İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir müavini 4 günlük iş rejimindən danışdı - reallaşa bilərmi?

Eldəniz Əmirov: “Adını 4 günlük iş həftəsi qoyduğumuz ölkələrin heç birində iş heç də 4 günlük deyil...”

Mayis Əliyev: “Faydalı iş əmsalı baxımından 4 günlük iş rejiminə keçid daha düzgün olardı, amma...”

Neçə vaxtdır ki, 4 günlük iş rejiminə keçidlə bağlı müzakirələr aparılır, dünya praktikasından misallar çəkilir. 

“Bəzi ölkələr 4 günlük iş rejiminə keçib. 4 günlük iş rejiminin tətbiqinin iki istiqaməti var. Səslənilən və real niyyət fərqli ola bilər”.

Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev “İnsan Resursları Zirvəsi 2023” tədbirində panel çıxışı zamanı deyib. “Bu özlüyündə araşdırılmalı mövzudur. Yalnızca İqtisadiyyat Nazirliyi bunu edə bilməz. Bu ölkədən-ölkəyə fərqlənə bilər”, – deyə nazir müavini bildirib.

elnur nazir.PNG (531 KB)

Yeri gəlmişkən, yaxınlarda Qazaxıstan parlamenti 4 günlük iş həftəsinə keçidlə bağlı qanun qəbul etdi. Azərbaycanın qonşuları olan Rusiya, Türkiyə və Gürcüstanda da 4 günlük iş rejiminə keçidlə bağlı məsələlər əsas müzakirə mövzusudur. Hətta rəsmi Moskva bir neçə dəfə bəyan edib ki, həftədə 4 günlük iş rejiminə keçidlə bağlı uyğun variantlar nəzərdən keçirilir. Əmək Nazirliyi eksperiment olaraq Rusiyanın 30 regionunda 266 kiçik və orta sahibkarlıq subyektində tətbiq etməyi planlaşdırır.

Bəs bu Azərbaycanda da tətbiq edilə bilərmi?

mayis.jpg (493 KB)

Mövzu ilə bağlı “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri, BDU-nun professoru Mayis Əliyev “Yeni Müsavat”a dedi ki, bu məsələ dünyada gedən  tendensiyalardan biridir: “Amma dünyada müəyyən olunmuş beynəlxalq əmək təşkilatının iş vaxtı ilə bağlı müəyyən etdiyi sosial standart həftədə hələlik 40 saat, gündə 8 saatdan artıq olmamaqla müəyyən edilir. Ancaq dünya ölkələri artıq bununla bağlı, əsasən də Qərb ölkələri çox ciddi islahatlar aparıblar. Hətta Fransada normal iş vaxtının müddəti 35 saatdır. Skandinaviya ölkələri artıq həftədə 4 günlük iş rejiminə keçiblər. Qərb ölkələrində son dövrlər aparılmış tədqiqatlar onu göstərir ki, işçinin gün ərzində faydalı iş əmsalı 6 saatdan artıq deyil. O kontekstdən yanaşsaq, fikrimcə, daha məhsuldar, daha effektli, faydalı iş əmsalı baxımından 4 günlük iş rejiminə keçid daha düzgün olardı.  Amma buna sahibkarlar necə baxacaq?! Sahibkarlar da müşahidə etsələr görərlər ki, işçinin siqaret çəkməyə, çay içməyə, nahar etməyə ayırdığı vaxtı çıxanda faktiki olaraq 5-6 saat işlədiyi görünür. Bu baxımdan razılaşıram, amma bu gün üçün bunu real görmürəm. Bizdə iqtisadiyyat, cəmiyyətin inkişaf tendensiyası heç də ona imkan vermir. Azərbaycan beynəlxalq standartlara uyğun olaraq, iş vaxtının həftədə 40 saata endirilməsi ilə bağlı Beynəlxalq Əmək Təşkilatının Konvensiyasına uyğun olaraq iş vaxtını qurur. Bu Konstitusiyamızın 37-ci maddəsində iş rejimi gün ərzində 8 saat olmaqla, həftədə 40 saatdan artıq olmaması təsbit edilib”. 

eldeniz son.jpeg (64 KB)

İqtisadçı Eldəniz Əmirov da mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, 4 günlük iş həftəsi dedikdə insanlar elə başa düşür ki, söhbət 32 saatlıq iş həftəsindən gedir: “Bu gün 90-ə qədər ölkədə həftəlik 40 saatlıq iş həftəsi tətbiq edilir. Yəni 5 gün, hər gün 8 saat. Qazaxıstan 4 günlük iş həftəsinə keçdi, bu mediada da açıq şəkildə geniş rezonans doğurdu. Amma Qazaxıstanın əmək məcəlləsində aydın şəkildə qeyd olunub ki, tərəflərin razılığı ilə əmək müqaviləsi 5 günlük və ya 6 günlük iş həftəsi ilə əvəzlənmək hüququ ilə yanaşı, eyni zamanda 4 günlük iş həftəsi təyin edilə bilər. Yəni ayın bir həftəsində 4 gün idisə, 5 və 3-cü həftəsində 6 günlük olacaqdır. Yaxud da əgər 4 günlük iş həftəsidirsə, onda həmin 5-cü günün saatları digər günlərə bölünəcək. Yəni nəticə etibarilə insanlar həftə ərzində 40 saat işləyir. Belçikada 38 saatlıq iş həftəsi var, onların özündə belə tamlıqla 4 günlük iş həftəsinə keçə bilməyiblər. Ona görə də bu bir neçə  nazirliyin işi deyil. 4 günlük iş həftəsinə keçməkdən ötrü birinci növbədə məhsuldarlıq yüksək olmalıdır. Yəni 5 həftədə görülən iş 4 həftədə görülməlidir. Məhsuldarlıq yuxarı olmayana qədər bu praktik olaraq mümkün deyil. Dünyanın bəzi ölkələrində, məsələn, BƏƏ-də 4.5 günlük iş rejiminə keçiblər, cümə günündə günortadan sonra işləməmək üçün. Amma yenə də digər iş saatlarının üzərinə gəlir. Dünyada elə bir ölkə yoxdur ki, orada iş saatı 32 saat olsun. Nə zaman 32 saatlıq iş həftəsinə keçirilərsə, o zaman biz ürəklə deyə bilərik ki, filan ölkədə 4 günlük iş həftəsidir. Amma bu gün adını 4 günlük iş həftəsi qoyduğumuz ölkələrin heç birində iş heç də 4 günlük deyil. 4 günlük olanı varsa da, növbəti həftədə 6 gün olanı da var. Əmək Məcəlləsində də var ki, gündəlik olaraq 12 saatdan artıq olmaz. Norma 8-dirsə, yenə 10 saat-10 saat artırmaq olar, nəticədə 4 gün işləyəcəksən, gündə 10 saat, bu da 40 saat edəcək. Beş gün işləyəndə də 8 saat işləyirsənsə, bu da 40 saat edir”.     

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən mediaya açıqlamada bildirilib ki, hazırda Azərbaycanda bu mövzu müzakirə obyekti deyil:

“Əmək Məcəlləsinə əsasən ölkədə bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola və buna uyğun olan həftəlik normal iş vaxtının müddəti də 40 saatdan artıq müəyyən edilə bilməz”.

Qurumun açıqlamasında deyilir ki, bu qərar özəl sektora da şamil edilir: “Əmək Məcəlləsi iş yerindən, vəzifəsindən asılı olmayaraq hər kəsə şamil edilir.

İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

Məcəllənin 107-ci maddəsinə əsasən, nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR