İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir müavini bələdiyyələrdəki qanunsuzluqlardan danışdı  

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ni təqdim edən ədliyyə nazirinin müavini Toğrul Hüseynov bələdiyyələrin fəaliyyətindəki nöqsanlardan da bəhs edib.

 Musavat.com-un məlumatına görə, nazir müavini əlavə edib ki, qanunvericiliyin tələblərinə uyğun olmayan 74 bələdiyyə aktı tam ləğv edilib. Həmçinin bələdiyyələrin maliyyə idarəçiliyində şəffaflığı artırmaq üçün qanunvericiliyə dəyişikliklər edilib, vahid bələdiyyə xərcləri portalının yaradılması təmin olunub: “Korrupsiya ilə mübarizə çərçivəsində qanun pozuntuları aşkarlanıb və hüquq-mühafizə orqanlarına göndərilib. 51 halda ciddi qanun pozuntusu müəyyən edilib, 21 iş üzrə cinayət işi açılıb. Qeyri-qanuni torpaq satışı, mənimsəmə və saxtakarlıq faktları araşdırılıb, müxtəlif bələdiyyə sədrləri və vəzifəli şəxslərə qarşı cinayət işləri başlanıb. 77 bələdiyyənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib”. Məruzəçi qeyd etdi ki, 2024-cü il üzrə araşdırmalar zamanı məlum olub ki, bir çox bələdiyyələr maliyyə sabitliyi baxımından əhalinin tələblərinə cavab vermir, təminatını, müvafiq təşkilati fəaliyyəti həyata keçirə bilmirlər. Nazir müavini bildirib ki, məhz bu səbəbdən bələdiyyələrin birləşdirilməsi həyata keçirilməkdədir. “Ötən il bu mexanizm çərçivəsində özünü idarəetmə iqtidarında olmayan bələdiyyələr birləşdirildi və onların sayı 1606-dan 685-ə qədər azaldıldı.

Bələdiyyələrin birləşməsi onların xidmətlərinin rəqəmsallaşdırılmasına əlverişli imkan yaradır. İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi bələdiyyələrin idarəetmə keyfiyyətinin artırılmasına, vətəndaşlara daha yaxşı xidmət göstərilməsinə və resurslardan daha effektiv istifadə edilməsinə şərait yaradacaq. Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinin yeni çağırışlara uyğun təşkilinə kömək və metodoloji yardım göstərilməsi, inzibati nəzarətin səmərəliliyinin artırılması istiqamətində tədbirlər davam etdirilir”-T.Hüseynov əlavə edib.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

02 Mart 2025

BÜTÜN XƏBƏRLƏR