İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirin təhsil və direktor gileyi – Sərt addımlara ehtiyac var

Yeni tədris ili başlayır. Təhsil sahəsi cəmiyyətin daim müzakirəsində olur. Çünki insanların, cəmiyyətin gələcəyi birbaşa bundan asılıdır.

Son illərdə təhsil sektorunda bir sıra islahatlar həyata keçirilib. Ancaq görünən budur ki, nəticələr yetərli deyil, elm və təhsil nazirinin özü də durumdan razı deyil.

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında nazir Emin Əmrullayev ötən tədris ilində əldə olunan nailiyyətlərdən, aparılan təhsil islahatlarından, mövcud problemlər və onların həlli istiqamətində atılan addımlardan söz açıb.

O, direktorlara iradını da bildirib: “Elə məktəb direktorları var ki, onların qəbuluna düşmək mənim, nazirin qəbuluna düşməkdən daha çətindir. Məktəb direktorları, valideynlərlə siz görüşürsünüz, siz onlara lazım olan mesajı çatdırırsınız. Bu halda siz həmin mesajı necə çatdırırsınız? Mən istəyərdim ki, biz bu cür halları müzakirə edək. Necə edə bilərik ki, bu prosesi yaxşılaşdıraq”.

“Təhsil ilini uzatmağımızdan 10 ildən çox vaxt keçib. Müşahidələrimiz göstərir ki, sanki, həmin dövrü hamı tez bitirib tətilə getmək istəyir. May ayından sonrakı iki həftədə məktəblərdə səmərəlilik aşağı düşür. Bölgələrdə bu daha qabarıq görünür”, - nazir qeyd edib.

Nazir çıxışı zamanı ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə əmrdə nəzərdə tutulan məsələlərin həllinin zəruriliyini diqqətə çatdırıb.

Uzun zamandır ki, tədris ilinin 1 sentyabrda başlayıb 25 mayda yekunlaşması ənənəsinin bərpası gündəmdədir. Ancaq bu baş vermir. Görünən də budur ki, nazir də son 10 ildəki taktikanın özünü doğrultmadığı qənaətindədir.

Digər – nazirin də etiraf etdiyi – məsələ orta məktəblərdə direktorların, müavinlərin heç də hamısının uğurlu kadrlar olmaması, bəzilərinin uzun illər bu postlarda qalaraq “şişməsi”, məktəblərdə çetelər yaratmasıdır. Bununla bağlı ekspertlər rotasiya qaydasını təklif edir.

Əgər nazir də bu məsələlərdən narazıdırsa, həlli üçün sərt addımların atılması zəruridir. Nə təkliflər var?

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi “Yeni Müsavat”a danışıb:

elcin-efendi-2.jpg (45 KB)

“Təhsilin səviyyəsini yüksəltmək, uğurlu islahatları görmək üçün bizə ən azı yarım əsr lazımdır. Məsələn, tutaq ki, hansısa yeniliyi tətbiq etmək istəyiriksə, ən azı 3 il məktəbəqədər təhsil, 1 il məktəbə hazırlıq, 11 il orta təhsil, 4 il bakalavr, 2 il magistr pilləsini nəzərə alanda 20 ildən çox vaxt lazım olur. 20 ildən sonra da həmin şəxslərin verəcəkləri təhsil və nəticələrini görmək üçün xeyli zaman sərf olunacaq.

Xatırladım ki, buna qədər, 6-7 il əvvəl müvafiq tədbirlər həyata keçirilib. Məsələn, müəllimlərin mərkəzləşidirlmiş şəkildə işə qəbul imtahanı, şagirdlərin elektron qaydada siniflər üzrə KSQ, BSQ summativləri tətbiq olunur. Həmçinin 2-3 ildir ki, müəllimlərin sertifikasiya imtahanı keçirilir, yaxın vaxtlarda bu, bağça müəllimləri üçün tətbiq olunacaq və sairə. Yəni, hər bir tətbiqin özündən sonrakı il üzrə nəticələri hesablananda kifayət qədər zaman tələb edir. Nazir Emin Əmrullayevin dediyi kimi əvvəlki dövrlərdə, xüsusən də ölkədə müharibə qarışıqlıq olduğu 1992-1993-cü illərdən sonra rüşvət qarşılığında xeyli sayda saxta diplomlar alanlar, işə qəbul olunanlar oldu. Sertifikasiya nəticəsində məlum oldu ki, həmin şəxslərin ya ümumiyyətlə diplomu yoxdur və ya tamamilə başqa ixtisas üzrə çalışır və yaxud da mövcud təhsil standartları ilə bağlı heç bir bilik və bacarıqları yoxdur. Beləliklə, bu, qeyd etdiyim dövrlərdə baş verən neqativ halların fəsadlarıdır.

Təhsil üzrə müvafiq dəyişikliklər 2012-2014-cü ildən başladı. Yəni, hər hansı dəyişikliklər həmin dövrdən başlayaraq tətbiq olunub. Məsələn, ölkəmizdə kurikulum proqramı 2008-ci ildən tətbiq edilsə də, bununla bağlı ali təhsil müəssisələri istiqamətində ilk imtahan 2019-cu ildə keçirilib. Amma dərhal kurikulumun nəticəsinin axtarmağa çalışırıq. Halbuki 2019-cu ildə qəbul olunan tələbələr təhsillərinin yalnız ötən il və bu il başa vurdular. Onların içərisində pedaqoji üzrə təhsil alanlar hələ bu il əmək fəaliyyətinə başlayırlar və onların yetişdirəcəyi şagirdlərin nəticələri ən azı 4 il sonra monitorinq imtahanında ortaya çıxacaq. Beləliklə, 2008-ci ildən tətbiq olunan kurikulumun nəticəsini təxminən 2027-ci ildə görə biləcəyik. Ona görə də bir daha qeyd edirəm ki, təhsil ilə bağlı görüləcək islahatlara kifayət qədər dövr lazım olacaq ki, onun məntiqi nəticəsini görək”.

Elçin Əfəndi nazirin “Elə məktəb direktorları var ki, onların qəbuluna düşmək mənim, nazirin qəbuluna düşməkdən daha çətindir” fikrinə isə bu cür münasibət bildirib:

“Ümumiyyətlə, hər bir vəzifə sahibinin müvafiq səlahiyyətləri var və bu səlahiyyətlər çərçivəsində onlar müəyyən işləri görürlər. Doğrusu məktəb direktorlarının istənilən vaxt qəbul keçirməsi bir qədər çətin məsələdir. Məsələn, bir valideynlər görüşdüyü vaxt digər valideyn də görüş keçirmək istəyər, amma vaxta və ya müəyyən səbəbə görə qəbula düşməyə bilər. Amma ümumiyyətlə qəbuluna düşmək mümkün olmayan direktorlar da var və çoxluq təşkil edir. Öz işini bilən, vəzifə öhdəliyini yerinə yetirən, valideynlərlə görüşən, yəni bir növ həqiqətən işinin haqqını verən direktorlar var. Lakin onun başlıca vəzifələrindən biri də valideynlərlə görüşmək, düzgün kommunikasiyanı təmin etməkdir. Yəni, burada müəllim-valideyn, müəllim-şagird, valideyn-məktəb münasibətlərinin mərkəzində direktor dayanır.

Hesab edirəm ki, həmin direktorlarla bağlı nazirlik qəti qərar verməli, müvafiq ölçü götürməlidir”.

Elçin Əfəndinin fikrincə hazırda dövlət tam və orta ümumtəhsil müəssisələri dövlət nümunəli sənədi, yəni attestatı vermək funksiyasını daşıyır:

“Yəni, bu gün attestatı o qədər “öldürmüşük” ki, artıq şagird 2 qiyməti alanda belə narahat olmur, bilir ki, attestat alacaq və məktəbə getmir. Biz çalışmalıyıq ki, 2 qiyməti alan şagirdə attestat verilməsin. Əvvəlki dövrlərdə bir neçə 2 qiyməti olan şagirdə attestat verilmirdi. Amma indi şagirdlərdə bu asıllılıq yoxdur deyə arxayındır və mart ayında buraxılış imtahanını verəndən sonra hesab edir ki, onun məktəblə əlaqəsi bitdi və dərsə getmir, davamiyyət itir. Mayın 30-dan sonra isə dərsə ümumiyyətlə getmirlər. Bunun qarşısını almaq üçün nazirlik mütləq şəkildə attestatın üstün olmasını maarifləndirməli, bunu müəllimlər vasitəsi ilə valideynlərə çatdırmalıdır. Şagirdlər bilməlidir ki, attestat qiymətləri illik yekun qiymətlər əsasında çıxarılır və son 2 həftənin davamiyyəti mütləq yerində olmalıdır ki, onların qiymətləndirilməsi aparılsın, yekun qiymətləndirmə olsun.

İkinci bir məsələ, təbii ki, əgər dərs kitabları may ayının sonundan etibarən yığılırsa, şagirdlərdə psixoloji fikir formalaşır ki, kitablar yığılırsa, daha dərs soruşulmayacaq, dərsə getməyə ehtiyac yoxdur. Bütün bunlar da ümumi prosesə təsir edir. Ona görə də kitablar may ayının sonunda deyil, son dərs gününə 3-5 gün qalmış yığılmalıdır”.

Xalidə Gəray,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR