İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanın enerji təhlükəsizliyi möhkəmlənir

Fikrət Yusifov: “Naxçıvan Azərbaycanın bir parçası kimi böyük nəqliyyat habına çevriləcək”

Sentyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Naxçıvan Muxtar Respublikasına səfər edib. Səfər çərçivəsində iki prezident arasında bir sıra mühüm məsələlər müzakirə olunub. Səfər çərçivəsində İğdır-Naxçıvan təbii qaz kəmərinin təməlqoyma mərasimi keçirilib və Azərbaycanla Türkiyə arasında Qars-Naxçıvan dəmir yolu layihəsi, həmçinin Zəngəzur dəhlizi müzakirə olunub. Bu görüş gələcəkdə nə kimi perspektivlər vəd edir?

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a şərh verib. O qeyd edib ki, bununla bağlı mühüm bir neçə suala cavab verilməlidir: “Qars-Naxçıvan dəmir yolu  Azərbaycan və Türkiyə üçün nə deməkdir? Nədən Azərbaycan və Türkiyə bu layihəni reallaşdırmağı çoxdandır ki, hədəfləyiblər? Layihə ətrafında iki dövlət arasında 10 ildən çoxdur ki, müzakirələr aparılır. Hər iki qardaş ölkənin hökumətləri bu layihənin gələcək perspektivlərinə böyük önəm verirlər. Şərqlə Qərbi birləşdirə biləcək ən qısa dəmir yolunun çəkilməsi ilə Orta yolun bərpası, tək iki ölkənin deyil, regionun bütün ölkələrinin iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcəkdir. Dəhlizin açılması isə mütləq baş tutacaq. Ermənistanın bununla bağlı yersiz dirənişləri bu gün heç nəyi həll etmir. Ortada dəyəri yüz milyard dollarlarla ölçülən yüklərin şərqdən qərbə ən qısa quru yolu ilə daşınmasından gedir.

Daşımalarda yüklərin çatdırılması müddətinin azaldılması investorlara əlavə qazanc əldə etmək imkanları yaradır. Daha doğrusu, daşıma müddətinin iki dəfə qısaldılması, əldə olunan mənfəətin də bu qədər artması deməkdir. Beləliklə, bu qədər böyük maraqlardan söhbət gedərkən, Ermənistan qədər kiçik və iqtisadi cəhətdən cılız bir dövlətin Zəngəzur dəhlizinin açılmasına necə münasibət bəsləməsi heç nəyi həll etməyəcək. Dəhliz açılacaq. Çünki ortada gələcəkdə quru yolla Şərqdən Qərbə bir trilyon dollara qədər məhsul ixrac etməyi hədəfləyən Çinin və bu məhsulun çatdırıldığı Avropa İttifaqı ölkələrinin böyük maraqları dayanır.

Azərbaycan və Türkiyə hökumətləri layihənin iqtisadi və həm də siyasi əhəmiyyətini nəzərə alıb, onun reallaşdırılmasını mümkün qədər sürətləndirməyə cəhd göstərirlər.

Layihə ətrafında aparılan müzakirələrin birinci mərhələsi 2020-ci ilin fevral ayının 25-də “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması ilə başa çatdı. Bunun ardınca, cari ilin sentyabr ayının 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində, Naxçıvanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzaladılar. Bu layihənin reallaşdırılması istiqamətində növbəti, üçüncü addım, isə iki qardaş ölkə arasında yaxın vaxtlarda müvafiq müqavilənin imzalanması ilə atılacaq".

Fikrət Yusifov: Müharibələrin və terrorun ali məqsədi - İqtisadi maraqlar

Fikrət Yusifov 

Professor əlavə edib ki, Ermənistan bir dövlət kimi varlığını qoruyub saxlamaq istəyirsə, bölgədə böyük güclərin də maraqlarına uyğun reallaşdırılması nəzərdə tutulan Zəngəzur dəhlizi layihəsini nəinki dəstəkləməli, hətta ona öz xilası kimi baxmalıdır: “Ən azından ona görə ki, böyük həcmdə yüklərin bu dəhliz vasitəsilə daşınması Ermənistan büdcəsinə, onun yatıb yuxuda görə bilməyəcəyi milyardlarla dollar gəlirin gətirilməsini təmin edə bilər. Azərbaycan bu yolun nə qədər maraqlı ola biləcəyini hələ 10 il bundan öncə, Çinin dövlət rəhbəri "Bir kəmər, bir yol" layihəsini 2013-cü ildə elan edən kimi dəyərləndirdi. Çin Xalq Respublikasının sədri Si Cinpin 2013-cü ilin sentyabr ayında “Bir kəmər, bir yol” layihəsini ortaya qoyduqdan sonra bütün ölkələr içərisində bu layihəni ilk dəstəkləyən Azərbaycan oldu. Azərbaycan Prezidenti bu layihənin gələcəkdə ölkəmiz üçün nə demək olduğunu vaxtında uzaqgörənliklə dəyərləndirdi. Elə bu səbəbdən də Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqi haqqında Memorandumu" imzalanıb.

Bir sözlə, Qars-Naxçıvan dəmir yolu layihəsi Azərbaycanla Türkiyənin bölgədə reallaşdıracağı və regionda yerləşən bütün ölkələrə iqtisadi divident gətirəcək, böyük güclərin maraqlarını təmin edəcək dəyərli bir layihə olacaq. İğdır-Naxçıvan qaz kəmərinin çəkilməsi ilə bağlı imzalanan sənəd, ilk növbədə, Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayacaq və bu regionumuzun iqtisadiyyatının inkişafına böyük töhfə verəcək. Bununla yanaşı, Naxçıvanın qaz təchizatı şaxələndiriləcəkdi ki, bu da həmin sahədə riskləri minimuma endirəcək.  Zəngəzur dəhlizinin açılışı - Qars Naxçıvan dəmir yolunun və İğdır-Naxçıvan qaz kəmərinin çəkilməsi, Naxçıvanda sürətli iqtisadi inkişaf üçün geniş perspektivlər açacaq. Naxçıvan eyni zamanda Azərbaycanın bir parçası kimi böyük nəqliyyat habına çevriləcək. Bu isə regionda yeni istehsal və xidmət müəssisələrinin yaradılması demək olacaqdır".

HAZIRLADI: Afaq MİRAYİQ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR