqdim ediləcək.

- Müstəqil xəbər saytı - 96 900 dollar.

Onlayn siyasi, iqtisadi və sosial hesabatlar, eləcə də əsas məsələlər üzrə seçilmiş ekspert məqalələri daxil olmaqla, ölkə üzrə müntəzəm xəbərlər dərc olunacaq. Oxucular həmçinin canlı məzmun və multimedia məzmunu ilə sosial mediada məşğul olacaqlar.

- Azərbaycanda müstəqil mediaya dəstək - 156 358 dollar.

Azərbaycanda məlumat azadlığının dəstəklənməsi,  xəbər məqalələri, anlayışlar və şərhlər təşkilatın saytında və sosial mediada yerləşdirilməsi üçün jurnalistlər şəbəkəsi tərəfindən hazırlanacaq.

Vətəndaş iştirakçılığı:

- Regionlarda vətəndaş aktivliyinin artırılması üçün bacarıqların gücləndirilməsi - 75 010 dollar.

Azərbaycanın 8 bölgəsində vətəndaş aktivliyinin təşviqi. Yerli qrupların nümayəndələri potensialın gücləndirilməsi üzrə təlimlərdə iştirak edəcək və yerli problemlərin həllinə yönəlmiş kiçik layihələr həyata keçirəcəklər. Hesabat yazılacaq və paylanacaq və konfrans keçiriləcək. Maarifləndirici videoçarxlar çəkilərək internet və sosial şəbəkələrdə yerləşdiriləcək.

- Bölgələrin problemlərinin işıqlandırılması - 45 667 dollar.

Azərbaycanda yerli səviyyədə vətəndaşların iştirakını artırmaq. Regional şəhərlərdə ümumi problemlər, o cümlədən hökumət öhdəlikləri, korrupsiya və təcrid olunmuş icmaların problemləri barədə məlumatsızlıq haqqında məlumat toplanacaq. Yerli hökumətlə bağlı xəbərlər və məlumatlar, o cümlədən yerli problemlərə dair jurnalist reportajları və ekspert müsahibələri ilə vebsayt yaradılacaq.

- Vətəndaşların iştirakı və inklüzivliyi, vətəndaş iştirakının və icma iştirakının gücləndirilməsi üçün - 150.000 dollar.

Azərbaycanda vətəndaş fəallığını artırmaq üçün təşkilat Azərbaycan vətəndaş cəmiyyəti fəallarına icma təşəbbüslərini effektiv şəkildə həyata keçirmək və çətin siyasi mühitlərdə naviqasiya etmək üçün bacarıq və şəbəkələrin inkişaf etdirilməsində dəstək proqramı təklif edir. Təşkilat vətəndaş cəmiyyəti təşkilatlarına və fəallara virtual təlim seminarları, məsləhətləşmələr, rəhbər təcrübə və həmyaşıdlar mübadiləsi vasitəsilə vətəndaşlarla strateji əlaqədə olmaqda və şəbəkələrini genişləndirməkdə dəstək verir.

  1. Vətəndaş iştirakının və icma iştirakının gücləndirilməsi - 100.000 dollar.

- Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının və fəallarının vətəndaşlarla əlaqəsini dəstəkləmək və onların yerli, regional və beynəlxalq şəbəkələrini gücləndirmək üçün təşkilat bir sıra təlim seminarları və davamlı məsləhətləşmələr, eləcə də həmyaşıdlar arasında mübadilələr keçirəcək.

- İcma quruculuğu və vətəndaş cəmiyyəti təşkilatlarının  və fəallar icma təşkilatçılığı və təbliğat kimi mövzularda təlim keçəcəklər;

- Vətəndaşlar tərəfindən idarə olunan problemin müəyyən edilməsi və tədqiqi;

- Strateji kommunikasiyalar və təbliğat;

- Vətəndaşlar və həmyaşıdları ilə ünsiyyət;

- KOALİSİYA  yaradılması".

“Bu pullar ölkəyə qeyri-rəsmi necə gəlir? Nə cür ötürülür?” suallarına gəlincə, Y.Hacıyeva qeyd etdi ki, Azərbaycan hökuməti faydalı qrantlar üçün - məsələn, sülh quruculuğu, minalardan təmizlənmə kimi sahələrə dəstək olan layihələrə pəncərə açıb: “Amma görünən odur ki, Azərbaycan hökumətinin açdığı bu pəncərədən sui-istifadə olunur və faktiki olaraq bir neçə instansiyalardan eyni layihəyə görə maliyyə alanlar var. Məsələn, eyni layihə ilə həm NED-dən, həm də daxildə donor təsisatdan qrantlar alırlar. NED-dən alınan qrantların maliyyələşdirdiyi layihələr Azərbaycan cəmiyyətinə faydalı deyil. Məsələn, 2020-ci ildən başlayaraq Azərbaycanda bir səsli-küylü cinayət işinin mediada işıqlandırılmasına beynəlxalq donorlar maliyyə ayırıblar və burada uşaq hüququndan söhbət gedir. Digər ölkələrdə uşaqların hüquqlarını dəstəkləyən donorlar qeyd etdiyim məsələdə uşağı deyil, əks tərəfi dəstəkləyiblər. Əsas məqsəd hüquq-mühafizə orqanlarına, dövlət qurumlarına ictimai güvənin sındırılmasıdır, təbliğat məhz bu yöndə aparılıb. Yəni bir sıra layihələr bu cür ziyanlı məqsədlər üçün dəstəklənir. Maliyyənin qeyri-rəsmi ölkəyə necə daxil olduğuna gəlincə, artıq fərdlər tərəfindən maliyyələşmə mexanizminə keçiblər. 2014-cü ildən bəri Azərbaycanda bir neçə şəxs var ki, məhz o şəxslər vasitəsilə qrantların ötürülməsi həyata keçirilir. Bir də pay-pal sistemi ilə qrantlar ötürülür-nəzarətdənkənar çirkli pulların yuyulması üçün istifadə olunan sistemlər vasitəsilə qrantlar çatdırılır”.

Ekspertin sözlərinə görə, NED-in postmüharibə dövründə, sülh ərəfəsində fəallaşmasında əsas hədəf Azərbaycan cəmiyyətindəki monolitliyi sındırmaqdır: “Müxtəlif mövzuları qabartmaqla dövlətin uğurlu təbliğatını sıfırlamağa çalışırlar. Eyni zamanda qrant verilən layihələrin bəziləri əslində kəşfiyyat məlumatları toplamaq üçündür”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR