İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakan Fidan Ukrayna ilə Rusiya arasında sülhə tərif verdi: "Ölümdən daha yaxşıdır..."

Musavat.com xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsseldə NATO xarici işlər nazirlərinin toplantısı çərçivəsində "Reuters" agentliyinə eksklüziv açıqlamasında Ukrayna-Rusiya müharibəsi ilə bağlı çox açıq və realist mövqe ortaya qoyub.

Nazir bildirib ki, sülh razılaşması “çətin həzm olunacaq", amma davam edən müharibənin gətirdiyi ölüm və dağıntı ilə müqayisədə daha məqbul görünür:

“Hər hansı bir sülh razılaşmasını həzm etmək çətin olacaq. Amma alternativə - daha çox ölüm və dağıntıya - baxanda, düşünürəm ki, istənilən sülh daha məntiqli görünür”.

Fidan qeyd edib ki, Türkiyə həm Rusiya, həm də Ukrayna ilə münasibətləri qoruyub saxlayır. Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, eyni zamanda Rusiyaya qarşı sanksiyalara qoşulmur və sabitləşdirici rol oynamağa çalışır.

Nazir həmçinin bildirib ki, Tramp nəhayət müharibəni dayandırmaq üçün aktiv siyasi gündəlik tətbiq edir. Bu da Türkiyənin regional vasitəçi mövqeyini gücləndirə bilər.

Fidan deyib ki, Avropa təkbaşına Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməz – bu, yalnız ABŞ dəstəyi ilə mümkündür.

O əlavə edib: “Əgər döyüşlərin yenidən başlamasını istəmiriksə, caydırıcı bir mexanizmə ehtiyac var”

Bundan əlavə, Fidan qeyd edib ki, Rusiya da daxil olmaqla bütün tərəflər sülh razılaşmasına əməl etməlidir. Türkiyə, 2022-ci ildə ilk sülh danışıqlarına ev sahibliyi etdiyi kimi, yeni danışıqlara da ev sahibliyi etməyə hazırdır.

Nazir Hakan Fidan Trampın ABŞ-ın transatlantik siyasətindəki dəyişikliklərini də dəyərləndirib. Onun fikrincə, Trampın yanaşması Avropanın daha müstəqil davranmasına imkan yarada bilər.

Fidan eyni zamanda ümid etdiyini bildirib ki, Tramp Türkiyənin müdafiə sənayesinə qarşı tətbiq edilən CAATSA sanksiyalarını aradan qaldıracaq. Xatırladaq ki, bu sanksiyalar Türkiyənin Rusiya istehsalı S-400 hava müdafiə sistemlərini alması səbəbilə tətbiq olunmuşdu.

“Cənab Tramp problemi həll etmə qabiliyyətinə sahibdir. Ümid edirəm ki, bu məsələni də yoluna qoyacaq”.

Musavat.com-un şərhi: Bu açıqlamalar göstərir ki, Türkiyə həm regionda, həm də NATO daxilində artan strateji rola sahibdir. Ankara həm Qərbin, həm də Moskvanın etibar edə biləcəyi azsaylı aktorlardan biri olaraq, Ukrayna böhranında sülhə gedən yolda yeni diplomatik platforma qurmağa iddialıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR