İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanı talıbovçuluqdan təmizləməyin yolu: ölkə idarəetməsində Qarabağ modeli

2020-ci ilin payızınadək ölkəmizin bir nömrəli problemi Qarabağ məsələsi idi. Nəhayət, Azərbaycan işğala son qoydu və Qarabağda artıq abadlıq işləri başlayıb. Düzdür, qarşıda hələ Xankəndi, ermənilərin yaşadığı digər ərazilərimizdə nəzarətin, idarəçiliyin bərqərar olması işləri də var. Bu, zamanla həll olunacaq məsələdir. Qarabağın bərpası, orada idarəçiliyin qurulması prosesində tamamilə yeni bir model tətbiq olundu və bu, özünü kifayət qədər doğrultmaqdadır. Bununla bağlı Prezident İlham Əliyev çox mühüm bir açıqlama verib. Onun sözlərindən belə qənaətə gəlmək olar ki, gələcəkdə bütün Azərbaycana Qarabağdakı idarəçilik modeli tətbiq oluna bilər.  

“Biz indi yeni idarəetmə modeli üzərində işləyirik. Əlbəttə, kadr potensialı çox önəmlidir. Amma eyni zamanda azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış strukturlar yaradılıb”. Bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsi zamanı deyib: “Bu təcrübəni sonra tədricən ölkəmizin digər hissələrinə keçirəcəyik” - dövlət başçısı əlavə edib. 

Azərbaycanın Qarabağdan sonrakı ən böyük problemi məhz korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı, büdcə talanı olub. Bəli, bir neçə ildir ki, dövlət başçısı bu neqativ hallarla bağlı sərt mübarizə elan edib və xeyli nazir, icra başçısı, digər müxtəlif vəzifəli şəxs həbs olunub. Ancaq ümumi idarəetmə sistemində problemlər hələ də qalmaqdadır.

Görünən budur ki, Qarabağdakı idarəetmə mexanizmi özünü doğruldub. Burada bir qeyd verək ki, bu sistem müəyyən qədər artıq Naxçıvanda da tətbiq olunmağa başlayıb. Naxçıvana Prezidentin səlahiyyətli nümayəndəsi təyin edilib. Bu modellə Naxçıvanın talıbovçuluqdan təmizlənəcəyi iddiaları kifayət qədər sağlamdır.

Faktiki olaraq Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycan həm də korrupsiya, idarəetmə sistemi ilə bağlı bəlaya da çarə tapdı!

Bu modelin üstünlükləri nədir? Birbaşa əlaqə, yoxsa başqa səbəblər, amillər də var?

Bu arada, ötən gün Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsindən azad edilib. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndinə əsasən Rafael Rza oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsindən azad olunub.

Eyni zamanda Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri də vəzifəsindən azad edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndi rəhbər tutularaq Hicran Yaqub oğlu Rüstəmov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad olunub.

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

Tural Abbaslı: “Naxçıvana səlahiyyətli nümayəndə təyin edilib, amma Naxçıvan öz konstitusiyası ilə idarə olunur”

AĞ Partiya başqanı Tural Abbaslı mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Vasif Talıbovun gedişindən sonra ümumiyyətlə Naxçıvanda ab-hava dəyişməlidir: “İnsanlar hiss etməlidirlər ki, dəyişiklik var. Onsuz da tək Talıbovun getməyi ilə Naxçıvan əhalisi bunu hiss edir. Nəzərə alsaq ki, Naxçıvan Azərbaycanın yeganə regionudur ki, həm Türkiyə ilə, həm də İranla sərhədi var. Türkiyə ilə Azərbaycan sərhədi yeganə Naxçıvandadır. Nəzərə alsaq ki, bizim Türkiyə və Azərbaycan arasındakı dövriyyə, oranın potensialı, kommunikasiya xətlərinin üzərində olması Naxçıvanın daha zəngin, daha firavan yaşamasını labüd edir. Düşünürəm ki, Naxçıvanın bu potensialından istifadə olunmalıdır. Bu istiqamət üzrə infrastrukturlar qurulmalıdır, Naxçıvan əhalisinə bu istiqamətdə bəzi güzəştlər təmin olunmalıdır. Yəni söhbət Türkiyə ilə intensiv iqtisadi əlaqələr qurulmasından gedir. Fikrimcə, idarəçilik modeli bütün Azərbaycan üzrə eyni qaydada aparılmalıdır. Tək Naxçıvan, Qarabağ, Şirvan yox. Ümumi bir konsepsiya olmalıdır. Konsepsiya da icra hakimiyyətlərinin tipində deyil. Düzdür, Prezidentin səlahiyyətli nümayəndəsi var, amma bu səlahiyyətli nümayəndələrinin də siyasi və hüquqi bazası yoxdur. Çünki Prezident Naxçıvana səlahiyyətli nümayəndə təyin edib, amma Naxçıvan öz konstitusiyası ilə idarə olunur. Orada Ali Məclis var, sədri var, özünün nazirlikləri var. Bunlar tənzimlənməlidir.  Ən vacibi isə yaxın 5-6 ay ərzində Naxçıvanda muxtariyyət ləğv olunmalıdır. Naxçıvan digər regionlar kimi Azərbaycana birləşdirilməlidir. Naxçıvanla birgə bütün rayonlar nəzarət sistemi ilə idarə olunmalıdır. Müxalifətin nəzarət imkanları artırılmalıdır. Düzdür, bu, iqtidarın vahid mərkəzdən idarəçiliyini zəiflədə bilər, amma yerlərdəki mümkün neqativ halların qarşısını alacaq”.

Azərbaycanda sosial islahatlar dövlətin əsas prioritetlərindəndir”- Tural  İsmayılov

Tural İsmayılov: “Prezidentin xüsusi nümayəndələrinin olması regionlarda məmur özbaşınalığına son qoyacaq”

Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Prezidentin xüsusi nümayəndəsi institutu bu gün özünü kifayət qədər doğruldur: “Özəlliklə Prezidentin Ağdama, Şuşaya və işğaldan azad edilmiş digər bölgələrə təyin etdiyi xüsusi nümayəndələr çox çətin bir missiyanı uğurla yerinə yetirirlər. Həmçinin ictimai rəylə bağlı aparılan araşdırmalar, sorğular və analizlər də göstərir ki, cəmiyyətin bütövlükdə Prezidentin xüsusi nümayəndəliyi institutuna böyük inamı var. Bu baxımdan, bu idarəçilik modeli yeni tətbiq edilsə də, ilkin uğurlu rüşeymlərini biz hər bir formada görür, müşahidə edirik. Hesab edirəm ki, bu uğurlar dərk edildiyindən Azərbaycanın digər bölgələrində də tətbiq edilməsi xalqın ən böyük istəklərindən biridir. Məhz Naxçıvanda da Prezidentin xüsusi nümayəndəliyinin yaradılması ölkədə idarəetmə modelində tətbiq edilən islahatların və təkmilləşdirmələrin davamıdır. Həmçinin Prezidentin bir neçə dəfə müsahibələrində söylədiyi fikirlərdən də o qənaətə gəlmək olar ki, tezliklə digər bölgələrimizdə də bu model tətbiq edilə bilər. Bütövlükdə bu modelin bir çox üstünlükləri var. İcra hakimiyyətlərindən fərqli olaraq Prezidentin xüsusi nümayəndəliyi institutu bütün işlərin vahid mərkəzləşmiş qaydada həyata keçirilməsini özündə təmin edir. Eyni zamanda bu üsul idarəetmədə daha çevik, operativ davranışları özündə ehtiva edir. Fikrimcə, özəlliklə 21-ci əsrdə bunun xüsusi əhəmiyyəti var. Bundan əlavə, Prezidentin xüsusi nümayəndəliyi institutu yerlərdə baş verə biləcək məmur özbaşınalığı, korrupsiya və rüşvətxorluğa qarşı effektiv mübarizədə də hüquq-mühafizə orqanlarına yardımçı olmaq baxımından mühüm əhəmiyyətə malikdir. İstənilən halda bu model eynidir. Hesab edirəm ki, bu modelin uğurları gələcəkdə daha çox hiss ediləcək və Azərbaycanın digər regionlarında da Prezidentin xüsusi nümayəndələrinin olması, regionlarda məmur özbaşınalığı və bəzi yarıtmaz siyasət həyata keçirən yerli icra başçılarının da əməllərinin qarşısı almış olacaq. Bir neçə rayonun icra başçısının bu günə qədər həbs edilməsi də bir nümunədir ki, idarəetmədə korrupsiya və rüşvətxorluğun qarşısının alınması, həmçinin regional məsələlərdə mərkəzi hakimiyyətlə əlaqələrin daha da gücləndirilməsi labüddür və zamanın tələbidir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR