İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanın statusunun ləğvi müzakirələri - kim nə deyir? 

Ekspert: “Muxtar respublika statusu yox, Nazirlər Kabineti ləğv edilməlidir”

Naxçıvanın muxtar respublika statusunun ləğvi ilə bağlı iddia irəli sürülür. Buna səbəb olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin  (DTX) ləğv edilərək DTX-nın Naxçıvan Baş İdarəsinin yaradılması göstərilir.

REAL Partiyasının İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli bu qərarı Naxçıvanın muxtar respublika statusunun ləğvinə hazırlıq kimi dəyərləndirib.

Yaxşı mütəxəssisləri dərhal “oğurlayıb” aparırlar” - Natiq Cəfərli

Natiq Cəfərli

O qeyd edib ki, unitar ölkə olan Azərbaycanda heç bir ərazinin özəl statusuna ehtiyac yoxdur: “Belə başa düşürəm ki, Naxçıvanın muxtar respublika statusunun ləğvinə hazırlıq sürətlənir - doğru yanaşmadır. Amma bu addımın illərdir dediyimiz hüquqi bazası, konstitusiya islahatları ayağı mütləq olmalıdır. Yeni konstitusiyada bir çox məsələlərlə yanaşı, ölkənin inzibati-ərazi bölgüsü də dəyişdirilməli, yaradılmış 14 iqtisadi rayon (Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan da daxil olmaqla) inzibati-ərazi vahidinə çevrilməli, yerli özünüidarəetmə gücləndirilməli, böyük şəhər bələdiyyələri və seçkili mer institutu təsis edilməlidir”.

Eldar İbrahimov: “Bu, sadəcə təqvim bayramı deyil, böyük tarixi əhəmiyyətə  malik gündür” - MÜSAHİBƏ

Eldar İbrahimov

Naxçıvanı parlamentdə təmsil edən deputat Eldar İbrahimov isə Modern.az-a açıqlamasında bu iddianın yersiz və əsassız olduğunu vurğulayıb. Deputat qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının ləğvinə ehtiyac yoxdur: “Muxtar respublika Azərbaycanın tərkibində 1921-ci ilin 13 oktyabrında 5 dövlətin - Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və Ermənistanın imzaladığı müqavilə ilə yaradılıb. Muxtar respublikanı hansısa iddia ilə, elə-belə ləğv etmək mümkün deyil. Qanunamüvafiq yaradıldığı kimi, ləğv prosesi də qanunamüvafiq edilməlidir. Ümumilikdə isə Naxçıvan muxtar respublika olaraq Azərbaycan Konstitusiyasında yer alıb”. E.İbrahimov bu məsələyə inanmadığını və bunun tərəfdarı olmadığını bildirib: “Naxçıvan Muxtar Respublikasının ləğvinə heç bir ehtiyac yoxdur. Əvvəla, Naxçıvan məsafə olaraq Azərbaycandan xeyli aralıda yerləşir. Muxtar respublikadır, özünün parlamenti, icra strukturu var. Bölgədə 7 rayon, şəhərə rəhbərlik həyata keçirilir. Naxçıvan azad zonada yerləşən bölgə deyil ki, onun muxtariyyəti asanlıqla ləğv edilsin. Gələcəkdə kommunikasiya əlaqələri yaradılsa belə, məsafə baxımından Naxçıvanın muxtar respublika statusu ləğv edilməməlidir. Sadəcə, statusun ləğvi üçün səbəb yoxdur”.

Fərəc Quliyevin səs yazısı yayıldı - “Baxın görün, bizi Milli Məclisdə  kimlər təmsil edir” | KONKRET

Fərəc Quliyev

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a bildirdi ki, Naxçıvanın statusu Azərbaycan Konstitusiyasında təsbit olunur. Bu statusun ləğvi üçün konstitusiyada dəyişiklik edilməlidir: “Naxçıvanın idarəetmə sistemində dəyişikliklərlə muxtar respublikanın statusu məsələsini əlaqələndirmək doğru deyil. Mən mobil idarəetmənin tərəfdarıyam. Naxçıvanın idarə edilməsində hazırkı geniş iyerarxikliyi düzgün saymıram. Naxçıvan Muxtar Respublikasının nazirlikləri birbaşa Azərbaycanda olan nazirliklərə baş idarələr formasında tabe ola bilər. Eləcə də rayonların icra hakimiyyətləri. Məsələn, necə ki, Şamaxı, Yevlax Prezident Administrasiyasına tabedirlər, eləcə də  Naxçıvan Muxtar Respublikasındakı rayonlar o cür tabe ola bilərlər. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin saxlanması mənasızdır. Bu, sanki arabanın beşinci təkəri kimidir. Bütün bu məsələlərlə bağlı idarəetmədə islahat xarakterli addımlar aparmaq düzgündür. Amma siyasi tərəfdən Naxçıvanın muxtar respublika statusunun dəyişdirilməsi, ləğvi isə xeyirli olmaz. Çünki Naxçıvanın bu statusu həm də onun təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Qars müqaviləsini də nəzərə almaq lazımdır. Orada bir müddəa var ki, əgər Naxçıvan üçüncü dövlət tərəfindən işğal təhlükəsi ilə qarşılaşarsa, Türkiyə bütün vasitələrlə müdaxilə edir. Hazırkı geosiyasi vəziyyət bu müqaviləni gündəmdə saxlamağı zəruri edir. Ona görə də mən Naxçıvanın statusuna dəymədən idarəetmə istiqamətində islahatların aparılmasını doğru sayıram. Status yerində qalır, amma idarəetmə orqanları birbaşa Bakıya tabe olur. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetini isə birmənalı şəkildə ləğv eləmək lazımdır”.   

Oqtay Qasımov: “Bu, bölgədə yenidən gərginliyin yaranmasına gətirib  çıxaracaq”

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov isə bildirdi ki, son dövrlər Naxçıvan Muxtar Respublikasında müəyyən dövlət qurumlarının, o cümlədən Dövlət Təhlükəsizlik Xidmətinin ləğvinin müzakirələrə və iddialara səbəb olacağı gözlənilən idi: “Lakin nəzərə almaq lazımdır ki, Naxçıvanın statusunun ləğvi və ya dəyişdirilməsi ancaq Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə mümkündür. Çünki bu, konstitusion bir məsələdir. Əgər muxtar respublika statusu ləğv olunacaqsa, təbii ki, bundan öncə referendum keçirilməlidir. Bu məsələ ciddi müzakirələrdən keçməli məsələdir. Xüsusilə də müasir beynəlxalq vəziyyəti nəzərə aldıqda Naxçıvanın həm statusu, həm Qars müqaviləsi ilə müəyyən olunmuş öhdəliklərin vacib olduğunu görərik. Bütün hallarda hansı qərarlar veriləcəksə, bu, ilk növbədə Azərbaycan dövlətinin maraqlarına uyğun olmalı və Naxçıvanın təhlükəsizliyi kontekstində məsələyə baxılmalıdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR