İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlik üzə çıxardı, sayğaclar düz işləmirmiş - vətəndaşlar aldadılır? 

Eldəniz Əmirov: “Bütün hallarda 74.2 faiz həddən artıq böyük nöqsandır”

“Ölkədə mövcud olan ölçmə vasitələrinin 74 faizi düz işləmirmiş. Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti maraqlı bir rəqəm açıqlayıb. Qurum deyir ki, yoxlamalar nəticəsində ölkədə mövcud olan ölçmə avadanlıqlarından 74,2 faizində nöqsanlar aşkarlanıb”.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz öz sosial media hesabında bildirib.

osman.jpg (66 KB)

Ekspert qeyd edib ki, bununla da bir sıra rəsmi və özəl qurumlarda hansısa xidməti, sərfiyyatı, çəkini və sairəni ölçən cihazların əksəriyyətində problem yaşandığı ortaya çıxır:

“Anlaşıqlı desək, bu o deməkdir ki, “Azərişığ”ın, “Azərsu”nun sayğaclarında, eləcə də digər dövlət qurumlarında hansısa xidməti, sərfiyyatı, çəkini və sairə ölçən cihazların əksəriyyətində problem varmış. Tərəzinin də problemli olması o deməkdir ki, düz çəkmirmiş. Antiinhisar konkret hansı quruma məxsus hansı ölçmə vasitələrinin düz ölçmədiyini, düz ölçməyənlərlə bağlı hansı tədbirlərin görüldüyünü, səhv ölçmə ilə bağlı vətəndaşlara hansı kompensasiyanın ödənildiyini açıqlamayıb”.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Elməddin Quliyev Milli Metrologiya Forumunda deyib ki, Azərbaycanda 2023-2024-cü illərdə 201 dövlət idarə və müəssisələrində metroloji nəzarət tədbirləri aparılıb:

“Onların 156-da metroloji tələblərin pozulması faktı aşkar edilib. Eyni zamanda bu nəzarət tədbirləri zamanı 25 615 ölçü cihaz və avadanlıqların nəzarətə cəlb edilməsi təmin edilib. Nəzarət tədbirləri zamanı 19 018 cihazda nöqsanlar aşkar edilib ki, bu da, 74,2 %-ni təşkil edir”.

Bəs görəsən, vətəndaşların mənzilləri də yoxlanılırmı? Araşdırma aparılarsa, evlərdə nə qədər nöqsan olar?

ELDENİZ SON.jpeg (255 KB)

Mövzu ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov Musavat.com-a fikirlərini bildirib:

“Azərbaycanda nəinki yüz minlərlə, milyonlarla ölçü cihazları var. Belə olan halda 19 min ölçü cihazında aşkar edilən nöqsan 74 faiz təşkil edə bilməz. Bu o deməkdir ki, burada yalnız dövlət idarə və müəssisələrində aparılan və eyni zamanda baxış keçirilmiş cihazlara aiddir. Açıqlama qısa olduğundan bir çox sualların cavabı yoxdur. Yəni bu nasazlıq hansı istiqamətdədir, mənfiyə, yoxsa müsbətə doğrudur. Yəni istifadəçinin xeyrinə, yoxsa zərərinədir. İstənilən halda bu, tərəflərdən birinə zərər gətirir. Daha az hesablamaya gətirib çıxaran bir nasazlıqdırsa, bu, digər tərəfə zərər verir. Əgər daha çox ölçü göstərən bir nasazlıqdırsa, o zaman istifadəçinin özünə zərər verir. Hər bir halda bunun məsuliyyəti var. Bütün hallarda 74.2 faizlik həddən artıq böyük nöqsandır. Bir daha vurğulayıram, bu, vətəndaşa yönəlmiş məsələ deyil. Bu, bilavasitə müəssisə və təşkilatların cihazları ilə bağlıdır. Bütün hallarda oxşar yoxlama bütün vətəndaşlara şamil olunmalıdır. Düzdür, əhalinin yaşadığı yerlərə on milyona yaxın cihaz quraşdırılıb, bunların hər birini yoxlamaq mümkün deyil, amma seçmə metodu ilə hər bir istiqamətdə mövcud vəziyyətin öyrənilməsi daha doğru olardı”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR