Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, martın 5-də Türkiyədə İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimi keçirilib. Qaz kəməri üzrə Anlaşma Memorandumu 2020-ci il dekabrın 15-də Ankarada imzalanıb. Təməli isə 2023-cü il sentyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın iştirakı ilə qoyulub.
Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Türkiyə və Azərbaycan - iki qardaş ölkə nəhəng layihələr reallaşdırır: “Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun təxminən yarısı Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir.
Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaqdır. Bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi. Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tiflis-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir, həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün. Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir".
Türkiyə Prezidenti isə qeyd edib ki, İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində ölkələrin daha əvvəlki strateji təşəbbüslərini tamamlayacaq: “Kəmər həmçinin Naxçıvan ilə ortaq taleyimizin bir nişanəsi olacaq. BOTAŞ tərəfindən inşa edilən 80 kilometr uzunluğunda, gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik bu kəmər xüsusilə Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcək. Beləliklə, Naxçıvanın enerji təhlükəsizliyini uzun illər təmin edəcək bir layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırmış oluruq”.
Açılış mərasimində Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib ki, kəmərin ötürücülük gücü ildə 730 milyon kubmetr təşkil edir, lakin onun genişləndirilməsi imkanları var.
Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəməri Azərbaycanın Naxçıvanın enerji təminatında İrandan uzun illərdir davam edən asılılığına son qoyur. Bu baxımdan, kəmər Azərbaycan üçün həm iqtisadi, həm də geosiyasi baxımdan uğurlu addımdır. Kəmərin işə düşməsi Naxçıvana bir mənbədən gələn qaz təminatını aradan qaldırır, onu şaxələndirir.
Rəsmi məlumata əsasən, Naxçıvanın illik qaz istehlakı 260-300 milyon kubmetr arasındadır. Bu tələbatın ödənməsi üçün Azərbaycan İranla 2004-cü ildə svop razılaşması əldə edib: İran Naxçıvanın tələbatına uyğun qazı Culfadan muxtar respublikaya ötürür, əvəzində eyni həcmdə qazı Astara üzərindən Azərbaycandan alır. İranın təkidi ilə bu əməliyyatın haqqı olaraq Azərbaycan Astaradan 15 faiz daha artıq qaz həcmini İrana verməli olur. Bu, dünyada belə svop əməliyyatları üçün tətbiq olunan 5 faizlik ortalamadan 3 dəfə artıqdır. Lakin Azərbaycan tərəfi Naxçıvanın enerji tələbatını ödəmək üçün belə soyğunçu şərtlə razılaşmalı olmuşdu. Həmin razılaşmanın müddəti bu il bitir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Aqil Əsədovun fikrincə, İğdır-Naxçıvan qaz kəməri sadəcə bir kəmər deyil, həm də “bir millət-iki dövlət” arasında qardaşlığı, dostluğu möhkəmləndirən növbəti bağdır: “Naxçıvanın enerji müstəqilliyini təmin edəcək İğdır-Naxçıvan qaz kəmərinin tikintisi haqqında razılaşma 2020-ci ilin dekabrında Ankarada imzalanıb, 2023-cü ildə isə kəmərin tikintisinə başlanılıb. İllik ötürmə gücü 730 milyon kubmetr olan kəmər Naxçıvanın qaz tələbatını tamamilə ödəyəcək. Azərbaycan ərazisində 17 kilometr, Türkiyə ərazisində isə 82 kilometrdən çox olan kəmərin uzunluğu təqribən 100 kilometrdir və gündəlik ötürücülük qabiliyyəti 2 milyon kubmetr təşkil edir. Eyni zamanda kiçik modifikasiya işləri ilə kəmərin ötürücülük qabiliyyətinin gələcəkdə daha da artırılaraq 5 milyon kubmetrə çatdırılması mümkündür. Bu xətt Azərbaycan və Türkiyə arasında strateji enerji tərəfdaşlığında yeni bir keçid olmaqla üçüncü qaz kəməridir: Bakı-Tiflis-Ərzurum, TANAP və İğdır-Naxçıvan”.
Aqil Əsədov bildirir ki, iki ölkə arasında tarixi dostluğun nümunəsi olan İğdır-Naxçıvan kəməri həm də Türkiyənin bir enerji qovşağına çevrilməsinə töhfə verəcək: “Qaz kəmərinin çəkilməsi Naxçıvanın inkişafına yeni impuls verərək muxtar respublikanın iqtisadi və siyasi təhlükəsizliyini təmin etməklə strateji əhəmiyyət daşıyır”.
İİTKM-in şöbə müdirinin sözlərinə görə, gələcəkdə kəmərlə əks istiqamətdə də axın mümkündür ki, bu da perspektivdə kəmərin Zəngəzur üzərindən yeni bir reallıq yaradacağı ehtimalını artırır: “İğdır-Naxçıvan kəməri Azərbaycan qazını Türkiyə üzərindən svop mexanizmi ilə Naxçıvana çatdırır. Zəngəzur dəhlizinin açılmasından sonra isə Azərbaycanın əsas hissəsi ilə qədim torpağı olan Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizlərinə uyğun enerji dəhlizləri də reallaşdırılacaq. Bu zaman İğdır-Naxçıvan kəməri həm də Naxçıvan-İğdır istiqamətində enerji daşıyıcısı kimi Azərbaycan və Türkiyəyə daha böyük dividentlər gətirə bilər”.
Mərkəz rəsmisinin sözlərinə görə, bu gün üçün qaz kəmərinin əhəmiyyəti İğdır və Naxçıvanın sosial-iqtisadi inkişafına verilən impulsla xarakterizə olunsa da, gələcəkdə daha strateji mahiyyət kəsb edərək Azərbaycan qazının, eləcə də Azərbaycan üzərindən Türkiyə vasitəsilə Mərkəzi Asiya qaz ehtiyatlarının Avropa bazarına çıxarılmasına öz töhfəsini verəcək və Türk Dövlətləri Təşkilatı (TDT) üzvləri arasında bağlantını daha da möhkəmləndirəcək.
İlham Şaban
Enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, yeni kəmər ilk növbədə Naxçıvanın qazla təminatında stabilliyin yaranmasına səbəb olacaq: “İndiyədək bildiyiniz kimi, İranla svop əsasında Naxçıvanı qazla təmin edirdik. Türkiyə üzərindən qaz təminatı imkanının yaranması fors-major hallarında enerji təhlükəsizliyinə təhdidin qarşısının alınması deməkdir və çox mühüm məsələdir. İkinci bir tərəfdən, 2005-ci ilin sonlarından İranla svop əməliyyatlarına başlandıqdan bəri Tehran bundan sui-istifadə edib. Dəfələrlə Azərbaycan svop üçün hədsiz yüksək olan xidmət xərcinin azaldılması məsələsini qaldırsa da, İran bununla razılaşmayıb. Çünki bilirdilər ki, Azərbaycanın alternativi yoxdur. Artıq belə alternativ yaranıb və İranın öz mövqeyini diqtə etmək imkanı yoxdur. İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın enerji təhlükəsizliyini qat-qat gücləndirəcək. Bu, bizim ən böyük qazancımızdır”.
Onu da qeyd edək ki, 2022-ci ildən etibarən Azərbaycan İran üzərindən svop razılaşması əsasında Türkmənistan qazını alır. Ötən il bu alış 60,78 milyon dollar dəyərlə 405,17 milyon kubmetrə bərabər olub. Qazın min kubmetri 150 dollara başa gəlib. 2023-cü illə müqayisədə Türkmənistandan qaz alışı həcm baxımından 4 dəfəyə yaxın, dəyər baxımından isə 3.5 dəfədən çox azalıb. 2023-cü ildə Azərbaycan 218,23 milyon dollar dəyərində 1 milyard 517,33 milyon kubmetr türkmən qazı almışdı.
Ötən il İran üzərindən alınan türkmən qazının həcmi elə Naxçıvana görə İrana ötürülməli olan qaz həcminə bərabər olub.
İran Bakıdan Naxçıvana verdiyi qaza görə yüksək əvəz aldığı dövrdə Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana tamam fərqli münasibət nümayiş etdirib. Belə ki, Tehran Ermənistana qazı pulsuz verib. İldə 400-500 milyon kubmetr qaz İrandan İrəvan yaxınlığındakı istilik elektrik stansiyasına pulsuz axıb. Əvəzində isə ermənilər istehsal olunan elektrik enerjisinin bir hissəsini İranın şimal əyalətlərinə - Cənubi Azərbaycana ötürüblər. Bir kubmetr qazdan 5 kvT\saat elektrik enerjisi alan İrəvan onun 3 kvT\saatını İrana verib, qalanını isə öz təminatına sərf edib.
Hazırda İranla Ermənistan İrana elektrik enerjisini ötürəcək yeni yüksək gərginlikli xətt çəkmək üzərində işləyirlər: Tehran ermənilərə verdiyi qazın həcmini ikiqat artırmağa hazır olduğunu bəyan edib. Halbuki İranın özü, xüsusilə də şimal əyalətləri kəskin enerji çatışmazlığı yaşamaqdadır. Ötən ilin sonlarından etibarən ölkə ərazisində kəskin enerji qənaəti rejiminə keçilib. Bunun əsas səbəbi kimi enerji istehsalı müəssisələrinin gündəlik 50 milyon kubmetr qaza olan ehtiyacının təmin oluna bilməməsidir.
İran qaz çatışmazlığını Rusiya hesabına təmin etməyi planlaşdırır. Bu planın həyata keçirilməsi isə bilavasitə Azərbaycandan asılıdır. Çünki İranın Rusiyadan qaz alması üçün yeganə mümkün marşrut Azərbaycan üzərindən reallaşa bilər. Yanvar ayında Moskvaya gedən İran Prezidenti Məsud Pezeşkianla Rusiya prezidenti Vladimir Putin arasında Azərbaycan üzərindən 55 milyard kubmetrlik ötürücülük gücünə malik qaz kəmərinin çəkilməsinə dair razılaşma da əldə olunub.
Dünya SAKİT,
“Yeni Müsavat”
09 Mart 2025
08 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ