Onlayn ictimai-siyasi qəzet
İspaniyanın Qranada şəhərinə planlaşdırılan “beşli format”da görüş fiasko oldu. Yenə “iki bacı”nın - Fransa və Ermənistan cütlüyünün pozucu mövqeyi, bir də Almaniya və Avropa Birliyinin cütlüyə destruktiv dəstəyi nəticəsində.
Maraqlıdır ki, Azərbaycan Prezidentinin məlum səbəblərdən Qranada görüşündən imtina etməsindən dərhal sonra Ermənistan baş naziri Nikol Paşinyan İlham Əliyevlə sülh sazişi bağlamağa hazır olduğunu və onun tezliklə imzalanacağına ümid etdiyini bildirib.
Sitat: “Qranadadakı görüşədək çox konstruktiv və pozitiv idik, çünki həlledici sənədin imzalanması ehtimalının olduğuna inanırdıq və bu ehtimalı yüksək hesab edirdik. Bu, marionet müxalifətin hər vasitə ilə fəlakətli sənəd kimi təqdim etməyə çalışdığı sənəddir. Ümid edirik ki, masa üzərində olan konseptual sənəd əlverişli anda imzalanacaq. Mən bu müqaviləni imzalamağa hazıram və təəssüf edirəm ki, oktyabrın 5-də mühüm qərarın qəbul edildiyini elan etmək üçün heç bir fürsət olmayacaq”.
Belə çıxır, Qranada görüşü baş tutsaydı, Paşinyan sülh sənədi imzalayacaqdı? Belədirmi, yoxsa İrəvan yenə “sülh göyərçini” roluna girərək, özünü sülhpərvər, Bakını isə müharibə tərəfdarı qismində təqdim etmək istəyir?
Son gəlişmələrdən sonra bir sual daha aktuallaşıb: bundan sonra görüş yeri hara ola bilər - az öncə özünü “yandırmış” Vaşinqtonmu? Bu yerdə ermənipərəst ABŞ diplomatı Yuri Kimin Senatda ölkəmiz əleyhinə səsləndirdiyi fitnəkar açıqlamanı yada salın (artıq vəzifəsindən qovulub - red.). Ya bəlkə iki gün qabaq Şarl Mişelin simasında Azərbaycanı ittiham edən rəsmi Brüssel? Yoxsa Paşinyanın körpüləri bir-bir yandırdığı Moskva? Nəhayət, bəlkə ən neytral yer kimi Tiflis?
Niyə də sülhdə ən səmimi şəkildə maraqlı olan qonşu Gürcüstan sülh anlaşması üçün ən əlverişli məkan olmasın? Mümkünmü? Sülh müqaviləsi gələn ilə qalır, yoxsa...
Əlavə edək ki, bu gün - oktyabrın 5-də Qrenadada Avropa diplomatiyasının rəhbəri Josep Borrell ümid etdiyini bildirib ki, Brüsseldə Ermənistan və Azərbaycan arasında danışıqları təşkil etmək mümkün olacaq. O, həmçinin Azərbaycan və Türkiyə liderlərinin Avropa Siyasi Birliyinin Qranada sammitində iştirak etməməsindən təəssüfləndiyini bildirib.
Eyni gündə - oktyabrın 5-də isə nə qədər absurd da olsa, Brüsseldə Avropa Parlamenti Azərbaycana qarşı növbəti qətnamə qəbul edib. Bu dəfə sanksiyaların tətbiqini tələb edən, lakin hüquqi zərurət yaratmayan qətnamə. Orada Avropa Birliyi icra hakimiyyəti orqanları, eləcə də ona üzv ölkələr Azərbaycanın hökumət nümayəndələrinə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırılır. Qurum Bakını həmçinin həyasızcasına Qarabağda “beynəlxalq missiyanın yaradılması”na, həbs edilmiş “erməni siyasətçilər”i (xuntaçı-cinayətkarlar məhz belə adlandırılır!!) azad etməyə çağırıb.
Politoloq Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyanın Qranadadakı bəyanatını çox da səmimi və dürüst bəyanat adlandırmaq olmaz. Paşinyan özü bir müddət öncə hökumətin toplantısında verdiyi açıqlamada Qranada da hansısa bir sənədin imzalanmasının nəzərdə tutulmadığını bildirmişdi. Sadəcə olaraq bu görüşlə bağlı müəyyən ümidlər olduğunu dilə gətirmişdi.
Oktay Qasımov
Plitoloq qeyd etdi ki, “Azərbaycan Prezidenti Qranada görüşünə qatılsaydı sülh sazişi imzalanacaqdı” fikirləri ciddi deyil: “Paşinyan burada daha çox Ermənistanın guya sülhə hazır olması və Azərbaycanın da guya danışıqlardan imtina etməsi rəyini yaratmağa çalışır. Heç təsadüfi deyil ki, 5 oktyabrda Makronun dilindən də biz buna bənzər ifadələr eşitdik. Baxmayaraq ki, Azərbaycan Prezidentinin köməkçisi sosial şəbəkədə Azərbaycanın danışıqlardan imtina etmədiyi barədə birmənalı fikir yazmışdı.
Bundan sonrakı dövrdə proseslərin necə gedəcəyi ayrı bir mövzudur. Danışıqlar formatı üç ünvandan ibarətdir - Moskva, Vaşinqton və Brüssel. Son dövrlər Qərb platformaları xeyli dərəcədə məsələlərdə bitərəfliyini itirmiş kimi görünməyə başladılar. Xüsusilə də bu “humanitar yardım” şousu ilə başlayan proses idi. Nəhayət Azərbaycan bölgədə antiterror tədbiri keçirəndən sonra Azərbaycana qərəzli münasibətlər də bunu deməyə əsas verir. Heç təsadüfi deyil ki, Şarl Mişelin də bir neçə gün öncəki açıqlamasında Azərbaycana qarşı əsassız ittiham səsləndirilmişdi. 5 oktyabrda Qranadadakı görüşdən sonra yayılan açıqlamada da biz eyni notları görməkdəyik. Belə ki, həmin açıqlamalarda Avropa İttifaqı Ermənistanı birmənalı dəstəklədiyini ifadə edir, Qarabağdan getmiş ermənilərlə bağlı Azərbaycan tərəfinin zərərinə olan mövqe bildirir. Qərb formatları geopolitik maraqlarının təmin edilməsi üçün Qarabağ məsələsindən istifadə etmək üçün çalışdılar Əlbəttə, Paşinyan çox istəyərdi ki, məhz Qranada görüşündəki format, yəni Makronun təsir imkanlarının olduğu formatda bir sənəd imzalansın. Amma reallıqlar tamamən başqadır. O baxımdan Qranadadakı beşli format Azərbaycan üçün qətiyyən uyğun deyil. Bu format əslində Brüssel formatına yamaq olan format idi. Orada hansısa əsaslı və həlledici qərarlar qəbul edilə bilməz və olmayacaq. Şarl Mişel artıq özü də bu yamaq formatın effektinin olmadığını gördü və ona görə də elə ayın 5-də Azərbaycanla Ermənistana bu ayın sonlarında Bürsseldə üçtərəfli görüş təklifi irəli sürdü. Azərbaycan prinsipcə bu görüşməyə etiraz etmir. Hikmət Hacıyevin açıqlaması da bu yöndəydi ki, Azərbaycan Brüssel formatından imtina etmir. Eyni zamanda Azərbaycan Moskva formatında da iştirak eləyə bilər. Bizim üçün önəmli olan formatlardan daha çox beynəlxalq hüquq, ədalət və bizim haqlı maraqlarımıza uyğun şəkildə məsələnin həll olunmasıdır. Bu, hansı formatda baş verəcəksə, biz orada iştirak edəcəyik. O baxımdan hazırkı məqamda hansısa bir formata xüsusi olaraq üstünlük vermək erkən olar. O ki qaldı Vaşinqton formatına, ABŞ da son zamanlar atdığı addımlarla vasitəçiliyinə etimada ciddi zərbə vurdu. ABŞ Qarabağ ermənilərinə hansısa xüsusi hüquqların verilməsindən danışır. Bu da Azərbaycan tərəfindən qəbul edilə bilməz. Bizim üçün əsas odur ki, hansı format olur-olsun beynəlxalq hüquqa uyğun addımlar atılsın. Bu baxımdan Azərbaycan ədalətli sülh sazişinin qonşu Gürcüstanda imzalanmasına da hazırdır".
Digər siyasi analitiklər də hesab edir ki, Brüssel və Vaşinqton formatlarına inamın zədələndiyi bir şəraitdə Tiflis variantı gündəmə gələ bilər. Əslində, Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə vəziyyətinin aradan qaldırılmasında vasitəçilik etmək regionun digər dövləti olan Gürcüstanın haqqıdır. Axı Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi bu ölkənin milli maraqlarına tam uyğundur. Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistandan ibarət üçtərəfli platformanın yaradılması təşəbbüsü Prezident İlham Əliyevdən gəlib. Dövlətimizin başçısı bununla bağlı fikirlərini Praqada, eləcə də ötən ilin sonlarında Gürcüstana səfəri çərçivəsində ifadə edib. Prezident İlham Əliyev bu məsələyə, həmçinin yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında bir daha qayıdıb. Azərbaycan Prezidenti dost Gürcüstanın vasitəçilik səylərini yüksək dəyərləndirdiyini bildirmişdi. Eyni zamanda Prezident İlham Əliyev ötən həftə Zəngilanda keçirilən Forumda da Cənubi Qafqazda sülhün vacibliyindən danışdı və sülhün hər üç Cənubi Qafqaz ölkəsinin əməkdaşlığına töhfə verəcəyini, üçtərəfli əməkdaşlıq formatında maraqlı olduğunu bildirdi.
Prezident bir neçə dəfə bəyan edib ki, Gürcüstan hər zaman tarixən bütün qonşuların görüşdüyü yer olub, lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir, çünki əgər 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar.
Tiflis variantına böyük maraq həm də o amillə şərtlənir ki, Gürcüstan müharibə zamanı öz neytrallığını qoruyub saxladı və ölkə üzərindən Ermənistana hərbi təyinatlı texnikanın daşınmasına imkan vermədi. Bundan başqa, Azərbaycanla Gürcüstanı ortaq iqtisadi maraqlar birləşdirir. Dost ölkə regionda Azərbaycanın təşəbbüsü və moderatorluğu ilə reallaşdırılan bütün enerji və nəqliyyat layihələrində yer alır.
Lakin siyasi şərhçilər onu da qeyd edirlər ki, Tiflis formatına - sülh sazişinin Gürcüstanda imzalanmasına Qərb isti yanaşsa da, Rusiyanın razı qalması ehtimalı çox azdır, hətta sıfıra yaxındır.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ